Asiyanın ucqarında, dünyanın digər hissəsindən fərqli, qapalı və ənənəvi mədəniyyətə sahib bir ölkədir Koreya. Dünyanın ucqarındakı bu ölkənin özünəməxsus mədəniyyəti və ədəbiyyatı ölkəmizdə az tanınsa da, olduqca zəngin və maraqlıdır.Yazımızın girişindəcə bir məsələni ayırd edək, Koreya ədəbiyyatı dedikdə, hansı Koreya nəzərdə tutulur? Biz Koreya ədəbiyyatından bəhs edərkən Şimali Koreyanın, yoxsa Cənubi Koreyanın ədəbiyyatını nəzərdə tuturuq? Adətən ədəbi diskurslarda Koreya ədəbiyyatı deyərkən, məlum səbəblərdən Cənubi Koreya ədəbiyyatı nəzrdə tutulur. Elə bu yazıda da, “Koreya ədəbiyyatı” deyərkən biz Cənubi Koreya ədəbiyyatını nəzərdə tuturuq.
Tanınmış Koreya ədəbiyyatçıları, eyni zamanda koreya ədəbiyyatının araşdırmaçıları hesab edir ki, müasir Koreya ədəbiyyatı 1894-cü il burjua islahatlarından sonra formalaşmağa başlayıb, 1905-ci ildə yeni mərhələyə qədərm qoyub, lakin ölkənin müstəmləkədən azad edilməsinin ardınca xalqın bölünməsi ədəbiyyatın da parçalanmasına səbəb olmuşdur.
Koreya ədəbiyyatı öz inkişafını müstəmləkə şəraitində, kənar təsirlərin olduğu dövdə belə davam etdirib. İlkin mərhələdə “qərb tipli modernləşmə”ni təbliğ edən Koreya ədəbiyyatı zaman keçdikcə istiqamətini və mahiyyətini dəyişməyə başladı. Növbəti mərhələdə Koreya ədəbiyyatında ənənəvi cəmiyyətin təməllərinin məhv olmasını və yapon müstəmləkəçiliyini üstüörtülü şəkildə tənqid edən, sol meyillərdən imtina edən, realizim və xalq ənənələrə sadiq, folklor təməli güclü olan mistik ədəbiyyat paralel şəkildə inkişaf edib. Bu gün dünyada özünəməxsus yeri və çəkisi olan Koreya ədəbiyyatı ənənələri və folkloru əsas götürərək, mistik mövzularla fərqli bir aura yaradır.
Hər bir ölkənin ədəbiyyatının öz xüsusiyyətləri var. Ancaq bütün kriteriyaları ilə, Koreya ədəbiyyatı tamamilə spesifikdir. Düşünürəm ki, Koreya ədəbiyyatının fərqli və spesifik olmasının bir səbəbi də, bu Şərq ölkəsinin parçalanmasıdır. Xalqın, ölkənin parçalanması ilə, Koreyada ədəbiyyatdakı ideoloji parçalanmanı ifadə edən "pundan munxaq” (parçalanmış xalqın ədəbiyyatı) termini populyarlaşıb.
Ötən əsrin sonlarında dünyada, eləcə də postsovet ölkələrində Koreya ədəbiyyatına marağın böyük olduğunu deyə bilmərik. Bu baxımdan Koreya ədəbiyyatı ölkəmizdə digər xalqların ədəbiyyatı qədər populyar olmayıb.
2014-cü ildə London Kitab Yarmarkasında, 2017-ci ildə İstanbul Kitab Yarmarkasında qonaq ölkə Cənubi Kareyanın olması bu ölkənin ədəbiyyatına diqqəti daha artırdı. Hazırda Cənubi Koreya ədəbiyyatı və mədəniyyəti bütün dünyada çox ciddi şəkildə maraq doğurur. Müasir Koreya ədəbiyyatının dünyada tanınması və sevilməsində Xvan Son Yenin, Kim Sın Okın, Li Mun Yel, Şin Kyon Sukun böyük rolu olsa da, 2016-cı ilin “Man Buker” Mükafatının qalibi Han Kanq ölkəsinin ədəbiyyatının tanınmasında çox böyük rol oynayıb. Müəllifin Azərbaycan dilinə də tərcümə edilən “Vegeterian” romanı həm ona, həm də Koreya ədəbiyyatına dünyada şöhrət qazandırdı.
Ölkəmizdə də son dönəmlər Koreya ədəbiyyatına maraq göstərildiyini deyə bilərik. “Qanun” Nəşriyyatı Han Kanqın “Vegeterian” romanını, TEAS Press Nəşriyyatı isə Hvanq Sok Yonqun “Şahzadə Bari” romanını tərcümə edərək, oxuculara təqdim edib. Müəyyən elektron resurslarda Koreya folklorundan, poeziyasından və nəsrindən edilmiş tərcümələrlə rastlaşmağımız da sevindiricidir. Koreya ədəbiyyatı ilə ilkin tanışlığım Han Kanqın “Vegeterian” romanı ilə başlasa da, sonradan Koreya dilindən türk, ingilis və alman dilinə tərcümə olunmuş müxtəlif müəlliflərlə tanış oldum. Eyni zamanda etiraf edim ki, spesifik, ənənəvi olduğu üçün Koreya mədəniyyətinə, kinosuna, incəsənətinə xüsusi maraq göstərirəm. Bəlkə də xalq olaraq oxşar taleyi yaşadığımız koreyalıların mədəniyyətinə olan marağım “parçalanmış xalq” taleyinin ortaqlığından qaynaqlanır.
