CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həm hakim, həm də qazanclı: Okeanın o tayından gələn mesajı necə anlamalı

Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb pul qazanmaq istəyər.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Azərbaycan özəlliklə Qarabağ müharibəsində qələbə qazandıqdan sonra regional geosiyasət baxımından son dərəcə önəmli və nüfuzlu ölkə olduğunu sübut etdi. İstər Silahlı Qüvvələrinin, istər də dövlətin, istərsə də iqtisadiyyatının gücü gələcəkdə Qafqaz regionunda Azərbaycanın söz sahibi olacağını aydın şəkildə göstərdi. Təbii ki, Birləşmiş Ştatlar da bunu gördü və ABŞ Azərbaycanı yanında görmək istəyir".

Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

Bu barədə Sputnik Azərbaycan-a türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Azərbaycana hərbi yardım edilməsinə icazə verməsi barədə məlumatı şərh edərkən bildirib.

Ağar xatırladıb ki, Birləşmiş Ştatlar öz hədəfləri və mənfəətləri üçün çoxşaxəli siyasət və strategiya həyata keçirir: "Özəlliklə həm terror təşkilatları, həm dövlətdən kənar aktorlar, həm haqlı dövlətləri, həm də haqsız dövlətləri hər hansı prinsip, dəyər gözləmədən öz mənfəəti naminə istifadə etməyə, idarə etməyə və yönləndirməyə çalışır. Bu baxımdan ABŞ-ın siyasət və strategiyasını anlamaq son dərəcə önəmlidir. Əgər onun siyasət mesajını anlamasanız, ABŞ sizi öz mənfəətləri üçün istifadə edər, müəyyən müddət sonra siz onun vassalına çevrilərsiniz. Buna çox diqqət etmək lazımdır. Mən heç zaman ABŞ-la işbirliyi qurmaq olmaz demirəm, lakin ən önəmlisi bərabər hüquqda işbirliyinin olmasıdır".

Türkiyəli eksperti qeyd edib ki, Azərbaycan ABŞ üçün həm Qafqaz regionunda, həmçinin gələcəkdə Asiya ilə bağlı ortaya qoyacağı siyasət və strategiya baxımından önəmli yerə malikdir:

"ABŞ rəhbərliyi bu qərarı verməklə Azərbaycanı itirməməyə çalışır. Lakin bir şeyi unutmayaq ki, ABŞ çoxşaxəli bir siyasət və strategiya yerinə yetirir. Yəni iki düşmən gücü eyni anda dəstəkləyərək bir nəticə əldə etməyə çalışır. Rəsmi Vaşinqton həm hakim olmağa çalışır, həm də kimin qalib və məğlub olmasından asılı olmayaraq həmişə özünün qazanmasını istəyir. ABŞ-ın Rusiya ilə çox ciddi bir rəqabəti var. Bu rəqabət baxımından Azərbaycan onun üçün çox önəmli bir aktordur.

Digər tərəfdən ABŞ Çinlə də rəqabətdədir. Çinin "Bir kəmər, bir yol" layihəsi başda olmaqla bir çox məsələlərlə bağlı da ABŞ Azərbaycanla münasibətlərinin yaxşı olmasını istəyər. Digər tərəfdən ABŞ prezidenti Co Bayden sözdə erməni "soyqırımı" ifadəsi işlətməklə Türkiyə ilə yanaşı, Azərbaycanla olan münasibətlərinə də zərər vurdu. Bayden bu gedişi ilə Azərbaycanın da könlünü almağa çalışıb. Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmışdı. Böyük ehtimalla bu məsələyə də telefon danışığı zamanı toxunulmuşdu".

Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb, pul qazanmaq istəyər.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Baş aldadan çax-çax: Bayden qondarma soyqırımı tanımaqla nə etdi?

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Dövlət katibi, həmçinin qeyd edib ki, yardım beynəlxalq terrorizmə qarşı mübarizə səylərində Azərbaycanı dəstəkləmək, həmçinin bu ölkənin sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazımdır.

Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.