SƏHİYYƏ

Azərbaycanda peyvəndləməyə maraq niyə aşağıdır? Günahkar...

"Cəmiyyətdə koronavirusa qarşı vaksinasiyanı insanların hörmət etdiyi, inandığı insanlar aparmalıdır ki, əhali könüllü vaksin olunmağa maraq göstərsin"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Azərbaycan koronavirus əleyhinə vaksinasiya səviyyəsinə görə lider olsa da, ölkəmizdə Prezident İlham Əliyevin söylədiyinə görə, vaksin olunanların sayı ölkə əhalisi üzrə 17 faiz təşkil edir. Prezident öz çıxışında Azərbaycanda vaksinasiya prosesinin daha da sürətləndirilməsini tövsiyə edib. Bununla belə, hələ də ölkəmizdə koronavirus əleyhinə peyvənd olunmaqdan imtina edənlərin sayı kifayət qədərdir. Sputnik Azərbaycan ölkəmizdə vaksinasiya prosesinin daha da sürətləndirilməsinin yollarını araşdırıb.

Peyvənd vurdurmaq istəməyən şəxs rüşvət verib canını qurtarmaq istədi, lakin...

Azərbaycan Həkimləri İctimai Birliyinin idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiyaya marağın az olmasının səbəbi peyvəndlə bağlı düzgün təbliğatın aparılmamasıdır. Ə.Rüstəm deyir ki, bu gün Azərbaycanda vaksinin 1-ci dozasını vurduranlar 15 faiz, ikinci doza vurduranlar isə 10 faiz təşkil edir. Onun sözlərinə görə, peyvəndin hər iki dozasını vurduran şəxslər vaksin olunmuş hesab edilir. Ə.Rüstəm bildirir ki, bu gün ölkəmizdə vaksinasiya ilə bağlı təbliğat arzuolunan səviyyədə deyil: "Düzdür, Ermənistanda peyvəndləmə 0,7 faizdir. Amma bu onlarda istifadə edilən peyvəndin yan təsirlərinin çox olması ilə bağlıdır. Hazırda Ermənistan "AstraZeneca" vaksinindən istifadə edir. Əhalinin isə çoxu bu peyvəndə etibar etmir. Azərbaycanda isə istifadə edilən peyvəndin əks təsirləri ilə bağlı məlumatlar yoxdur. Bununla belə, əhalinin əksər hissəsi vaksin vurdurmağa maraq göstərmir. Hətta baş verən son olaylar göstərdi ki, saxta peyvənd sənədi almaq üçün can atanlar da var. Bu da onun göstəricisidir ki, ölkəmizdə vaksinlə bağlı təbliğat zəif gedir".

Ə.Rüstəm deyir ki, vaksinlə bağlı təbliğatı aparan quruma, şəxslərə cəmiyyətə inamın olması bu məsələdə böyük rol oynayır: "Bu gün vaksinasiya ilə bağlı təbliğatı aparan qurumda təmsil olunanlar karantin qaydaları ilə bağlı səhv qərarlar verənlərdir. TƏBİB nümayəndəsi Yaqut Qarayeva koronavirusa qarşı vaksinasiyanı təbliğ edir. Ona isə əhali arasında inam yoxdur. Bu mənada cəmiyyətdə koronavirusa qarşı vaksinasiyanı insanların hörmət etdiyi, inandığı insanlar aparmalıdır ki, əhali könüllü vaksin olunmağa maraq göstərsin".

Həmsöhbətimiz deyir ki, bundan əlavə vaksinasiya ilə bağlı yaş senzini də aşağı salmağa ehtiyac var: "Könüllülük prinsipi qalmaq şərtilə koronavirus əleyhinə vaksinasiya yaşı 18-ə endirilməlidir. Çünki bu gün ölkəmizdə vaksin var, amma peyvəndi vurdurmağa maraq yoxdur".

