CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narahat olmaq üçün ciddi səbəblərimiz var: hər 40 saniyənin hökmü bizi də bitirir

İnsanlar bu hadisələr barədə məsuliyyətsiz və ikrah doğuran fikirlər bildirməkdən çəkinmədikcə, intihar hadisələri cəmiyyəti təhdid etməkdə davam edəcək
Sputnik

Təəssüf ki, ölkədə intiharların sayı artır. Az qala, hər gün sosial şəbəkələrdə, xəbər saytlarında intihar xəbərləri ilə rastlaşırıq. Narahat olmağımıza, əndişələnməyimizə ciddi səbəblər var. Manşetlərdən düşməyən intihar xəbərləri əsəblərimizi daha da gərginləşdirir, müharibədən yenicə çıxmış, pandemiya ilə savaşan cəmiyyətimizdə ruh düşkünlüyü, ümidsizlik yaradır.

Şəxsən mən qarşılaşdığım hər intihar xəbərindən sonra özümü daha gücsüz, aciz, çarəsiz, günahkar hiss edirəm. İntihar - mənim dostlarımı əlimdən almış, həyatımı alt-üst etmiş dəhşətli bir kabusdur. Bu barədə qorxusuz, həyəcansız düşünə bilmirəm. Çünki intihar qərarının necə dəhşətli bir çarəsizlik olduğunu bilirəm.

İntihar dövlət komitəsini hərəkətə keçirdi: zəng vurun

İntihara cəhd edib ölənlərin iztirabını ailəsi, doğmaları, yaxınları çəkirlər. İntihara cəhd edib sağ qalırsansa, özün bütün ömrünü əzabla keçirməyə məhkumsan. Hər iki halda itirirsən, birincidə həyatını, ikincidə etibarını, nüfuzunu və gələcəyini...

İntihara cəhddən sonra sağ qalırsansa, heç nə əvvəlki kimi olmur. Ailədə, cəmiyyətdə, dost çevrəsində özünə qarşı etibarsızlığı gördükcə hər gün dəfələrlə ölüb-dirilirsən...

Həyatımın son üç ilini intihar və intihara sövq edən səbəbləri araşdırıram. Bu barədə yüzlərlə mənbəyə müraciət etmişəm. Düşdüyüm vəziyyətdən çıxış yolunu məhz özüm tapmalı olduğumu düşünürəm. Az qala, hər gün bu barədə oxuyuram və araşdırıram. Bilirəm ki, bu problem məni həyatımın sonuna qədər narahat edəcək.

***

İntihar təkcə Azərbaycan cəmiyyətinin  yox, bütün dünyanın həll etməyə çalışdığı çox ciddi problemlərdəndir. Xüsusilə pandemiya dövründə bu problem daha da aktuallaşıb.

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intihar əsri” adlandırıb.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər 40 saniyədə bir nəfər intihar edir. Olduqca qorxulu və təhlükəli statistikadır.

İctimailəşən intihar xəbərlərindən sonra qınaqlar, intihar əleyhinə fikirlər səslənir. Bəzən bir intihar hadisəsi günlərlə müzakirə olunur. Bəzən isə çox dəhşətli bir hadisənin üstündən sükutla keçirik. Ümumiyyətlə cəmiyyətin intihara münasibəti birmənalı deyil. Bu baxımdan sosial şəbəkələrdəki müzakirələrdən, intiharla bağlı polemikalardan yayınmağa çalışıram.

***

Bu günlərdə 20 yaşlı gəncin özünü binanın iyirminci mərtəbəsindən ataraq intihar etməsi, bu hadisə ətrafında başlayan müzakirələr məni yenidən bu barədə düşünməyə məcbur etdi. İntihar edən 20 yaşlı Sevil Atakişiyevanı intihar həddinə çatdırmaqda ailəsi ittiham olunur.

Təsəvvür edin, ailə öz mənasız təzyiqləri və təhdidləri ilə gənc qızın intiharına səbəb olur, onun yaşamaq haqqını əlindən alır, sonra tez-bazar hansısa bir kanala müsahibə verib ailəliklə özlərinə haqq qazandırmağa çalışırlar. Bu barədə sosial şəbəkələrdə yayılan faktlar, intihardan öncə Sevilin dostlarına, aktivistlərə yazdığı mesajlar, sosial şəbəkələrdəki paylaşımları çox mətləblərdən xəbər verir.

