SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevdən Ermənistanın havadarlarına: "Bizim səbrimizi sınamasınlar"

"Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar"
Sputnik

BAKI, 25 fevral — Sputnik. "İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar, demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Robert Köçəryan erməni xalqını ordunu dəstəkləməyə çağırdı

Dövlət başçısı qonşu ölkədəki durumun "memarları"nın adlarını da açıqlayıb: "Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Sonra gələn hakimiyyətin qarşısında seçim var idi – ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxacaq. Bu şansı biz verdik və mən hətta müharibə dövründə dəfələrlə demişdim ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlar və biz müharibəni dayandırırıq. Belə də oldu, tarix verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu".

"Onsuz da biz bütün torpaqları azad edəcəkdik. Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir.

Müharibədən sonrakı dövrə gəldikdə indi hər kəs görür ki, Azərbaycanda inkişaf gedir, quruculuq işləri başlayıb, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər. Hər zaman xarici nümayəndələr bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. İndi biz görürük haradadır bu milli birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar, kütləvi həbslər baş verir.

Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik", - dövlət başçısı bildirib.

Paşinyanla Rusiyanın "İskəndər" davası

İlham Əliyev son günlər Ermənistanla Rusiya arasında narazılığa səbəb olan "İskəndər" məsələsinə də münsibət bildirib: "Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb.

Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.

Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır".

Müharibədən sonra bu gün dünyada yeni reallıq yarandığını deyən Prezident qeyd edib ki, bu reallığı biz, yəni Azərbaycan xalqı yaradıb: "Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım.

Ermənistanda hərbi hissədə qarşıdurma - əsgərlər qaçdılar
 Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar.

Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik.

Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".