BAKI, 2 aprel - Sputnik. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə işgüzar dəyirmi masa keçirilib.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Mikayıl Cabbarov Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu, bu ilin martından qüvvəyə minən Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacağını diqqətə çatdırıb. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis edilməsi planlaşdırılan Ticarət Nümayəndəliyi də qarşılıqlı ticarətin artmasına töhfə verəcəkdir.
Bildirilib ki, Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və rabitə sahələrində fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Hazırda Azərbaycanda qardaş ölkənin 4200-dən çox şirkəti fəaliyyət göstərir. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə də məhz qardaş Türkiyədir. Bununla belə, Azərbaycanın investisiya imkanlarının daha geniş tanıdılması məqsədi ilə Türkiyənin müxtəlif şəhərlərində “Road Show” tədbirinin təşkil edilməsi planlaşdırılır.
Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişaf imkanları barədə fikirlərini bölüşən Mikayıl Cabbarov investisiya, sənaye, nəqliyyat-logistika, İKT, rəqəmsal ticarət, kiçik və orta sahibkarlıq, turizm və s. sahələrdə əlaqələrin inkişafı perspektivlərini qeyd edib.
İşğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, xarici investorlar üçün xüsusi təşviq proqramlarının nəzərdə tutulduğu diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu vurğulayıb.
Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan bütün dünyanın pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın güclü iradə nümayiş etdirərək Qarabağı işğaldan azad etməsinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda, investisiya yatırmaqda maraqlıdır. Türkiyənin ticarət naziri həmçinin, qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür, bu potensialın reallaşdırılması üçün birgə səylərimizi daha da artıracağıq.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıblar.
Tədbirdə eləcə də, Türkiyə Əsnaf və Sənətkarları Konfederasiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi qurumların rəhbərləri Bendevi Palandökən və Məmməd Musayev imzalayıb.