Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 fevral — Sputnik. Bir müddətdir ki, sosial şəbəkələr və xəbər portallarında "Azəriqaz" İstehsalat Birliyinin sayğaclarında müəyyən nöqsanların olması iddiaları yer alır. Zaman keçdikcə sayğaclarda müxtəlif qüsurların aşkarlanması, onların işlək mexanizmlərində qüsurların olması da abonentlərin narazılığına səbəb olur. Bəzi ekspertlərin sayğaclarla bağlı səsləndirdiyi fikirlərsə cəmiyyətdə birmənalı qarşılanmır. Belə ki, "Azəriqaz" İB-nin Ölçü Cihazlarına Nəzarət Departamenti ilə gizli sövdələşməsinin olduğu barədə iddialar istifadəçilərin daha çox ağlına batır. Maraqlıdır, bu kimi iddiaların hansı əsaslı, hansı əsassızdır?
Sputnik Azərbaycan cəmiyyətdə sual doğuran bir neçə məqama aydınlıq gətirməyə çalışdı. "Azəriqaz" İB-dən bildirildi ki, sayğacların işlək mexanizmlərində qüsurların olması mümkündür: "Elə dövlət yoxlanışının 5 ildən bir təyin edilməsi də belə qüsurların aşkarlanması üçün vacibdir. Bu yoxlama prosesləri isə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin iştirakı ilə aparılır".
Məlumata görə, "Azəriqaz" İB-nin anbarında çox sayda istifadəyə yararsız sayğac var. Maraqlıdır, onların aqibəti necə olur? Qurumdan deyirlər ki, dövri yoxlama müddəti tamam olduğu üçün çıxarılan sayğaclar (əhali abonentləri üçün 5 ildən bir) növbəti dövlət yoxlamasından keçirilir. Yoxlama zamanı sayğacın xətalarının normaya uyğun olmadığı aşkarlanarsa, həmin sayğac istismara yararsız hesab olunur və Birliyin Mərkəzi Anbarına təhvil verilir: "Ümumiyyətlə, qaz sayğaclarının işlək mexanizmlərində bir müddət sonra qüsurların olması mümkündür. Bundan başqa, digər bir iddiaya cavab olaraq bildirək ki, "Azəriqaz" İB-nin Ölçü Cihazlarına Nəzarət Departamenti ilə gizli sövdələşməsi yoxdur. Bu, tamamilə əsassız iddiadır".
Qurumun rəsmi saytında yalnız bir - "İTRON" sayğacı haqda məlumatlar var. Hansı ki bunlar da mexaniki-elektronla əvəz olunmaqdadır. Lakin digər sayğaclar haqda məlumatlar yer almayıb. "Bunun səbəbi nə ilə əlaqədardır?" sualına cavab olaraq "Azəriqaz" İB-dən qeyd olunub ki, hazırda qurumun saytının yenilənməsi istiqamətində işlər aparılsa da, qaz sayğacları haqqında müxtəlif videoçarxlar hazırlanır və mütəmadi olaraq "Azəriqaz" İB-nin rəsmi "Facebook", "Instagram", "Youtube" səhifələrində, həmçinin TV-lərdə nümayiş olunur.
"Zenner" tipli sayğaclara yerli proqram təminatı quraşdırılıb. Lakin proqram təminatının kim tərəfindən hazırlanması, hansı aidiyyəti dövlət qurumu tərəfindən audit edilməsi maraq doğurur. Sorğumuza cavab olaraq eyni zamanda yeni tip sayğacların sınaq işləri haqda da məlumat verilib: "2020-ci ildə ilkin mərhələdə sınaq məqsədilə 200 ədəd qaz sayğacı quraşdırıldı. 6 ay müddətində həmin sayğaclar sınaq olundu və heç bir problem aşkar olunmadığından bu ilin fevral ayından kütləvi istifadəsinə icazə verildi. Qeyd olunan sayğacların proqram təminatına dair işləri SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tənzimləyir".
"Smart sayğaclar nə qədər dövlət vəsaiti hesabına alınmışdı?" sualına cavab olaraq, tender məsələlərinə dair geniş məlumatların SOCAR-ın rəsmi səhifəsində elan edildiyi qeyd olunub.
Bəs quruma daxil olan şikayətlər daha çox nə ilə bağlıdır? Sorğuya cavab olaraq qeyd olunub ki, son bir ayda "Azəriqaz" İB-nin "104 Operativ Xidmət" şöbəsinə müxtəlif mövzularda onlarla müraciət daxil olub: "Daxil olan müraciətlərin arasında havaların soyuq keçdiyi günlərdə qaz təzyiqi, qaz sayğaclarının istifadəsi zamanı abonentin məlumatsızlığı səbəbindən yaranan problemlərlə (koda düşmə, kartın itirilməsi, kartdakı vəsaitin yeni quraşdırılan sayğacın bazasına yüklənilməsi və s.) bağlı olub. Bir qisim abonent isə qaz təchizatı barədə informasiyaların alınmasına görə müraciət edib və dərhal cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib. Müraciətlər arasında fevral ayının birindən quraşdırılan Almaniya istehsalı olan "Zenner" markalı sayğaclarla bağlı da suallar ünvanlanıb. Belə ki, təxminən 300-dən bir qədər artıq müraciətdə yeni tip sayğaclardan istifadəyə dair məlumatlar istənilib. "104 Operativ Xidmət" şöbəsinin əməkdaşları bu cür hallarda yardımlarını ediblər və növbəti dəfə müraciətlərin operativ həlli üçün görüntülü şəkildə mesajların (+994 77) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərmələrini xahiş ediblər".
Qaz sayğaclarının ödəniş kartlarını aktivləşdirmək üçün harasa getməyə ehtiyac qalmayacaq>>
Maraqlıdır, daxil olan bu şikayətlərə əsasən nə qədər smart, nə qədər mexaniki sayğac quraşdırılıb? "Azəriqaz" İB-dən bildirilib ki, bu barədə dəqiq rəqəmlər dövlət yoxlanışı ilə bağlı sayğacların əvəzlənməsinə dair növbəti hesabat dövründə açıqlanacaq. Bu isə ilin ilk 3 ayını əhatə edəcək. Qurumdan verilən məlumata görə, bəzi abonentlər dövlət yoxlanışı zamanı əvvəlcədən ödənişli (smart-kart) sayğaclarının əvəzlənib yerinə quraşdırılan sonradan ödənişli (mexaniki-elektron) sayğacların guya qaz sərfiyyatının çox qeydə aldığını bildiriblər: "Lakin Birliyin Metrologiya Departamentində təşkil edilən "Açıq qapı" günlərində abonentlərin iştirakı ilə aparılan yoxlamalar zamanı hələ ki, belə bir fakt təsdiqini tapmayıb".