Cümə günü UEFA İcraiyyə Komitəsi AVRO-2020-nin Bilbao və Dublindəki matçlarının məkanını dəyişib. Bilbaoda keçirilməsi planlaşdırılan dörd oyun Sevilyada baş tutacaq. Qrup mərhələsinin üç oyununu Dublin əvəzinə Sankt-Peterburq qəbul edəcək, 1/8 finalın oyunu isə İrlandiya paytaxtından Londona dəyişdirilib.
Avropa çempionatının Sevilya, Sankt-Peterburq və London şəhərlərinə yeni təyin edilən oyunlarıının biletlərinin satışları barədə məlumat bir qədər gec veriləcək. UEFA-nın cümə günü qəbul etdiyi qərardan sonra Bilbao və Dublindən olan bilet alıcıları AVRO-nun başqa şəhərlərə dəyişdirilən matçlarına yeni bilet satışında prioritet əlçatanlıq qazanacaqlar.
Bundan başqa, UEFA "Öz komandanın ardınca get" kateqoriyasından olan biletləri ləğv edib, çünki koronavirus səbəbindən hərəkət məhdudiyyətləri də nəzərə alınmaqla hansı komandanın AVRO-da pley-offu hansı şəhərdə oynayacağı hələ bəlli deyil. Bu kateqoriyadan olan biletlərin kvotası əvvəlki kimi komandası pley-offa çıxmış azarkeşlər üçün saxlanılacaq. Komandaları pley-offa çıxacağı təqdirdə və mövcud məhdudiyyətlər oyunun keçiriləcəyi məkana getməyə imkan verərsə, onlar biletləri sonradan ala bilərlər.
AVRO 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Bakıda "A" qrupu çərçivəsində İsveçrə və Uels, Türkiyə və Uels komandaları arasında görüşlər, həmçinin AVRO-2020-nin 1/4 final oyunlarından biri keçiriləcək.