QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşanı azad etməyə getdi, azadlığa az qalmış şəhid oldu və 137 gün sonra tapıldı - FOTOLAR

Nəşi tapılan şəhid Bəxtiyar Aslanov ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kənd qəbirstanlığında dəfn edilib.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 fevral - Sputnik. Şuşa köçkünü olan Bəxtiyar Aslanov Vətən müharibəsinə həm də doğma ata-baba yurdunu azad etmək üçün qatılmışdı. Şuşa şəhərini azad etmək ən böyük arzusu idi. Ailəsi Naftalan şəhərində məskunlaşdığından Bəxtiyar Aslanov bu şəhərədə böyüyüb başa çatmışdı. Döyüşlərin ilk günü doğmaları ilə əlaqə saxlasa da, sonra ondan 137 gün xəbər ala bilməmişdilər.

İtkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçunun nəşi ötən gün Murovdağın Ağbaba yüksəkliyində aşkarlanıb. Müddətdən artıq xidmət edən Bəxtiyar Aslanov Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib.

Nəşi tapılan şəhid B.Aslanov ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kənd qəbirstanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak edib.