BAKI, 16 aprel — Sputnik, Teymur Tuşiyev. Ağdamın "Qarabağ" klubunun uşaqlardan ibarət komandasının üzvləri dünya futbol ulduzları Kriştianu Ronaldu, Neymar və Mohamməd Salahı Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarında oynamağa dəvət ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, uşaqlardan ibarət U-11 komandasının kapitanı Uğur Qurbanlı və U-10 oyunçusu Raul Hüseynlinin iştirakı ilə çəkilmiş videoçarxda yeniyetmələr öz kumirlərini – Ronaldu (Yuventus), Neymar (PSJ) və Salahı (Liverpul) əslən olduqları Ağdam və Füzuliyə dəvət etmələri əks olunur. Həmin çarx Mediaturk YouTube kanalında yayımlanıb. Hər iki yeniyetmə səbirsizliklə dünya ulduzlarından cavab gözlədiklərini bildirib.
Qeyd edək ki, Ağdamın "Qarabağ" klubu öz uşaq futbolu akademiyasına oyunçular seçməkdə davam edir. Hazırda 2009-2011-ci il təvəllüdlü uşaqların seçimi elan olunub. Seçim Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Seçimdə iştirak etmək istəyənlər klubun rəsmi saytı vasitəsilə ərizə ilə müraciət etməlidirlər.