Danışıq dilimizdə “səxavətli”, “comərd” sözünün qarşılığı olaraq “çörəkverən” sözünü də işlədirik. Bəri başdan deyim ki, mənim yazıçı kimi, bu sözdən zindeyi-zəhləm gedir. Çünki bu kəlimədən quldarlıq, feodalizm, təhkimçilik, minnət qoxusu alıram. Əgər nə zamansa bu sözü şifahi nitqimdə, hansısa yazımda işlətmişəmsə, həmsöhbətlərimdən, oxucularımdan dönə-dönə üzr istəyirəm. Bu sözdən diksinməyə başlamağım da sövq-təbii baş verib. Ən əttökəni isə bu sözün köməkliyi ilə yaradılan “çörəkverən kişi” söz birləşməsidir. Son illərdə isə bu söz daha çox hansısa məmur, nazir, oliqarx haqqında işlənir. Dövlətin varidatını çapıb-talayan, ona etibar edilən vəzifədən sui-istifadə edib sürətlə varlanan, imtiyazlarını zərərli məqsədlər üçün istifadə edib, bir qrup adama candərdi yaxşılıq edən adamları “çörəkverən kişi” adlandıranlar peyda olandan bu söz də, ondan yaranan söz birləşməsi də gözümdən düşüb. Bunu əlində bayraq edib bir xeyli rüşvətxora, korrupsionerə, talançıya haqq qazandıran adamlar tanıyıram.
***
Əvvəlcə ordan başlayaq ki, etik və mental olaraq kişi öz var dövlətinə, öz qazancına səxavətli, comərd davrana bilər. Dövlətin malıyla, dövlətin verdiyi imtiyazla, büdcənin puluyla “çörəkverən kişi” imici formalaşdırmaq, sonra da “çörək verdiyin” adamı minnətli, başıqapazlı eləmək nə kişiliyə sığır, nə insanlığa. Dövlətin həyata keçirdiyi islahatlar bir çox “çörəkverən kişi”ni yəni, vəzifə və imtiyaz sahibini taxtından saldı. Həbsə gedənlər, layiq olduğu cəzanı alanları ara-sra nisgillə yad edən, “bir tikə çörək”dən əli üzülən çarəsizləri anlamaq çətin deyil. Şübhəsiz ki, bu insanların həyatı ələ baxmaqla, pay gözləməklə keçdiyindən, “çörəkverən kişi”lərin azalması onların taleyindən də təsirsiz ötüşmür. Bu insanların mütiliklərini, kölə təfəkkürünü anlamaq üçün filosof olmağa ehtiyac yoxdur. Həyatda öz ağılına, savadına və gücünə inanmayan adam kiminsə mərhəmətinə möhtacdır. Düşünürəm ki, ehtiyac sahibinin vəziyyətindən sui-istifadə etmək də əclaflıq, nakişilikdir. Xüsusilə ehtiyac sahiblərinin vəziyyətindən istifadə edib, onları çarəsiz vəziyyətə salmaq, onları başıqapazlı, gözükölgəli, minnətli eləmək ədalətsiz və əxlaqsız davranışdır.
***
Dövlətin malı, mülkü, pulu, əmlakı etibarlı, dürüst və vicdanlı insanlar etibar edilməlidir ki, heç kəsin zehnində əlavə suallar yaranmasın. Dərindən araşdırdığım, yaxından tanış olduğum bir neçə prosesdə “çörəkverən kişi”lər sonunda cinayətkar kimi cəzalandırıldı və inanıram ki, tezliklə qanunu pozub dövlətə xəyanət edənlərin hamısı bir-bir cəzalandırılacaq. Bu cür cinayətkarları müdafiə etməyə çalışanların arqumenti nə qədər cılızdır: “Filankəs ədalətsizlik etsə də, “çörəkverən kişi” idi”. Belə yerdə haqlı bir sual yaranır: Bu “çörəkverən kişi” kimin çörəyini kimə verirdi? Məgər, vəzifə adamı mesenatdır?
***
Hər hansı biznesmenin, sahibkarın xeyirxahlığını vurğulayanları, onları comərdliyindən, səxavətindən danışanları anlamaq mümkündür. Ancaq vəzifədə olan məmurun mənəvi borcu məhz ədalətli və xeyirxah olmaqdır. Bu xeyirxahlıq isə qanunlar çərçivəsində, tapşırılan vəzifəni ləyaqətlə yerinə yetirməklə mümkün olur. Yoxsa rüşvət alıb, kimlərəsə “əl tutmaq”, saxta imic yaratmaqla xeyirxahlıq absurd görünür.
***
Bir daha qeyd etməyi özümə borc bilirəm; dövlətin mal-mülkünü çapıb-talayan adamları “çörəkverən kişi” adlandırıb, haqq qazandırmağa çalışmaq cahillikdir və kölə təfəkküründən qaynaqlanır. Ölkənin xoş gələcəyi üçün “çörəkverən kişi”lərə yox, işini görən, qanunlara riayət edən, dövlətini və vətəndaşlarını sevən bacarıqlı məmurlara ehtiyacımız var. Hər kəs bacardığı işi görməli, vəzifə məsuliyyətini dərk etməlidir. Çox gözəl olardı ki, ətrafınızda sizdən razı qalan vətəndaşlar, arxanızda dövlət olsun. Belə olsa özünüzü “çörəkverən kişi” kimi cəmiyyətə sırımağa, bu obrazın arxasında gizlənməyinizə ehtiyac da olmayacaq.
Ədalət və dürüstlük çörəkdən daha vacibdir, “çörəkverən kişilər”!