İDMAN

Bu bəyanat Superliqanı elə "beşikdə" boğa bilər...

"Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Super Liqanın yaradıldığını bəyan ediblər.
Sputnik

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.

"UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A məlumat əldə edib ki, qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunması gözlənilir.

Həmin gün İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", İspaniyanın "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq", - deyə məlumatda bildirilir.