CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlətin sərvəti və sənədsiz evlər - hər kəsi sevindirmək mümkün deyil

"Əgər vətəndaş evi tikib içində yaşayırsa, həmin əmlak artıq onun mülkiyyətidir. Böyük ehtimalla o ərazidəki evlərə kompensasiya veriləcək"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Azərbaycanda sənədsiz evlərin inventarlaşdırması ilə bağlı yayılmış xəbərlər illərdir qanunsuz tikililərdə yaşayanları sevindirsə də, sən demə, sənədsiz tikililərin hər birinə sənəd vermək mümkün olmayacaq.

Fil, üstündə bülbül - Ev alanda üç yüz manatına qıymayan sonra başına döyür

İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elşad Məmmədov mətbuata açıqlamasında bildirib ki, sənədsiz evlərin gələcəkdə sənədləşdirilməsinin mümkün olub-olmadığı bütün ölkə üzrə araşdırılır. E.Məmmədovun sözlərinə görə, bölgələrdə 75 min daşınmaz əmlakın inventarlaşdırılması yekunlaşdırılıb. O bildirib ki, vətəndaşların yaşaması üçün təhlükə yaradan ərazilərdə yerləşən tikililər bu inventarlaşdırmaya daxil edilməyəcək. Onun sözlərinə görə, təhlükə təşkil edən yerlərdə - Xəzər dənizi zolağında, neft-qaz-su kəmərlərinin keçdiyi ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin, dəmir yolu xətlərinin yaxınlığında yerləşən, zəbt olunmuş yaşıllıq ərazilərdə tikilən evlərin sənədləşdirilməsi nəzərdə tutulmayıb. Digər ərazilərdə yerləşən sənədsiz evlərin inventarlaşdırılması yekunlaşdıqdan sonra hökumətə bununla bağlı təkliflər veriləcək.

Əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki təhlükə zonasında yerləşən tikililərə sənəd verilməsi nəzərdə tutulmasa da, həmin ərazilərdə yaşayan vətəndaşlara hər hansı formada kompensasiya verilməlidir: "Əgər vətəndaş evi tikib içində yaşayırsa, həmin əmlak artıq onun mülkiyyətidir. Böyük ehtimalla o ərazidəki evlərə kompensasiya veriləcək. Hətta bir müddət həmin ərazidə yaşayışa da icazə verilə bilər. Çünki vaxtilə o ərazilər boş olub. Sakinlər isə orada ev tikiblər. Ona görə də təhlükəli ərazilərlə də bağlı hesablamalar aparılacaq ki, sakinlərin ərazidən köçürülməsi sərfəlidir, yoxsa qəsəbəni köçürmək? Ola bilər ki, yüksək elektrik naqillərinin yeri dəyişdirilsin. Çünki bu ərazilərdə yüzlərlə ev tikilib. Sakinlərin əllərində hər hansı bir sənəd var. Bu, əsasən bələdiyyə sənədidir".

E.Fərzəliyev deyir ki, hansı ərazilərdə ki yaşamaq olmaz, ora təhlükəli ərazi sayılır:

"Bu gün neft ərazilərində xeyli sənədsiz tikili var. O ərazidə torpağın altında dövlətin sərvəti yatır. Bu gün neft ərazilərinin hamısı yaşamağa təhlükəli sayılmır. Neft buruqları ilə bağlı müəyyən metr məsafə var. Həmin əraziyə düşməyən evlərə hansısa formada sənəd verilə bilər. Məsələn, bu gün Badamdarda köhnə neft boruları var. O borularda neft yoxdur. Amma ərazi olaraq ora sənəd verilmir ki, neftli ərazidir. Hansı neft mancanağı işlək vəziyyətdədirsə, orada yaşayışa icazə verilməməlidir".

Ekspert bildirir ki, tikiliyə sənəd vermək üçün torpağın təyinatı tikintiyə yararlı olmalıdır: "Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər də var. Bakı və Abşeronda 500 mindən çox sənədsiz ev var ki, torpağın təyinatı tikinti üçün nəzərdə tutulmayıb. Bu evlərə sənəd verilməlidir. Çünki qərarda torpağın təyinatının dəyişdirilməsi məsələsi də yer alıb".

Qeyd edək ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə prezidentin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. 

Qeydiyyatsız evlərin sənədləşməsində Rusiya modeli - üstünlük nədədir?
Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir. Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

Bir daha xatırladaq ki, Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.