BAKI, 5 aprel - Sputnik, Teymur Tuşiyev. Rusiyalı idmançı Xanım Vəliyeva Azərbaycandan və Türkiyədən olan rəqibləri ilə daha asan döyüşür.
Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Vəliyeva özü deyib.
Bu yaxınlarda Budapeştdə (Macarıstan) güləş üzrə Olimpiya təsnifat turnirində maraqlı görüş baş tutub: Rusiyanı təmsil edən azərbaycanlı Xanım Vəliyeva Azərbaycanı təmsil edən bolqar Elis Manolova ilə üz-üzə gəlib. Görüş yarımfinal mərhələsindəydi və qalib finala vəsiqə ilə bərabər, Tokiodakı Olimpiya Oyunlarına da lisenziya qazanırdı. Nəticədə Olimpiadaya lisenziyanı Vəliyeva əldə etdi. O, bununla güləş üzrə Olimpiya turnirinə vəsiqə qazanan ilk azərbaycanlı qadın oldu. Qeyd edək ki, bundan öncə Olimpiya Oyunlarında Azərbaycanın qadınlardan ibarət yığması tamamilə legionerlərdən ibarət idi.
Yarımfinal görüşü 6:0 hesabı ilə Vəliyevanın xeyrinə bitsə də, Sputnik Azərbaycan-la söhbətində idmançı həmin görüşün ağır olduğunu etiraf edir:
"Mənim üçün hər döyüş həlledici idi və hamısına da bu lisenziyanı qazanacam fikri ilə çıxırdım. Elislə çoxdan tanışıq. Ancaq birgə məşqlərdə nadir hallarda güşt tuturuq. Əvvəllər yeniyetmələr arasında yarışlarda üzləşmişik, mən də qalib gəlmişəm, o da. Budapeştdəki görüşümüzün hansı hesabla bitdiyi vacib deyil, bütün digərləri kimi, ağır idi".
Qeyd edək ki, Vəliyeva Manolova ilə görüşdə dizindən zədə alıb, ancaq sonradan onun ağır olmadığı məlum olub. Onu da bildirək ki, Rusiyanın qadınlardan ibarət yığmasının məşqçilər qrupuna Azərbaycan millisinin sabiq baş məşqçisi bolqar Simeon Şterev də daxildir. Vaxtilə məhz Şterevin təşəbbüsü ilə Manolova Azərbaycan komandasına cəlb olunub. Vəliyeva deyir ki, Manolova ilə Budapeştdəki görüşə onu Şterev hazırlaşdırıb.
"Şterev mənə Manolova ilə görüşdən əvvəl bəzi tövsiyələrini vermişdi. Ancaq xalı üzərinə çıxanda yanımda başqa məşqçilər vardı, onlar birbaşa görüş vaxtı məsləhət verirdilər", - Vəliyeva qeyd edib.
O deyir ki, beynəlxalq yarışlarda Azərbaycandan olan idmançılarla dəfələrlə döyüşüb, ancaq heç vaxt psixoloji təzyiq hiss etməyib. Üstəlik, Azərbaycandan və Türkiyədən olan idmançılarla döyüşmək onun üçün çox asandır: "Günclər arasında dünya və Avropa çempionatlarında dəfələrlə Azərbaycandan olan idmançılarla qarşılaşmışam. Bu, güləşdir, fərqi yoxdur, kim hansı ölkə üçün döyüşür. Ancaq azərbaycanlı və türk idmançıları məğlub etmək mənə asandır, çünki onların məşqçilərinin nə dediklərini anlayıram. Nə qədər istəsələr də, başqa dildə məsləhət verə bilməzlər".
Qeyd edək ki, 21 yaşlı Xanım Vəliyeva Krasnoyarskda doğulub. Onun valideynləri Xanım anadan olmamışdan iki il əvvəl oraya köçüblər. Güləşlə 10 yaşından məşğul olmağa başlayıb. Tarixi vətəni Azərbaycana isə ancaq istirahətə gəlir. Azərbaycan millisinə dəvət isə heç vaxt almayıb.
İdmançı ümid edir ki, Olimpiya Oyunlarının vaxı dəyişdirilməyəcək:
"Çox ümid edirəm ki, Olimpiya Oyunlarını təxirə salmayacaqlar. Qoy azarkeşsiz olsun, amma olsun. İdmançılar bu qədər güc sərf ediblər, əgər Oyunlar baş tutmasa, daha deməyə sözüm qalmayacaq".