Hadisəni və faktları hüquq-mühafizə orqanları araşdırır, nəticələri qabaqlayıb bu hadisəyə görə sadəcə ailəni ittiham etmək fikirindən uzağam. Ancaq yayılan faktlara və müşahidələrimə əsaslanaraq ailənin bu intihar faktında günahsız olmadığını düşünürəm. Təəssüf ki, bəzən ailəmiz, yaxın çevrəmiz, dostlarımız, doğma adamımız bizi intihara sürükləyir.

Xalq artisti Sevilin intiharından yazdı, onu müzakirə edənləri sərt tənqid etdi

Bəli, bəzi intiharların əsas səbəbi yaxınımızdakı adamların laqeydliyi və diqqətsizliyidir.

Pandemiyanın tüğyan etdiyi dönəmdə bütün dünyada intihar hadisələrinin əsas səbəbi sosial problemlər, bank kreditləri, borclar, iflas edən bizneslər, qazancsız və çarəsiz qalmaqdır. Düşdüyü vəziyyətin çıxılmazlığı insanları son çıxış yolu kimi gördüyü intihara sövq edir. Təəssüf ki, cəmiyyətimizdə intiharların əsas səbəblərindən biri də mental təzyiqlər və düzgün qurulmayan ailə münasibətləri, doğmaların laqeydliyidir. Sevilin intiharında bu faktor daha qabarıq və aydın görünür.

Düşünürəm ki, baş verən intihar hadisələrinə görə cəmiyyət, media, xüsusilə sosial media ciddi məsuliyyət daşımalıdır. İnsanlar bu hadisələr barədə məsuliyyətsiz və ikrah doğuran fikirlər bildirməkdən çəkinmədikcə, intihar hadisələri cəmiyyəti təhdid etməkdə davam edəcək. İntihar hadisələrinin bu qədər gündəmdə olması, intihar xəbərlərinin həvəslə paylaşılması, insanların laqeyd və biganə münasibəti çarəsiz vəziyyətdə olub intihar haqqında düşünənlərin düşüncələrini daha da qarışdırır. İntihar xəbərlərinin bu qədər həvəslə tirajlanması, insanların bu hadisələrə çox vaxt qeyri-obyektiv münasibəti, sosial şəbəkələrdəki müzakirələr intihar hadisələrini adiləşdirir, depressiv insanların intiharla bağlı düşüncələrini körükləyir.

Bəlkə də peşəkar jurnalistikada bu tip xəbərlərin tirajlanması normaldır, amma dəqiq bilirəm ki, bu xəbərlərin canfəşanlıqla təqdim edilməsi əxlaqi baxımdan anormaldır. Hər intihar xəbəri, intihar haqqında hazırlanan televiziya süjeti, intihar edən şəxsin ailəsindən hazırlanan reportaj növbəti intihar hadisəsi üçün qığılcım rolunu oynayır. Hər müzakirə, hər ədalətsiz yanaşma intihar haqqında düşünən insanları daha da təhrik edir. Həssas və depressiyaya meylli insan olaraq “depressiya və intihar əsri”ndə sağ qalmağın qəhrəmanlıq olduğunu düşünürəm.

İntiharlarda virus davranışı - Son günlər özünəqəsdlər niyə artıb?

Ən azından, mən bu “qəhrəmanlığı” etməyə çalışıram.

***

Cəmiyyət olaraq həssas, məsuliyyətli və diqqətli olmalıyıq.

Məlum məsələdir ki, intihar qərarı aydın şüurla verilən, sağlam qərar deyil. İntihar barədə düşünənləri qıcıqlandırmaqdansa, bu barədə daha həssas, anlayışlı müzakirələr aparılmalıdır. Xüsusilə dövlət məhz pandemiya və postmüharibə dövründə insanların düşdüyü depressiv vəziyyəti analiz edib, sağlam və ciddi qərarlar vermək məcburiyyətindədir.

Bəlkə də psixoloji reabilitasiya, psixoloq və psixiatr xidmətlərini pulsuz etməyin, vətəndaşları bu şəkildə qorumağın vaxtıdır.

İtirdiyimiz hər insan cəmiyyətimizin genofonduna zərbə, gələcəyimizə təhdiddir.