İDMAN

"Beşiktaş" növbəti dəfə Türkiyə Super Liqasının qalibi olub

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.
Sputnik

BAKI, 15 may - Sputnik. Türkiyə Super Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.

Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” qızıl medallara iddia edirdi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” buna rəğmən bürünc mükafatla kifayətlənib. Enner Valensiya və Sərdar Azizin son dəqiqələrdəki qolları sayəsində “sarı-lacivərdlilər”in 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cıdəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.