BAKI, 31 mart — Sputnik. Teymur Tuşiyev. Azərbaycanlı velosipedçi Ayan Xankişiyeva Ümumdünya Velosiped İdmanı Mərkəzi ilə peşəkar müqavilə imzalayıb. Bu barədə Sputnik Azərbaycana Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.
23 yaşa qədər idmançılardan ibarət Azərbaycan yığmasının üzvü Xankişiyeva ilə İsveçrədə yerləşən Ümumdünya Velosiped İdmanı Mərkəzi (WCC) arasında müqavilə bu qurumla Azərbaycana Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq çərçivəsində imzalanıb. Sənədə əsasən velosipedçimiz cari ilin sonuna qədər bütün beynəlxalq yarışmalarda Mərkəzi təmsil edəcək.
Qeyd edək ki, 2021-ci ildə dünya və Avropa çempionatlarından əlavə sentyabr ayında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da çıxış edəcək.
Onu da qeyd edək ki, hər il WCC bütün dünyadan gənc, perspektivli idmançıları seçir və onlar bu idman növü üzrə aparıcı mütəxəssislərin rəhbərliyi altında məşq etmək imkanı əldə edirlər.