Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən tabeli qurumlara gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı göstərişlər verilib.
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq ƏliyevSputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, hazırda "Azəristiliktəchizat"ın 558 qazanxanası və 90 istilik məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir: "Bizə məxsus istilik mənbələrində hər hansı qəza və ya fövqəladə halın yaranması gözlənilmir".
R.Əliyev deyib ki, "Azəristiliktəchizat" ASC-nin rəhbərliyi tərəfindən bu günlərdə yaşayış binaları və obyektlərdə istiliyə olana tələbatın artacağı nəzərə alınaraq qazanxana və istilik məntəqələrindən verilən istiliyin temperatur qrafikinə uyğun artırılması tapşırılıb: "Nəqliyyat və mexanizmlərin işlək vəziyyətdə saxlanılması, gecə növbəsində çalışanların sayının artırılması, istilik mənbələrindən yarana biləcək hər hansı nasazlığın, yaxud da magistral və məhlədaxili istilik xətlərində, binaların aşağı paylayıcı istilik sistemlərində baş verə biləcək problemlərin operativ aradan qaldırılması üçün aidiyyəti İSİS-ə (İstilik Sistemlərinin İsitsmar Sahələri), qəza-təmir xidmətinə və digər xidmətlərin məsul şəxslərinə xidmət sahələrində növbətçiliyin yaradılması ilə bağlı göstərişlər verilib".
Qeyd edək ki, yaranacaq hər hansı problemlə əlaqədar olaraq 956 nömrli Çağrı Mərkəzi ilə əlaqə saxlanılması xahiş olunur.