Müasir Koreya ədəbiyyatının ən yaxşı romanlarından biri, heç şübhəsiz ki, Hvanq Sok Yonqun “Şahzadə Bari” romanıdır. Ədəbiyyat üzrə Nobel Mükafatçısı Kenzaburo Oe, Hvanq Sok Yonqu “Asiyanın ən güclü səsi”, “Şahzadə Bari” romanını isə “Asiya qitəsini silkələyən ən güclü romanlardan biri...” hesab edir. Hvanq Sok Yonq Çində doğulub, Vyetnam müharibəsində iştirak edib, sürgün həyatı yaşayıb, həbsdə olub və siyasi aktivistlik edib. Müəllifin yaşadığı həyatın ağırlığını məhz haqqında danışdığımız romanda da hiss etmək mümkündür.
“Şahzadə Bari” romanın qəhrəmanı müxtəlif səbəblərdən doğulduğu yeri tərk etməyə məcbur qalan, qürbətdə yaşamağa məhkum olan milyonlarla mühacirdən biridir. Şimali Koreyanın ucqar şəhərlərindən birində – Çonqcində illərlə oğlan övladı arzulayan ailənin yeddinci qız övladı dünyaya gəlir. Ailəsini çətinliklə dolandıran altı qız atası, yeddinci övladının da qız olmasından bərk əsəbiləşir və qızını meşəyə atır. Nənəsinin köməkliyi ilə tapılan körpə qızcığaza Koreya əfsanələrindən birinin qəhrəmanının – Şahzadə Barinin adını verir. İnsanların taleyini oxumaq qabiliyyətinə yiyələnən Barinin taleyi, adını daşıdığı Şahzadə Bariylə oxşardır. Siyasi proseslərin qızışmasından sonra Koreyada minlərlə uşaqdan biri olan, bu çəkişmələrdə, aclıqda və səfalətdə ailəsini itirən Bari, böyük məhrumiyyətlərlə öz həyatı üçün mücadilə aparır. Yaşadığı yeri tərk edərək, müxtəlif şəhərlərə, daha sonra Çinə üz tutur. Çində qarşılaşdığı iyrənc hadisələr onu vətənindən çox uzaqlara, qərb dünyasına aparıb çıxarır. Şahzadə Bari dirilik suyunu, həyat iksirini tapmaq üçün uzaq səfərə çıxdığı kimi, kiçik və zavallı Bari də uzun və uzaq və çətinliklərlə dolu səfərə çıxır.
Onun bu səfər ərzində yaşadıqları, mühacirətin və köçkünlüyün ağrılı tərəfləri az qala hər səhifədə oxucunu sarsıdır. İnsan faciəsini bu qədər ciddi şəkildə işləyən və dərindən duyan müəllifin mistika və reallıq arasındakı nağılvari üslubu oxucunu Barinin səfər yoldaşına çevirir. Qəhrəmanın yaşadıqları çox böyük insanlıq faciəsinə – yurdsuzluğa, mühacirliyə, tənhalığa ciddi mənada işıq tutur. Müəllifin Koreya xalq mahnısından romana seçdiyi epiqrafda deyildiyi kimi: “Aydın mavi səmada kiçik ulduzlar qədər, bizim həyatımızda kədər də çoxdur”. Və oxucu “Şahzadə Bari”ni oxuyarkən bu kədəri iliklərinə qədər hiss edir.
Müəllif, qədim Koreya əfsanəsinin motivlərini özündə ehtiva edən bu roman vasitəsi ilə, bu günümzə, insan övladının amansızlığını, əxlaqi deqredasiyanı, cəmiyyətin biganəliyini, dünyanın yaşamaq üçün nə qədər çətin bir yer olduğunu gözlər önünə sərir. Hvanq Sok Yonq öz müasir nağılında müasir dünyanın ikili standartları ilə yanaşı, mübarizənin də əhəmiyyətini gözardı etmir.
Əsərdə diqqətimi çəkən məqamlardan biri də, müəllifin islam dininə və mədəniyyətinə ehtiramla yanaşması, qərb dünyasında müsəlmanlara qarşı yersiz önyarğını özünəməxsus şəkildə tənqid etməsidir. ABŞ-da baş verən “11 sentyabr” teraktı, ABŞ-ın Əfqanıstana qoşun yeritməsi, adı çəkilməsə də Quantanamoda müsəlman əsirlərə münasibət, İngiltərədə müəsəlmanların və digər mühacirlərin yaşadığı məhrumiyyətlər kifayət qədər aydın şəkildə tənqid edilir. Asiyanın ucqarında doğulan və heç bir dinə inanmayan, mistik güclərə sahib olan koreyalı Bari, çətin günlərində müsəlman Əbdül babaya sığınır, onun nəvəsi ilə ailə qurur. Eyni zamanda tək allaha inanan Əbdül babanın mənsub olduğu islam dini ilə, öz ənənəvi inancı arasında oxşarlıqlar tapır. Yazıçı Hvanq Sok Yonqun müsəlmanlara isti münasibətini, dinlər və mədəniyyətlər arasındakı oxşarlıqları, multikultural dünyaya, birliyə, bərabərliyə çağırış kimi qəbul edə bilərik.
Həyatın ən çətin sınaqları ilə üzləşən Bari yad ölkədə ümidini itirmir. Mistik motivasiya fonunda; “İnsanın özünün yaşamaq əzmi olmalıdır. Yalnız bu təqdirdə başqaları sənə inanıb köməklik edər.” – öyüdünü unutmur, bağışlamağın, əfv etməyin ən böyük insani məəziyyət olduğunu dərk edərək, ümidlə mübarizəsini davam etdirir və qalib gəlir...
Oxucuda buraxdığı ciddi təəssüratı, təhkiyəsini, üslubunu, aktuallığını nəzarə alsaq, “Şahzadə Bari” romanını Koreya ədəbiyyatının ən yaxşı nümunələrindən biri hesab etmək olar.