BAKI, 11 may — Sputnik. Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova "COVID-19 xəstəliyini keçirən şəxs təkrar bu virusa yoluxa bilərmi?" sualını cavablandırıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, həkim mövzu ilə əlaqədar olaraq bildirib ki, COVID infeksiyasına yoluxmuş insanlarda xəstəlik zamanı yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir. Birinci dəfə yoluxduqdan sonra əmələ gələn bu anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və insan təkrar koronavirusa yoluxa bilir:
"Peyvənd vurduran insanlar da arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxılmalı, əllər tez-tez yuyulmalı və yaxud spirtlə silinməli, ara məsafə saxlanmalıdır, insanların sıx olduğu kütləvi tədbirlərdə mümkün qədər iştirak etməmək zəruridir".
"İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar", - deyə o əlavə edib.
Həkim bildirir ki, bu vaxta qədər COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur: "Bununla bərabər, insanın güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də, peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır".