CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borca verilən ölü və başın ölçüsü ilə sağ qalmaq arasındakı tənasüb

O, kapitulyasiya aktının sayəsində sağ qalıb, amma bundan sonrakı taleyi başının ölçüsündən asılı olacaq. Beynin böyüklüyü insanı xilas edir, yekəbaşlıq isə əksinə…
Sputnik

7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir.

Sağ qalan planet

Havay adalarında yerləşən dünyanın ən güclü vulkanı Mauna Loa oyanmağa başladı, yaxınlıqdakı sakinlərə təxliyə üçün xəbərdarlıq edildi. İslandiyada güclü vulkan püskürməsi baş verdi. Pekində isə qum fırtınası: 428 uçuş təxirə salındı. Berlinin səması qeyri-adi buludla örtüldü. Türkiyədə, Dərəiçi kəndinin yarısını yanğın külə döndərdi. Britaniya ştammı da öz işindədir…

Prezident püskürən vulkanı yaxından izlədi - VİDEO

Cürbəcür risklərlə üzləşirik. Amma bəlkə də belə adamlara görə planet orbitindən çıxmır: Türkiyədə 83 yaşlı qadın 23 aprel - uşaqların bayramı günü oyuncağı olmayan uşaqlara hədiyyə etmək üçün istifadəsiz corablardan 1100 oyuncaq tikib.

Nəhənglər

Yer kürəsini kimin düzəltdiyini dəqiq bilmirik, amma deyəsən, onun axırına nəhəng dövlətlərin “razborkası” çıxacaq. ABŞ-ın daha öncəki prezidenti Trampın emosionallığının Bayden dövründə praqmatizm və soyuqqanlılıqla əvəzlənəcəyi proqnozlaşdırılırdı, ancaq görünən odur ki, Ağ Evin oval masasında nəsə var: onun arxasına keçən kimi prezidentlər cuşa gəlirlər. Ötən həftə Co öz rusiyalı həmkarını qatil adlandırdı. Putinin cavabı özünü çox gözlətmədi: “Mən ona sağlamlıq arzulayıram".
Və ötən həftədən ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə qərar qəbul etdi.

Ölü ilə işıq dövrü

Şuşada 29 il sonra bayram tonqalı çatıldı. Bu həm də qələbə tonqalı idi.
Münaqişəni bu vaxta qədər həll etməli olan ATƏT isə, belə görünür ki, əslində, onun birdəfəlik həllində heç maraqlı deyilmiş. Ötən həftə ATƏT sədri Ann Lindenin regiona səfəri çərçivəsində separatçıların qondarma “XİN başçısı” ilə görüşünə, onunla konfliktin həllini müzakirə etməsinə başqa ad vermək olmur. Hə, yeri gəlmişkən, İsveç parlamenti 2010-cu ilin martında 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyıb. Sələflərinin ənənələrinə sadiq qalan xanım Linde İsveçdə ikinci erməni dövləti üçün bir neçə hektar torpaq ayıra bilərmi?! Çox əvvəllər məşhur fraza var idi, istər-istəməz yada düşür: “Bu AT bu ƏT-i yeməyəcək".

Bədbəxt Ermənistan isə regional əməkdaşlığa qoşulmaqla özünü xilas etmək əvəzinə, deyəsən, 90-cı illərə qayıtmaq istəyir.
Ötən həftə Rusiya mediasının İrəvandan hazırladığı reportajda bir erməni yaddaşını qurdalayır: "1992-ci ilin noyabrından bəri evlərə elektrik enerjisi gündə 1 saat verilirdi. Mənzilə elektrik yalnız kimsə öləndə verilirdi. Həmin dövrlərin bir erməni zarafatı vardı: "İşığı yandırmaq istəyirik, ölünüzü bir günlük borc verməzsiniz?""

O əjdaha

Koronavirus diversifikasiyasını davam etdirir – yəni müxtəlif ştammlarla şaxələnir. Ən populyar ştamm – Britaniya ştammı dünyanı bürüməkdədir. O əjdahadan artıq bizdə də var. Xəstəliyə yoluxma statistikasındakı artım bayram günlərində ictimai nəqliyyatın bağlanmasına səbəb oldu. Bu münasibətlə taksi sürücülərini təbrik etmək olar.

Azərbaycanda da aşkar olunmuş Britaniya ştammının təhlükəsi açıqlandı...

