ABŞ Xarici İşlər Nazirliyi: "Türkiyə NATO-ya zidd hərəkət edib"

Турецкие военнослужащие, фото из архива
"Ümumi prioritetlərimiz mövzusunda əməkdaşlıq axtarışındayıq və bütün müttəfiqlərimiz kimi Türkiyə ilə də fikir ayrılıqları ilə bağlı dialoq qurmağa çalışırıq"
Sputnik

BAKI, 11 fevral — Sputnik. ABŞ Dövlət Departamenti yaxın günlərdə dövlət katibi Entoni Blinkenin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi barədə məlumat yayıb. Sputnik Azərbaycan-ın "CNNTurk"-ə istinadla yaydığı xəbər görə, məlumatda S-400 Zenit Raket Kompleksi (ZRK) ilə bağlı ABŞ-ın mövqeyinin dəyişmədiyi də vurğulanır.

ABŞ XİN-in mətbuat katibi Ned Prays keçirdiyi mətbuat konfransında Türkiyə-Amerika qarşılıqlı münasibətlərini dəyərləndirib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hülusi Akar bu yaxınlarda S-300 müdafiə sisteminin üç NATO ölkəsində mövcud olduğunu açıqlayaraq S-400-dən qismən istifadə etməyi təklif etmişdi.

Ned Prays isə məsələyə münasibət bildirərək qeyd edib ki, S-400 məsələsində ABŞ-ın mövqeyi dəyişməyib. 

"Rusiya S-400-ləri NATO təchizatına uyğun deyil. NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyə bu sistemləri əldə etməklə alyansa zidd hərəkət edib", – Prays bildirib.

Mətbuat katibi ABŞ-la Türkiyənin ortaq maraqlarına diqqət çəkərək deyib:

"Ümumi prioritetlərimiz mövzusunda əməkdaşlıq axtarışındayıq və bütün müttəfiqlərimiz kimi Türkiyə ilə də fikir ayrılıqları ilə bağlı dialoq qurmağa çalışırıq".

Qeyd edək ki, keçən ilin dekabr ayında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.