İnsanları peyvənd olunmağa inandırmaq üçün xüsusi qruplar yaradılır

Bundan əlavə, Ə.Rüstəm deyir ki, vaksinasiyada ərazi prinsipini aradan qaldırmağa ehtiyac var: "Kim faktiki harada yaşayırsa orada ona peyvənd vurdurmağa şərait yaradılmalıdır. Məsələn, Şəki sakini Bakıda yaşayırsa, hətta pasport qeydiyyatında Şəkidə olsa belə, Bakıda vaksinasiyasına imkan yaradılmalıdır. Bu sistem mərkəzləşdirilmişdir. Onsuz da vaksinlə bağlı bütün məlumatlar bir sistemə toplanır. Bütün bu məsələlər həll olunarsa, ölkəmizdə vaksinasiya daha sürətlə həyata keçirilər. Bu isə karantin qaydalarının yumşaldılmasına gətirib çıxardacaq. İsraildə artıq açıq havada maska qadağası götürülüb. Bu, məhz əhalinin vaksinasiyasının nəticəsidir".

Qeyd edək ki, bu günə qədər Azərbaycanda ümumilikdə 1456114 ədəd vaksin vurulub. Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 953545 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 502569 olub. Ermənistanda bu rəqəm 2690, Gürcüstanda 43568, Özbəkistanda isə bu rəqəm yarım milyondan çoxdur. Belarusda cəmi 328 min, Qırğızıstanda 2100 nəfər, yəni əhalinin 3 faizi peyvənd olunub.

Milli Məclisin deputatı Azər Badamov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, koronavirusa qarşı ən effektli və alternativsiz yol əhalinin peyvəndlənməsidir. Millət vəkili deyir ki, Azərbaycan vaksinləşmənin faizinə görə MDB-də birinci yerdə olsa da, əhali arasında 70-80 faiz peyvəndləməyə nail olunmalıdır. Koronavirus təhlükəsini sovuşdurmaq üçün bu çox vacib addımdır. Dövlətin məqsədi əhalinin sağlamlığının qorunmasıdır. Elə bu səbəbdən də dünya koronavirus əleyhinə vaksinlərin alınmasında bir sıra problemlərlə üz-üzə qaldığı bir dövrdə Azərbaycan bütün imkanlarını səfərbər edərək peyvənd alaraq ölkəmizə gətirir. Bu gün dünyada istehsal olunan vaksinlərin 53 faizi 30 ölkə tərəfindən alınır. Çox ölkə var ki, vaksin ala bilmədiklərindən əhali koronavirusdan əziyyət çəkir. Çox təəssüf ki, belə bir dövrdə Azərbaycanda peyvənddən yayınanlar da var. Bəşər tarixində belə infeksiyaların insanların həyatı üçün təhlükə yaratdığı anları müşahidə olunub. O zamanlarda əhalinin vaksinləşməsi ilə xəstəliklərə son qoyulub. Bu gün də koronavirusa qalib gəlmək üçün əhalinin peyvəndlənməsindən başqa alternativ yol yoxdur".

Qoca nənə ilə baba görüşə bilmək üçün peyvənd olundular

A.Badamov deyir ki bu gün vaksinlə bağlı hər hansı məcburetmə halları yoxdur. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır. Bununla belə deputat bildirir ki, daim peyvəndlənmə ilə bağlı təbliğat işləri aparılmalıdır. Dövri mətbuatda, televiziya kanallarında mütəmadi olaraq maarifləndirici verilişlərlə insanların savadı artırılmalıdır: "Təəssüf ki, biz bu gün sosial şəbəkələrdə koronavirus əleyhinə vaksinin əksinə olan çarxlar, açıqlamalar görürük. Belə açıqlamaları vaxtında müəyyən edib silmək lazımdır. Bu cür yanlış məlumatların insanların şüuruna sirayət etməsinə imkan verilməməlidir. Ən vacib işi bu istiqamətdə maarifləndirmədə görürəm. Mən və ailəm koronavirusa yoluxsaq belə, biz peyvənd olunmuşuq".

Qeyd edək ki, vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib. Bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdi.

Xatırladaq ki, ölkəmiz COVID-19-a qarşı vaksinlərin tədarükü və bölüşdürülməsi üzrə mərkəzləşdirilmiş COVAX layihəsinə qoşulan 192 dövlətdən biridir. Hazırda respublikamızda peyvəndləmə Çində istehsal olunmuş "CoronaVac" peyvəndi ilə aparılır. Yanvarın 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start götürən proses Vaksinasiya Strategiyasına uyğun olaraq respublikamızın bütün bölgələrində davam etdirilir. Azərbaycan İsveçin "AstraZeneca" şirkətinə məxsus 432000 doza "COVID-19" vaksin dərman vasitəsini alacaq. Rusiya istehsalı olan "Sputnik V" peyvəndi də Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən istifadə üçün təsdiq edilib.