Bu arada Avropanın bəzi ölkələrində koronavirusun üçüncü, hətta dördüncü dalğası müşahidə olunur. Qitənin 23 ölkəsi isə “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus peyvəndindən imtina edib. Onun tromb yaratdığı ehtimal olunur. Britaniyanın Baş naziri Boris Conson isə, deyəsən, şir ürəyi yeyib – o, 23 ölkənin imtina etdiyi vaksini vurduracaq.
Bu arada ingilisdilli ölkələrdə aparılan araşdırma nəticəsində koronavirusa görə gənclərin təxminən yarısının psixoloji baxımdan risk altında olduğu müəyyənləşib.
Görünür, kütləvi immunitet yaranana qədər gözləməli olacağıq. ABŞ-ın Florida ştatında hamiləlik dövründə koronavirusa qarşı peyvəndin ilk dozasını vurduran tibb işçisi COVID-19-a qarşı anticisimləri olan körpə dünyaya gətirib.

Mal əti

Şaxələnmə demişkən, Qarabağın azadlığı iqtisadiyyatımız üçün də yeni drayverlər qazandıracaq – bölgənin aqrar, turizm, təbii resurslarından istifadə edə biləcəyik.
Ötən ilin ilk iki ayı ilə müqayisədə ölkəmiz bu il ət məhsullarının xaricdən alışını 23,4 faiz azaldıb. Yəqin ki, bu, pandemiya ilə əlaqədar yeyib-içmək mərasimlərimizin azalması ilə əlaqədardır. Ancaq Qarabağda heyvandarlığın bərpası ilə növbəti illərdə idxaldakı azalma davam edəcək. Ermənistan isə illərdir istismar etdiyi, indi itirdiyi əkin sahələrinin kasadlığını yaşayacaq. Mal ətindən söz düşmüşkən, müharibədən sonra sosial şəbəkə səhifələrindən birində Hindistandan Ermənistana dəstək ifadə olunan postun altında azərbaycanlı istifadəçinin rəyi maraqlı idi: Azərbaycanlılar mal ətini xoşlayırlar, Kəşmir də ki Pakistandır.
Yer gəlmişkən, Azərbaycan və Pakistan bu il birgə hərbi təlimlər keçirəcəklər. İrəvanın əhvalı təlx olub. Güvəndiyi dağlara müharibədə qar yağdı: KTMT onu təbii olaraq dəstəkləmədi, Bakının dostları isə yanındadır.

Nar həyatdır

Həftənin ən səs-küylü hadisələrindən biri general-leytenant Rövşən Əkbərovun həbsi oldu.  Əkbərov 20 il əvvəl Ukraynada törətdiyi cinayət əməlinə görə saxlanıldı. Bakı və Şəmkir korpuslarının komandiri olmuş general-leytenant bu ilin fevral ayında ehtiyata göndərilib. Bu məqamda iki xatırlatmaya ehtiyac var: birincisi, onun adı İkinci Qarabağ Müharibəsində heç bir əməliyyatda hallanmayıb, ikincisi, ordu sıralarında təmizləmə aparıldığı aydın nəzərə çarpır. Dövlət başçısı xarici və yerli jurnalistlər üçün mətbuat konfransında Azərbaycanda Türk ordusunun kiçik modelini yaratmaq istiqamətində işlərə başlandığını diqqətə çatdırmışdı. Bu arada 10 min nəfərədək hərbçimizin qatıldığı hərbi təlimlər sona çatıb.
… BBC-nin bu günlərdə Laçından, Zabux kəndindən hazırladığı reportajda deyilir: Ariavanda (Zabuxu nəzərdə tutur – V.M.) ermənilər hələ də yaşayırlar, baxmayaraq ki, bura artıq Azərbaycan ərazisidir. Kəndin “başçısı” (dırnaq işarələri yazı müəllifinə məxsusdur – red.) Andranik hesab edir ki, ermənilər məğlubiyyətlə barışan deyillər və müəyyən vaxtdan sonra əraziyə nəzarət yenidən ermənilərin əlinə keçəcək.

Sosial şəbəkədə Paşinyanın yalanını ifşa elədilər

Bax belə revanşistlər Ermənistanda az deyil, odur ki, çomağı əlimizdə saxlamaq məcburiyyətində qalacağıq.
Yeri gəlmişkən, bu həmin Andranikdir ki, müharibə gedən günlərdə bu kəndə baş çəkən jurnalistlə müsahibəsində masaya bir nar və bir əl qumbarası qoyaraq demişdi: "Bu, həyat və ölümdür. Biz həyatı seçirik".
Bəli, o, kapitulyasiya aktının sayəsində sağ qalıb, amma bundan sonrakı taleyi başının ölçüsündən asılı olacaq. Beynin böyüklüyü insanı xilas edir, yekəbaşlıq isə əksinə…

Və elm!

Beyni böyük olan alimlər isə atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər. Yer kürəsinə bənzəyən GJ 1132 b adlı ekzoplanetin atmosferi ulduz radiasiyasının təsiri nəticəsində məhv olub. Lakin vulkanik aktivlikdən sonra planet öz ətrafında yeni atmosfer yarada bilib. Nəticədə planetin yeni atmosferi hidrogendən, metandan və sianid tuşusundan ibarətdir.