YAZARLAR

Rəqəmsal demensiya: uşaq ayları da unudur, saatdan da baş çıxara bilmir

Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.
Sputnik

Hər dövrün öz xəstəliyi olur. Yüz illərlə dünyanı çiçək, taun, vəba, yatalaq kimi xəstəliklər bürüyüb. Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Rəqəmsal demensiyanıi rəsmi tibb ciddi kliniki problem kimi tanıyıb

Günümüzdə texnologiya dövrünün öz xəstəlikləri yaranıb. Hazırda rəqəmsal demensiyanıi artıq inkişaf etmiş ölkələrin rəsmi tibbi ciddi kliniki problem kimi tanıyıb. Xüsusilə Yaponiyada vəziyyətin ağır olduğu qeyd edilir, çünki texnoloji inkişaf baxımından bura Kuba kimi ölkə ilə müqayisədə bir növ gələcək sayıla bilər.

Demensiya adətən yaşlı insanlarda rast gəlinən yaddaş zəifliyidir. Müəyyən yaşdan sonra bu xəstəliyə tutulan ahıl şəxslərdə beyin hüceyrələri zəifləyir, onların arasında əlaqə itir və insan hətta adını, yaşadığı yeri unudur, ailə üzvlərini belə tanıya bilmir. Sadə dillə desək, ağlını itirir, hər gün gördüyü işlər onun üçün olmazın çətinlik törədir. Mərkəzi əsəb sisteminin tənəzzülə uğraması nəticəsində belə insanlar hər hansı bir məlumatı normal qəbul etmək imkanını itirirlər. Diqqət yayılır, yaddaş pozulur, emosional vəziyyətdə qeyri-stabillik duyulur. Daha sonra əsəbilik yaranır.

Rəqəmsal demensiya isə daha ağır keçirilir, çünki adətən daha tez yaşda baş verir. Bu günün yeniyetməsində həm yaddaş zəifliyi, həm elementar məsələnin həllində duyulan acizlik müşahidə edilir. İnformasiya bolluğu, müxtəlif mənbədən gələn məlumat axını, eyni zamanda bir neçə işi görmək ehtiyacı beyini bir növ dondurur, yəni kompüterdə gördüyümüz hal insanda da əmələ gəlir.

Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir

Rəqəmsel demensiya bir sıra əlaməti ilə seçilir. Xəstəlik artıq yaş həddi tanımır, hətta ona daha çox yeniyetmələrdə rast gəlinir. Tez aşkarlandıqda, rəqəmsal demensiyanı müalicə etmək olur, amma məsələ ciddi və kompleks terapiya tələb edir. Diqqətin yayılması, yaddaşın və sadə bacarıqların itirilməsi adi hal alır. İnsan bir növ qazandığı biliyini tam itirə bilər. Rəqəmsal demensiya nəticəsində insanda Altsheymer və Parkinson xəstəlikləri də yarana bilər. Demensiyanı yaradan səbəblər sırasında mərkəzi əsəb sisteminin üzərinə rəqəmsal yükün düşməsi də göstərilir.

Müasir insanın, xüsusilə də uşaqların hansısa formada informasiyadan qaçmaq imkanı yoxdur. Televizor bütün günü fon kimi işləyir, kompüter, smartfon və planşet kimi qurğulardan dayanmadan informasiya axını gəlir, nəticədə beyinin yüklənməsi və sistemsiz məlumatların əsəb sisteminin işini əngəllənməsi müşahidə edilir. Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir. Deyək, ayların ardıcıllığını unudur, əqrəblə işləyən saatdan baş çıxarmaqda çətinlik çəkir. Diqqəti bir məsələ üzərində toplamaq mümkünsüz olur, hər bir neçə saniyədən bir sosial mediadan mesaj gəlir, yeniyetmə gördüyü işdən ayrılıb bu mənasız mesajlara diqqət ayırmalı olur. Bir platformadan başqasına sıçrayır.

Bu xəstəliyi “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar

Rəqəmsal demensiyanın əmələ gəlməsinin səbəbi məhz informasiya yükünün çox olmasıdır. Özü də insan hansısa məsələni həlli üçün beynini işə salırsa, bunda pis bir nəsə yoxdur. Sadəcə bir-biri ilə əlaqəli olmayan məlumat axını bir növ əsəb sistemini aşılayır. İstənilən proses sistemli olmalıdır. Bu halda bilik və bacarıqlar itirilmir.

