BAKI, 21 mart - Sputnik. Facebook sosial şəbəkəsinin istifadəçiləri Rusiyadan raketsiz Su-30 qırıcı təyyarələrinin alınması haqda danışan Ermənistanın baş naziri Nikol Paşinyana 2020-ci ilin yayında elə həmin təyyarələrin raket sınağından keçirildiyi barədə bəyanat verdiyini xatırladıblar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şənbə günü Paşinyan Yerevanın Moskvadan Su-30SM təyyarələrini alarkən onların döyüş sursatının olmadığını deyib. Facebook-da sakinlərlə görüşdən paylaşdığı videoda Paşinyan deyir ki, təyyarə mayda gətirilib. Ancaq əvvəllər o, təyyarələrin 2019-cu ilin dekabrında gətirildiyini demişdi.
Təyyarələrin raketsiz olmasına görə məsuliyyəti Paşinyan özündən əvvəlki hakimiyyətin boynuna qoyub. Onun sözlərinə görə, əgər qabaqkı hakimiyyət təyyarələri almış olsaydı, indiki də raketləri ala bilərdi.
Buna cavab olaraq Facebook-da Paşinyanın 2020-ci il iyulun 3-də paylaşdığı videonun skrini paylaşılır. Orada baş nazir əmin edirdi ki, Su-30SM qırıcıları "döyüş atışları" ilə məşq uçuşları keçirir, "hücum əməliyyatları üçün" hava-yer tipli raketlərin sınağını aparır. Həmin videoda o iddia edirdi ki, "bütün hədəflər böyük dəqiqliklə vurulub".
Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə əvvəllər Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan bəyan eləmişdi. Onun sözlərinə görə, Rusiya başqa dövlətlərə 130 km mənzilli “hava-hava” raketləri satmır. Ermənistan hökuməti bu bəyanatı təsdiqləməmişdi.