Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 15 mart — Sputnik. Norveç Dərman Preparatları Agentliyinin (DPA) baş həkimi Siqurd Hortemo və Norveç İctimai Səhiyyə İnstitutu Azərbaycanın da alacağı COVID-19 əleyhinə "AstraZeneca" vaksini ilə bağlı narahatlıq doğuran məlumat yayıb. Məlumata görə, "AstraZeneca" vaksini vurulmuş şəxslərin ağciyər arteriyasında yüksək tromboemboliya (qan damarının laxta ilə tıxanması - red.), venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomlar yaranıb. Danimarka və Norveçin "AstraZeneca"nın tətbiqini dayandırmasından öncə Avstriya qanın laxtalanmasının pozulması və ağciyər arteriyasında tromboemboliya səbəbindən ölüm faktını araşdırması üçün bu peyvəndin istifadəsinə ara verib.
Bu gün Niderland, İspaniya, Almaniya, Fransa və İtaliya da "AztraZeneca" vaksinin tətbiqini dayandırıb. İtaliyanın Biella şəhərinin prokurorluğu isə peyvənd vurulmuş musiqi müəlliminin ölümündən sonra AstraZeneca vaksin partiyasına həbs qoyub.
Qeyd edək ki, Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb. Həmin sərəncama görə, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, İsveç Krallığının "AztraZeneca" Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçirilməlidir.
Sputnik Azərbaycan "AztraZeneca" peyvəndi ilə bağlı yayılmış məlumatlardan sonra bu vaksinin ölkəmizdə tətbiqinin təhlükəsini araşdırıb.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "AstraZeneca" vaksini ilə bağlı yaranmış məlumatlar Azərbaycanda da narahatlıq yaratmaya bilmir: "Bilirsiniz ki, Azərbaycan Sinovac Biotech şirkətinin "CoronaVac" peyvəndindən sonra Rusiyanın "Sputnik V" dərman vasitəsinin və "AstraZeneca" vaksininin ölkəmizdə tətbiqini təsdiqləyib. Amma "AstraZeneca" peyvəndi alıb tətbiq edən ölkələrdən bu vaksinin yan təsirləri ilə bağlı gələn məlumatlar heç də ürəkaçan deyil. Vaksinin tromb yaratdığı, qan laxtalanmasına səbəb olduğu deyilir. Çox güman ki, Azərbaycan yayılmış bu məlumatlardan sonra "AstraZeneca" vaksinini almayacaq".
Ə.Rüstəm deyir ki, bir sıra Avropa ölkələrinin "AstraZeneca" vaksininin tətbiqini dayandırması Azərbaycan üçün də ciddi siqnaldır: "Əgər Avropa ölkələrində vaksinin çox ciddi yan təsirləri qeydə alınıbsa, Azərbaycan da bu vaksini almaqdan imtina etməlidir".
İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "AstraZeneca" vaksininin çox ciddi yan təsirləri ilə bağlı məlumatlar təsdiq olunmamış bu peyvənddən imtina etmək doğru olmaz:
"Vaksinasiyadan öncə "CoronaVac" peyvəndi ilə bağlı da eyni fikir yaradırdılar. Bütün bunlar fərziyyədir. "AstraZeneca" vaksininin zərəri hələ ki sübut olunmayıb. "AstraZeneca" peyvəndi vektor texnologiyası ilə hazırlanır. Virusun kiçik hissəciyi antigen xüsusiyyəti daşıyır, adenovirusun üzərinə yerləşdirilir. Adenovirus daşıyıcı xarakter daşıyır. Kiçik hissəcik heç vaxt tromboemboliya yarada bilməz".
V.Cavadzadə deyir ki, peyvənddən üz iflici olduğu deyilən şəxslərlə bağlı məlumat öz təsdiqini tapmayıb: "Bir müddət öncə vaksinin üz iflicinə səbəb olduğu deyilirdi. Amma araşdırma zamanı məlum oldu ki, həmin şəxslər üz iflicini əvvəldən keçirdiblər".
İnfeksionist bildirir ki, "AstraZeneca" vaksinini, ürək-damar sistemi xəstəliklərinin ciddi xroniki xəstəliyi yoxdursa, vurmaq olar: "Bu gün elə şəxslər var ki, ürəyində iki stenti var, amma ona vaksin vurulub. Trombun vaksinlə əlaqələndirilməsi sübut olunmayıb".
Məlumat üçün bildirək ki, Norveçin səhiyyə orqanları COVID-19 əleyhinə "AstraZeneca" vaksini vurulmuş üç nəfər tibb işçisinin qanaxma, tromb və trombositlərin aşağı miqdarı simptomları ilə müalicə aldığını xəbər verib.
Norveç Dərman Preparatları Agentliyinin (DPA) baş həkimi Siqurd Hortemonun sözlərinə görə, Avropa Dərman Preparatları Agentliyi (EMA) hər üç insidenti araşdırır.
AstraZeneca isə bəyan edib ki, qeydə alınmış 17 milyon doza yeridilməsi hallarının analizi ağciyər arteriyasında yüksək tromboemboliya (qan damarının laxta ilə tıxanması - red.), venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomların olmasını təsdiqləməyib.
"Faktiki olaraq COVID-19 əleyhinə AstraZeneca vaksini üçün belə qeydə alınmış hallar peyvənd almamış əhali arasında təbii olaraq baş verəcək hallardan çox deyil", - şirkətin nümayəndəsi deyib. Onun sözlərinə görə, belə meyllər və qanunayğunluqlar vaksinin sınaqları zamanı da qeydə alınmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının "AstraZeneca" vaksininin təhlükəsi barədə bütün siqnallar üzrə apardığı analizin nəticəsi isə həftə ərzində məlum olacaq. Bunu RİA Novosti-yə ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris bildirib.
Buna rəğmən qurum koronavirus əleyhinə vaksinasiyanın mümkün qədər sürətli aparılmasını məsləhət görüb. Bu barədə isə ÜST-ün İmmunizasiya və Vaksin Departamentinin rəhbəri Ketrin O`BrayenAvroparlamentin komitə iclasının dinləməsində danışıb. O, vaksinin təhlükəli olduğu barədə siqnallardan deyil, peyvənddən qabaq testdən keçmək məsələsinə toxunub: "ÜST bu barədə dəqiq mövqe bildirib - belə bir tövsiyə yoxdur. Peyvənddən öncə insanların testdən keçirilməsi zərurəti və ya tələbi vaksin alınmasında onlar qarşısına yeni bir sədd çəkir. Yoluxanların heç də hamısında xəstəliyə qarşı uzunmüddətli immunitet yaranmayacaq. Məsləhət belədir ki, yüksək risk qruplarından başlayaraq vaksinasiyanı mümkün qədər sürətli davam etdirmək lazımdır".