BAKI, 10 fevral — Sputnik, İrina Badmayeva. Neft bazarında nikbinlik hökm sürür. Bir barelin qiyməti 61 dolları keçib. Neft sənayesi böhran ilindən sonra bərpa olunur. Analitiklər artan tələbin fonunda yaşıl enerjiyə keçməyə tələsməyən Asiya ölkələri səbəbindən artımın yumşaq xarakter daşıyacağını təxmin edirlər, ancaq Avropa İttifaqı və Yaponiya vəziyyəti dəyişə bilər. Hadisələrin necə inkişaf edəcəyi barədə - RİA Novosti-nin növbəti məqaləsində.
Pandemiyanın "qara qızıl"a vurduğu zərbə
Pandemiya neft sənayesinə ağır zərbə vurdu. Sənaye müəssisələri işini dayandırdı, nəqliyyat və hava daşımaları azaldı. Əsas neft məhsulu olan yanacağa tələbat kəskin şəkildə aşağı düşdü. Buna görə də OPEC+ ölkələri neft hasilatını azaltmaq qərarına gəldi. Məsələn, Rusiya 8,5 faiz. Bu barədə Baş nazirin müavini Aleksandr Novak Vladimir Putinlə görüşündə məlumat vermişdi. Əvəzində aprelin axırından iyunun ortalarına kimi neftin bir barelinin qiyməti 20 dollardan 40 dollara qalxdı. OPEC+ ölkələri ilə yanaşı, İran da Amerika sanksiyaları ucbatından hasilatı sutkalıq 2,8 milyon bareldən 0,3 milyona qədər azaltdı.
Dekabrda artıq neftin bir bareli 52 dollara satılırdı. Sonra koronavirusun yeni ştammı və karantin tədbirləri ilə bağlı xəbərlər qiyməti yenidən aşağı saldı. İndi təkrar bərpa dövrü başlayıb. Fevral ayı boyunca qiymət sabit şəkildə artır. "Brent" plankanı 61 dollara qədər qaldırıb. Sonuncu dəfə bu rəqəm ötən ilin yanvar ayının 7-də qeydə alınmışdı.
Hər şey OPEC-dən asılıdır
Bununla belə, OPEC tələb və təklifi nəzərə alaraq hər ay kvotalara yenidən baxır.
"Bu yanaşma bazar iştirakçılarına sakitləşdirici təsir göstərir. Onlar peyvəndin təsirsiz qalması şəraitində kartelin dəstəyinə ümid bəsləyirlər", – deyə Ali Maliyyə İdarəetməsi Məktəbinin Analitik tədqiqatlar bölməsinin rəhbəri Mixail Koqan vurğulayır.
OPEC+ ölkələri yanvar ayından etibarən hasilatın gündəlik iki milyon barel artırılması təklifini rədd etdilər. Ancaq Rusiya və Qazaxıstana istehsalı bir qədər artırmağa icazə verildi. Qalanları könüllü olaraq fevral-mart aylarında gündəlik 1,425 milyon barel nefti bazardan çıxaracaq. Üstəlik, bu yanacağın bir milyonu Səudiyyə Ərəbistanının payına düşür. Bu vədlərin fonunda isə neft bahalaşmağa davam edir.
Bununla belə, analitiklər kəskin qiymət artımı proqnozlaşdırmır. İlk növbədə ona görə ki, əvvəlki kimi neft ehtiyatları kifayət qədərdir – bütün dünya üzrə bir milyard bareldən çox. Üstəlik, Liviya da tədarükü artırır. İranın da bazara neft çıxaracağı istisna olunmur. "Liviya nefti artan tələbi "udmağa" qadirdir. İran nefti isə OPEC+ ölkələrinin neft siyasətində düzəlişlər etməsinə səbəb ola bilər. Ancaq bu Vaşinqtonla Tehranın mövcud fikir ayrılığını aradan qaldırarsa, baş verə bilər", – deyə Koqan qeyd edir.
Onun fikrincə, yaxın aylar ərzində neftin qiyməti 52-64 dolar arasında olacaq.
Asiyalılar neft bazarını dəstəkləyəcəklər
İqtisadiyyatının daha sürətlə bərpa olunduğu Asiya ölkələri neft bazarına daha çox dəstək verəcək. Beynəlxalq Enerji Agentliyi 2021-ci ildə Çində tələbin gündə 745 min, Hindistanda 380 min barel artacağını proqnozlaşdırır.
Üstəlik, Çin və Hindistan neftayırma zavodlarına gözləniləndən daha çox yanacaq lazım gələ bilər. Bu ölkələr heç də "yaşıl enerji"yə keçməyə tələsmirlər.
"Nə qədər ki, təyyarə və gəmilər alternativ enerji mənbələri ilə işləmir, neftin başqa yanacaq növü ilə əvəzlənməsindən söhbət gedə bilməz. Buna görə də ABŞ Enerji Nazirliyinin 2050-ci ilə qədər xammal qiymətlərinin 173 dollara yüksəlməsi ilə bağlı proqnozu xeyli real görünür. Bu, 2008-ci ildəki ən yüksək göstəricidən belə çoxdur (147). Düzdür, ən yaxşı ssenari bir barel üçün 95 dollar, ən pis ssenari isə 48 dolları nəzərdə tutur. "Yaşıl enerjinin" yayılması ilə, istənilən halda, karbohidrogenlərə olan tələbat tədricən azalacaq", – bu isə "Fond Kapitalı" investisiya şirkətinin analitiki Daniil Bolotskixin fikridir.
Beləliklə, Almaniya 2030-cu ilə qədər enerji sektorundakı bərpa olunan mənbələrin payını iki dəfə artırmağı planlaşdırır. Yaponiya 2025-ci ilə qədər daxili yanma mühərriklərini elektrik mühərrikləri ilə əvəzləməyə hazırlaşır.
Odur ki, hər ehtimala qarşı Rusiya neftin qiymətinin artmasına güvənməsə, yaxşıdır. Digər tərəfdən, qiymət 173 dollara qalxsa belə, sanksiyalar qüvvədə qalacaq. Buna görə də on illərdir müzakirə olunan iqtisadiyyatın şaxələndirilməsi məsələsi hələ də aktuallığını qoruyub saxlayır.