BAKI, 2 aprel — Sputnik. "ASG Helikopter Services" aviaşirkəti yanında Helikopterlərin əsaslı təmiri üzrə Servis Mərkəzi aviadaşıyıcıya məxsus növbəti "Mi-8AMT" tipli helikopterin əsaslı təmirini başa çatdırıb.
"ASG Helikopter Services"-dən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilib. Beləliklə, Azərbaycan ərazisində bu tip helikopterin artıq ikinci əsaslı təmiri icra olunub.
2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilib.
Aviaşirkətin bazasında tamfunksional Xidmət Mərkəzini yaratmaq fikri ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olub. Həmin layihə çərçivəsində aviaşirkətlə Rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanıb.
Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə "ASG Helicopter Services" şirkəti tərəfindən tam maliyyələşdirilməklə "Mİ" tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilib. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək Servis Mərkəzi Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcək. Qeyd etmək istərdik ki, həmin Servis Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi Regionu Ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcək. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaq.