CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evləri olanların diqqətinə: İnventarlaşdırma necə baş verəcək?

"Bundan sonra qanunsuz tikililərin taleyi ilə bağlı qərar veriləcək. O qərar olmayana qədər qanunsuz tikililərin necə sənədləşdiriləcəyi, prosesin hansı mərhələlərlə aparılacağı barədə bir fikir söyləmək mümkün deyil"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik.Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi gözlənilir. Bu Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Həmin sənədə görə, artıq sənədsiz yaşayış evlərinin inventarlaşdırılması işi aparılır. Ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə prezidentin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

Sputnik Azərbaycan sənədsiz yaşayış evlərinin inventarlaşdırılması işlərinin hansı mərhələdə olduğunu, prosesin nə vaxtadək yekunlaşacağını araşdırıb.

Hökumət sənədsiz evlərin inventarlaşmasını aparır

Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda sənədsiz tikililərin inventarlaşdırılması işləri davam edir. Onun sözlərinə görə, bu proses hələ ki tam başa çatdırılmayıb:

"Sənədsiz yaşayış evlərinin inventarlaşdırılması işləri respublikanı əhatə edir. Bu işlər sənədsiz evlərin yerləşdiyi ərazilərin bir qismində aparılıb. Hələ elə ərazilər var ki, orada sənədsiz tikililərin inventarlaşdırılması işləri başa çatmayıb. Bu işlər tam başa çatdıqdan sonra toplanan sənədlər aidiyyatı üzrə təqdim ediləcək".

Həmsöhbətimiz bildirir ki, invertarlaşdırılmış ərazilər üzrə daha sonra çeşidlənmə işləri aparılacaq. Onun sözlərinə görə, bundan sonra dəqiq bilinəcək ki, sənədsiz tikililərin nə qədər hissəsi hansı kommunikasiya xətlərinin mühafizə zonalarına düşür:

"Yəni, çeşidlənmədən sonra sənədsiz tikililərin nə qədərinin neft, nə qədər hissəsinin su mühafizə zonalarının, istismar olunan ixrac boru kəmərlərinin, qaz təchizatı xətlərinin, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğularının, avtomobil və dəmiryollarının, Xəzər dənizinin və digər kommunikasiya xətlərinin mühafizə zonalarına düşdüyü məlum olacaq".

Şamil Abdullayev bildirir ki, sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi başa çatdıqdan sonra aidiyyatı üzrə təqdim ediləcək, tövsiyyə xarakterli hökumət qarşısında məsələ qaldırılacaq: "Bundan sonra qanunsuz tikililərin taleyi ilə bağlı qərar veriləcək. O qərar olmayana qədər qanunsuz tikililərin necə sənədləşdiriləcəyi, prosesin hansı mərhələlərlə aparılacağı barədə bir fikir söyləmək mümkün deyil. Pandemiyaya görə sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi bir az yubandı. Amma artıq işlərə yenidən başlanılıb. Yəqin ki bu ilin sonuna qədər bu istiqamətdə aparılan işlər başa çatdırılar. Təbii ki, bu yenə pandemiyanın necə davam etməsindən asılı olacaq".

Sənədsiz evlərlə bağlı müjdə - 2021-ci ildə...

Ş. Abdullayevin sözlərinə görə, infrastruktur obyektlərinə problem yaratmayan, lakin qanunsuz inşa edilmiş tikililərin bir hissəsi ilə bağlı rayon icra hakimiyyətlərində yaradılmış komissiyalar tərəfindən inventarlaşma işləri aparılıb:

"Kommunikasiya xətlərinin mühafizə zonaları NK-nın müvafiq qərarları ilə təsdiq edilib. Məsələn, Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə "Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalar"ı təsdiq edilib. Qaydalara əsasən, mühafizə zonaları gərginliyi 20 kv-a qədər olan elektrik şəbəkəsindən 10 metr, 35 kv-lıq 15 metr, 110 kv-lıq 20 metr, 150 kv-lıq 25 metr, 220 kv-lıq 25 metr, 330-500 kv-lıq 30 metr müəyyən edilib. NK-nın müvafiq qərarları ilə su mühafizə zonalarının, istismar olunan ixrac boru kəmərlərinin, qaz təchizatı xətlərinin, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğularının, avtomobil və dəmiryollarının, Xəzər dənizinin və digər kommunikasiya xətlərinin mühafizə zonaları müəyyən edilib. Qanunvericiliklə bu mühafizə zonalarında tikinti işləri icazə əsasında aparılır. Lakin buna baxmayaraq, vətəndaşlar tərəfindən icazəsiz mühafizə zonalarında yaşayış və qeyri-yaşayış obyektləri inşa edilib ki, bu da infrastrukturla bağlı müəyyən problemlər yaradır. Əmlak Məsələləri Dövlət Xidməti bu məsələlərlə bağlı geniş maarifləndirmə işləri aparır".

Ş. Abdullayev deyir ki, indidən qanunsuz tikililərin hansının sənədləşdiriləcəyi, hansının söküləcəyi barədə qəti fikir söyləmək mümkün deyil: "Çox güman ki, mədən ərazisinə və mühafizə zolaqlarına düşən tikililərlə bağlı hökumətin yanaşması belə olacaq- əgər magistral xəttin yerinin dəyişdirilməsi həmin magistral xəttin mühafizə zolağında yerləşən tikililərin sökülməsindən daha ucuz başa gəlirsə, bu halda dövlət həmin xəttin yerini dəyişdirir. Yox, əgər söküntü prosesi xəttin yerinin dəyişdirilməsindən ucuz başa gəlirsə, həmin varianta gedilə bilər. Bütün bunlar dəqiqliyi ilə müvafiq qərar verildikdən sonra məlum olacaq".

Qeyd edək ki, sənədsiz yaşayış evlərinin inventarlaşdırılması məqsədilə yaradılmış yerli ekspert komissiyalarının tərkibində yerli icra hakimiyyəti orqanları da təmsil olunur.

Rayon İcra Hakimiyyətlərindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, sənədsiz yaşayış evlərinin inventarlaşdırılması işi pandemiya olduğundan bir müddət dayandırılsa da hazırda yenidən davam etdirilir.

Sənədsiz evlər dövlət təhlükəsizliyinə problemdir - Günahkarlar nə vaxt cavab verəcəklər

Əmlak üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, inventarlaşdırılan tikililər üç qrupa bölünür:

"Birinci qrupda qeyri-təyinatı üzrə ərazilərdə inşa olunmuş tikililərdir. Buraya kənd təsərrüfatı, digər qeyri-yaşayış təyinatlı sahələrdə inşa olunmuş, tikinti prosesində heç bir sənədi olmayan tikililər aiddir. İkinci mühafizə zolaqlarına düşən, magistral qaz, su, elektrik, dəmiryolu və sairin, eləcə də mədən ərazisinə düşən evlərdir. 3-cü təyinatı üzrə istifadə olunan torpaq sahələrində tikilən evlərdir. Sənədləşmə prosesi həyata keçirilmədiyi üçün onlar da qanunsuz tikili kateqoriyasına aiddir. Bu halda dövlətin yanaşması ondan ibarətdir ki, təyinat dəyişmə prosesi artıq həyata keçirilib. Yalnız mühafizə zolağına və mədən ərazisinə düşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsində heç bir problem olmayacaq.

Mədən ərazisinə və mühafizə zolaqlarına düşən tikililərlə bağlı da yanaşma artıq mövcuddur. Əgər magistral xəttin yerinin dəyişdirilməsi həmin magistral xəttin mühafizə zolağında yerləşən tikililərin sökülməsindən daha ucuz başa gəlirsə, bu halda dövlət həmin xəttin yerini dəyişdirir. Yox, əgər söküntü prosesi xəttin yerinin dəyişdirilməsindən ucuz başa gəlirsə, həmin varianta gedilir. Amma bu halda mütləq şəkildə söküləcək qanunsuz tikiliyə görə kompensasiya ödəniləcək. Çünki cənab prezident özü də çıxışlarında bildirib ki, qanunsuz tikili yoxdur, sənədsiz tikili var. Aydın məsələdir ki, həmin tikililər inşa olunarkən, orada olan icra orqanlarının bu və digər formada rolu və razılığı olub. Bu olmadan tikinti prosesini həyata keçirmək mümkün olmazdı. Elə əmlak amnistiyasının mahiyyəti də elə budur".

Bir daha xatırladaq ki, Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.