Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 16 fevral — Sputnik. "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyə görə, bu qanuna yeni anlayışlar əlavə olunur. Belə ki, 11-ci maddəyə Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin, habelə onların müavinlərinin, xüsusi nümayəndəliklərdə çalışan mütəxəssislərin vəzifələri məzmununda əlavələr edilir. Yeni qanun layihəsi fevralın 12-də Milli Məclisdə qəbul edilib.
Plenar iclasda məsələni şərh edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu dəyişikliyin Prezident İlham Əliyevin 2021-ci il 19 yanvar tarixli "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri haqqında" fərmanı ilə əlaqədar olduğunu bildirib.
Ə.Hüseynli qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra həyata keçirilən idarəetmə islahatlarının ən vacibi həmin ərazilərdə xüsusi nümayəndəlik institutunun təsis olunmasıdır: "Qısa zamanda xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Əsasnamədən də göründüyü kimi, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidini Prezident müəyyən edir. Bu qurumun işçiləri Prezident Administrasiyasının əməkdaşları və dövlət qulluqçusu sayılırlar. Məhz bu baxımdan da həmin qanuna yeni anlayışlar əlavə olunur".
O deyib ki, "Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə" ilə "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni müqayisə etsək, demək olar ki, burada kəsişən nöqtələr çox azdır, çünki funksiyalar fərqlidir: "Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə icra hakmiyyəti orqanları ilə bağlıdır. Ancaq bir neçə halda "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" "Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə"yə uyğunlaşdırılacaq. Amma bütövlükdə sənədlər tamamilə fərqlidir, funksiyalar, səlahiyyətlər və statuslar fərqlidir. Amma yeni yaradılan idarəetmə üsulu özünü doğrultsa, gələcək üçün daha effektiv görünsə, gələcəkdə Azərbaycanın digər ərazilərində də tətbiq olunması ehtimalı var. Amma hələlik heç bir halda səlahiyyətlərdə, funksiyalarda, vəzifələrdə üst-üstə düşmək elementləri mövcud deyil".
"Konstitusiya Araşdırmaları" Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyib ki, burada ən mühüm məsələ qərarların qəbul edilməsində çevikliyin təmin edilməsidir: "Quruculuq, sosial və bütün məsələlərlə bağlı bu təsisatın qərar qəbul etmək, müvafiq qurumlar qarşısında məsələ qaldırmaq səlahiyyəti var. Səlahiyyətli nümayəndə həm də ərazi üzrə təyin olunur. Həmin ərazilərin hüdudları da Prezident tərəfindən müəyyənləşdirilib. İndiki halda Şuşa şəhəri ilə bağlı bütün məsələlər səlahiyyətli nümayəndəliyin razılığı, nəzarəti altında həyata keçiriləcək".
O bildirib ki, səlahiyyətli nümayəndənin fəaliyyətinə rəhbərlik Prezident Administrasiyası tərəfindən həyata keçirildiyindən burada qərarların qəbul olunmasında ləngimə olmayacaq: "Hazırkı vəziyyət azad edilmiş bölgələrdə belə çevik idarəetmə təsisatını zəruri edib. Yerli icra hakimiyyətləri qurumları öz funksiyalarının öhdəsindən yetərli qədər gələ bilmirlər. Buna görə də ola bilsin ki, yerli icra hakimiyyəti strukturlarına yenidən baxış ortaya qoyulsun. İstisna etmirəm ki, idarəetmənin bu forması gələcəkdə digər ərazilərə də şamil edilsin. Bu cür təsisatlar bir neçə inzibati ərazini və ya həmin ərazilərin bir hissəsini əhatə edə bilər. Burada bürokratiyanın azalması prosesi baş verəcək, eyni zamanda qərarların mərkəzi icra hakimiyyətləri ilə razılaşdırılması ilə bağlı çoxsaylı prosedurlar məhdudlaşdırılacaq. Ərazilərdə məhz belə çoxsaylı aralıq mexanizmlərin olması ona gətirib çıxarır ki, bəzən aylarla qərarların qəbul olunması gecikir. Bir sıra hallarda isə ümumiyyətlə qərarlar qəbul olunmur. Yeni təsisat dövlət orqanları arasında, həmçinin dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərə yeni xüsusiyyətlər gətirəcək".
Ə.Nuriyev qeyd edib ki, bu cür təsisatların Prezident Administrasiyasına, Prezidentə birbaşa çıxışlarının olması idarəetmədə yeni alqoritmin formalaşmasına gətirib çıxaracaq: "Prezidentlə birbaşa əlaqələr quran təsisatlar olmalıdır. Hər hansı aralıq əlaqələr idarəetmənin effektliyini azaldır. Azad olunmuş ərazilərdə genişmiqyaslı və müxtəlif xarakterli işlər görülməlidir. Mövcud idarəetmə təchizatı ilə onu həyata keçirmək yetərli qədər mümkün görünmür. Həmin ərazilərlə bağlı xüsusi nümayəndəliklər təyin edildikcə, ola bilsin onların yerli icra hakimiyyətlərinin ləğvi də baş versin. Bununla bağlı müəyyən təhlillər həyata keçirilir. Bu idarəetmə sistemi Azərbaycanda yaxşı idarəetmə nümunələrindən biri ola bilər".