BAKI, 6 fevral — Sputnik. Heydər Əliyev Fondunun dəstəyi ilə "Koxlear implantasiya" proqramı çərçivəsində bir qrup eşitmə qüsuru olan şəxslərin əməliyyatı həyata keçirilib. Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq eşitmə qüsuru olan şəxslərin pulsuz muayinələri təşkil edilir, daha sonra təyinatı olan şəxslər əməliyyata cəlb edilirlər.
Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.
Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.
Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.
Xatırladaq ki, Heydər Əliyev Fondu "Koxlear implantasiya" proqramını 2015-ci ildə həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib. Bu günədək Fondun proqramı çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub.