CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlər yoluxdular, mart yada düşdü - Whatsapp yenə çalxalanır

"Fevralın 15-dən məktəbə gedən şagirdlərin sayı artdığından bu, yoluxmaya təsir göstərə bilər. Bununla belə, qorxub tədrisi dayandırmaq olmaz. Məktəbləri bağlamaq virusla mübarizə üsulu deyil" - ekspert
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Fevral ayından məktəblərdə ənənəvi tədris mərhələli şəkildə başlansa da, artıq paytaxt məktəblərində koronavirusa yoluxmaya görə bağlanan siniflər var. Valideynlərin sosial şəbəkələrdə yaydığı məlumatlardan sonra mart ayında dərslərin yenidən dayandırılacağı barədə də xəbərlər dolaşır. "Whatsapp" qruplarında məlumatlar yayılır ki, mart ayının sonunda, yəni Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.

Açıq havada maskasız gəzməklə bağlı daha bir açıqlama

Sputnik Azərbaycan məktəblərdə virusa yoluxmaya görə siniflərin bağlanmasının ənənəvi tədrisin dayandırılmasına təsirini araşdırıb. Təhsil üzrə ekspert Kamran ƏsədovSputnik Azərbaycan-a bildirib ki, məktəblərdə siniflərin bağlanması ənənəvi tədrisin dayandırılmasına gətirib çıxara bilməz: "Proqnozlaşdırılmış və planlaşdırılmış tədrisin bərpası davam edəcək. Fevralın 15-dən 9-cu sinfə qədər təhsilə cəlb edilən şagird sayı 1 milyon 300 minə çatacaq. Təbii ki, bu şagirdlərin hamısı dərsə getməyəcək. Amma fevralın 15-dən məktəbə gedən şagirdlərin sayı artdığından bu, yoluxmaya təsir göstərə bilər. Bununla belə, qorxub tədrisi dayandırmaq olmaz. Məktəbləri bağlamaq virusla mübarizə üsulu deyil. Mütəmadi yoxlama aparılmalıdır. Yoluxan şəxslər yalnız təhsildən müvəqqəti təcrid olunmalıdırlar".

Ekspert bildirir ki, mart ayında dərslərin yenidən dayandırılması barədə səslənən fikirlər də doğru deyil: "Mart ayında qeyri-iş günlərinin sayı çoxdur. Ona görə də martda tədrisi dayandırmaq olmaz. Çünki martda yoluxma o qədər çox olmayacaq. Tədrisin dayandırılması mübarizə üsulu ola bilməz. Əksinə, yoluxanların təcrid olunması məktəblər açılandan sonra artacaq. Bu gün yoluxan şagird, məsələn, mağazaya gedib kimisə yoluxdurursa, məktəblərdə onlar yoxlanıldığından təcrid olunurlar".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur: "Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir. Hazırda məktəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur".

Azərbaycanda COVID-ə yoluxma sayı yenə artdı

Nazirlikdən bildirdilər ki, məktəblərdə yoluxma sayı ilə bağlı məlumat hər həftə ictimaiyyətə açıqlanır. Bu həftə olan yoluxma sayı gələn həftə ictimaiyyətə açıqlanacaq.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, siniflərdə yoluxma hallarına görə yalnız virusa yoluxma qeydə alınan siniflərin bağlanması düzgün qərardır:

"Virusa görə lokal olaraq sinifləri bağlamaq düzgündür. Nəzərə almaq lazımdır ki, mikrobun inkubasiya dövrü var. Bu müddətin keçməsi üçün sinifləri bağlamaqda, həmin sinfi dezinfeksiya etməkdə fayda var. Amma buna görə məktəbi bağlamaq doğru deyil. Onsuz da tənəffüsdə uşaqların kontaktına icazə verilmir, onların ünsiyyəti azaldılır. Əgər 10 sinfin 7-də virusa yoluxma varsa, məktəbi bağlamaq olar. 10 sinfin bir-ikisində yoluxma varsa, bağlanma lokal olmaldıır. 14-21 gün keçdikdən sonra sinifdə ənənəvi tədris bərpa oluna bilər".

Qeyd edək ki, fevralın 15-dən Bakıda V-IX sinif şagirdləri həftədə iki dəfə dərsləri məktəbdə, ənənəvi qaydada keçəcəklər.