YAZARLAR

Zorakılığın adiləşməsi: kimdir günahkar?

İnsan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.
Sputnik

BAKI, 11 aprel — Sputnik. Sosial şəbəkələrdə, xəbər saytlarında cinsi istismarla, zorlanma ilə bağlı xəbərlər gündəmə gələndə utancımdan özümə yer tapa bilmirəm. Bu cür xəbərləri oxuyanda özümü gücsüz, çarəsiz, təhqir olunmuş hiss edirəm. Hər dəfə qarşıma bu məzmunlu paylaşım, xəbər çıxanda o qədər sarsılıram ki, günlərlə keyiyirəm, ruhdan düşürəm, bəzən nəfəs almaqda da çətinlik çəkirəm. İnsan övladının qəddarlığı, xüsusilə ölkəmdə yaşayan, eyni havanı udduğum, eyni səma altında yaşadığım insanların heyvani hisslərlə, vəhşi instinktlərlə yaşaması, qəddarlaşması, hissizləşməsi məni qorxudur. Əminəm ki, neçə-neçə həssas insan mən yaşayan bu ağrılı hissləri yaşayır, həmin hadisədə zərər çəkənləri, zorakılıq qurbanlarını düşünür, düşündükcə gündə min yol yanındakı övladı, əzizləri, tanıdıqları, doğmaları üçün narahat olur. Təəssüf ki, bu cür xəbərləri tükünü tərpətmədən, zərrə qədər narahatlıq keçirmədən oxuyan, tirajlayan, reytinq xatirinə bu xəbərləri gündəmdə saxlayanlar var. Manyakların, qürursuzların və ləyaqətsiz ehtiras düşkünlərinin iyrənc əməllərini, bu qorxulu cinayətləri qeyri-peşəkar şəkildə təqdim etmək, paylaşmaq bəzi hallarda zorakılığı cəmiyyət üçün adiləşdirir. Bəzilərinin baş verənlərə reaksiyasız qalmasının bir səbəbi də bu xəbərlərin adiləşməsidir. Olduqca qorxulu, təhlükəli tendensiyadır. Zorakılığın, cinsi istismarın özü qədər, cəmiyyətin bu tip hadisələrə reaksiyasız qalması təhlükəlidir.

***

Qəbul edirəm ki, bütün cəmiyyətlərdə, hətta inkişafda bizdən çox-çox öndə olan ölkələrdə də bu cür iyrənc hadisələr baş verir. Bəli, razıyam ki, dünyanın bütün inkişaf etmiş cəmiyyətlərində bu hadisələr mediada işıqlandırılır. Ancaq hansı formada? Təbii ki, bu məsələlərdə peşəkar kodekslər gödən keçirilir, cəmiyyətin psixaloji aurası nəzərə alınır. Əlbəttə, media bu cür halları işıqlandırmalıdır. Sadəcə müharibədən yenicə çıxmış, pandemiyanın hər gün can aldığı, psixaloji gərginlikdə olan bir cəmiyyətdə bu xəbərlərin tirajlanmasında bir qayda, bir üslub tapılmalıdır. Narahatlığım medianın bu xəbərləri acgözcəsinə, bəh-bəhlə, manşetə çıxarması ilə bağlıdır. Bəzən media bu xəbərləri işıqlandırmadan hüquq mühafizə orqanlarına dəstək verməklə, onları təşviq etməklə hadisələrin açılmasına, günahkarın cəzalandırılmasına nail ola bilər. Təəssüf ki, əksəriyyət qısa müddətlik populyarlığın, məşhurlaşmağın, reytinq toplamağın arxasınca qaçır. İllərdir bu media xaosu davam edir və cəmiyyət hələ də bu faciələrdən dərs çıxarmayıb.

Məncə, insan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

***

Bu günlərdə Neftçalanın kəndlərinin birində azyaşlıya qarşı törədilən cinsi istismar olayı sadəcə dəhşətdir. Xüsusilə, zərərçəkənin bəzi yaxınlarının istismarda iştirakı, bəzilərinin isə hadisəni bilərək mane olmaması, göz yumması insanı dəhşətə gətirir. Mənəviyyatını və əxlaqını itirmiş bu cür qəddar insanlarla eyni cəmiyyətdə yaşamaq sözsüz ki, qorxulu, təhlükəlidir. İnanıram ki, tezliklə bu manyaklar, mənəviyyatını itirmiş şəhvət düşkünləri tezliklə öz layiq olduqları cəzanı alacaq. Düşünürəm ki, bu cəzalar da o qədər ədalətli, qanunlara və mənəviyyata əsaslanan şəkildə verilməlidir ki, bu cür əməlləri ağlından belə keçirənlər, çəkinməlidir.

Bir məqamı da xüsusi olaraq və ağrıyla qeyd etmək yerinə düşər: Azərbaycanda zorlanma, cinsi istismar, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri, yaxınları bəzən el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət etməkdən ehtiyat edir. Nəticədə günahkarlar cəzasız qalır, zərərçəkənlərin həyatı isə məşəqqətə çevrilir.

***

Birinci növbədə media, ictimai fəallar bu məsələləri ictimailəşdirərkən müəyyən qədər diqqətli olmalı, mənfi nümunə yaranmaması üçün, bu cür hadisələrin adiləşməməsi üçün çalışmalıdırlar. Eyni zamanda hüquq-mühafizə orqanları bu hadisələrin açılmasında, günahkarın cəzalandırılmasında fəal olmalı, insanlarda özlərinə qarşı güvən yaratmalıdır. Hər birimiz əlimizdən gəldiyi qədər ətrafımızdakı hadisələrə çevik və vicdanlı reaksiya verməli, bu cür dəhşətli hadisələrin azalması, aradan qalxması üçün çalışmalıyıq. Yaxınlarımızın, doğmalarımızın qurbana çevrilməməsi üçün, bu cür hadisələrin zərərçəkmiş qurbanalarına qarşı həssas olmalıyıq…