Rəqəmsal demensiya insanın əqli imkanlarının azalmasına gətirib çıxarır. Bu xəstəliyi başqa cür, yəni “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar. Rəqəmsal texnologiyalar insanı bir növ düşünməkdən çəkindirir, çünki hansısa məsələni həll etməyə ehtiyac yoxdur. Hər bir sualın cavabı axtarış sistemində var, düşünmək əvəzinə cavabı axtarıb tapmaq lazımdır. İşləməyən orqan isə tədricən “ölür”, lazımsız bir elementə çevrilir. Neyronlar arasındakı əlaqə zənciri tədricən qırılır. Özü də axtarışda tapılan məlumat adətən analiz edilmir, sadəcə “copy past” yolu ilə beyinə yüklənir. Tənqidi düşüncə tərzi və yaddaş tədricən itirilir.

Televizoru fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir

Bu bəla ilə hər hansı mübarizə yolu varmı? Əlbəttə, var. Əgər proses çox dərinə işləməyibsə, bəzi sadə metodların köməyi ilə prosesi geri döndərmək olar. Müxtəlif yaş qrupları üçün müxtəlif yanaşma tələb olunur. Yeniyetmənin kompüter və ya planşet arxasında nə qədər zaman sərf etdiyinə valideyn nəzarət etməlidir, çünki rəqəmsal asılılıqdan elə-belə yaxa qurtarmaq olmur. İnternetin torunda ilişib qalmış gəncləri bu bəladan xilas etmək üçün texniki qurğularda itirilən zamana nəzarət mexanizmi yaradılmalıdır. Əgər uşaq və ya yeniyetmə günün 8-10 saatını smartfon və ya planşetdə keçirirsə, bununla kifayətlənməyib kompüterə də baş vurursa, evdə televizor fon kimi bütün günü işləyirsə, deməli problemin artıq olduğunu etiraf etməliyik.

Nədən başlamalı? Artıq qurğuları söndürməklə informasiya axınını bir qədər azaltmaq olur. Televizor və ya radionu fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir. Daha sonra gəncin smartfon və ya planşetdə zamanı 2-3 saata kimi məhdudlaşdırmaq lazımdır. Yeniyetmənin qurğusuna xüsusi valideyn nəzarəti proqramı da yükləmək olar. Bu halda gəncin hansı kontentə girdiyini, orada nə etdiyini də bilmək mümkün olacaq. Ziyanlı və mənasız kontent uşaq psixikasına olmazın zərbə endirir. İmkan daxilində valideyn ara-sıra uşağı ilə söhbət etməklə onun problemlərini araşdıra bilər.

Smartfonu adi telefonla əvəzləməklə sosial şəbəkədən uzaqlaşmaq olar

Bundan əlavə həftədə internetsiz və televizorsuz günlər təyin etmək olar. Belə terapiya nəinki gənclərə, hətta orta və yaşlı insanlara da xeyirli ola bilər. Ailəvi olaraq dəniz kənarına, təbiətin qoynuna və ya bağa getmək olar. Həmin günlər smartfonu adi düyməli telefonla əvəzləməklə bir qədər internet və sosial şəbəkədən uzaqlaşmaq olar. Rəqəmsal həyata yox deməklə, əsəb sistemini sakitləşdirmək, neyron əlaqələrini isə gücləndirmək mümkündür. Bəzi radikal sakinlər hətta elektrik enerjisindən də istifadəyə yox deyirlər, axşamçağı  şam yandırır, yeməyi isə ocaqda bişirirlər. Daha sərt qaydalar rəqəmsal demensiyanı müalicə etmək üçün daha münasibdir.

Bəzən insana bu kiçik yerdəyişmələr kömək etmir, çünki rəqəmsal asılılıq və nəticədə yaranan əsəb pozğunluğu daha kəskin forma ala bilər. Belə halda həkimə müraciət etmək, bəzi hallarda xüsusi müalicə terapiyası qəbul etmək məsləhətdir. Hazırda daxilində heç bir rəqəmsal qurğu olmayan müalicə müəssisələri də fəaliyyət göstərir. Yeri gəlsə, belə qapalı yerlərdə bir neçə ay keçirmək lazım gəlir.

Rəqəmsal demensiya olduqca təhlükəli bir xəstəlikdir. Hər bir orqanın müalicəsi var, bircə beyindən savayı. Beyin söndüsə, bütün orqanizmin fəaliyyəti dayanır. Özü də demensiyanın ilk simptomları aşkarlandıqdan sonra insan cəmi 6-11 il yaşayır. Xəstəliyə fikir vermədikdə, müalicə almadıqda 3-4 ilə insan həyatdan gedir. Rəqəmsal demensiyanı gənclərdə erkən aşkarladıqda, xəstəliyi tam müalicə etmək olur, amma etinasız yanaşmaq olmaz, çünki onun simptomları yaşlı insanlarada rast gəlinən demensiya ilə eynidir. Müalicənin də əsasında isə beyni yoran, lazımsız informasiya axınını tənzimləmək durur. Bu, əsas qaydadır, gözlənilsə, normal həyata qayıtmaq mümkün olur.