CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İmedis"aparatlarını gizli işlədirlər - aldanmayın! Həkimdən əhaliyə çağırış

"Nəticədə xəstələr aldadılır, maddi və mənəvi ziyana düşürlər""Nəticədə xəstələr aldadılır, maddi və mənəvi ziyana düşürlər"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə qurdun "İmedis" aparatı vasitəsilə müalicəsi barədə əhaliyə xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, infeksionist bildirib ki, bir çox həkimlər qurd xəstəliklərinin müayinə və müalicəsində dünyada klinik və elmi-tədqiqatlarla effektivliyi sübut edilməyən "İmedis" aparatından gizli istifadə etməyə davam edirlər: "Guya "İmedis" vastəsilə orqanizimdə olan qurdların növü müəyyən edilir, sonra da 5-6 seansla guya müalicə edirlər. Nəticədə xəstələr aldadılır, maddi və mənəvi ziyana düşürlər".

"Gözdə, burunda, qulaqda qurd ola bilər və bu parazitlər maskaya keçə bilər" - Ekspert

V.Cavadzadənin sözlərinə görə, hələ azmış kimi, xəstələrə ödündə lyamblya olduğu, ona görə öd kisəsinin boynunun əyildiyi deyilir. Həkim bildirir ki, lyamblyanın öd kisəsində yaşaması təsdiq edilməyib, onun yalnız vegetativ forması nazik bağırsaqda parazitlik edir: "Qaldı ki, insanların böyük əksəriyyətinin öd kisəsinin boynu anatomik cəhətcə əyri olur".

İnfeksionist müxtəlif otlardan hazırlanan qurdu tökmək üçün satılan dərmanların da effektsiz olduğunu bildirib. V.Cavadzadə deyir ki, insanlar biohelmintlərə heyvanlardan yoluxurlar. Onun sözlərinə görə, yalnız boranı tumu lentşəkilli qurdlarda köməkçi kimi təyin edilsə də, əsas vasitə yenə antiparazitar preparatlardır.

İnfeksionist bildirir ki, bağırsaq qurdlarını təmizləmək üçün guya hidrokolonoterapiyadan istifadə edirlər: "Yəni yoğun bağırsaq boşluğunu yuyurlar ki, qurdlar tökülsün. Bağırsaq qurdlarının, demək olar ki, hamısı nazik bağırsaqda yaşayır. Yəni ki, düz bağırsaqdan vurulan maye nazik bağırsağa çatmır. Əksinə olaraq dəfələrlə hidrokolonoterapiya aparılaraq yoğun bağırsağda olan saprofit bakteriyalar orqanizimdən kənarlaşdırılaraq müxtəlif patologiyalara yol açılır".

Xatırladaq ki, bir neçə il öncə "İmedis" aparatı vasitəsilə qurdun müalicəsini həyata keçirənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdılar. Buna səbəb sözügedən aparatın qurd xəstəliklərinin müayinə və müalicəsində  klinik və elmi-tədqiqatlarla effektivliyinin sübut edilməməsidir.