SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranın zərif planı – Cənub qonşumuz niyə fəallaşıb?

İran həm də Qərbin regionda aktivliyinin qarşısını almaq üçün fəallaşmaq siyasətini yeridir. Bunun üçün də regionun digər aparıcı ölkələri olan Rusiya və Türkiyə ilə də anlaşmağa çalışır
Sputnik

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Ötən həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. 

Çavuşoğlu Qarabağ barədə: "Həll edək dedik, amma kimsə yanaşmadı. Niyə?"
İran xarici işlər nazirinin regionun digər ölkələrinə səfərləri, keçirdiyi görüşlər və müzakirə edilən məsələlər bu ölkənin regionda gedən proseslərdə aktiv rol oynamağa çalışdığını göstərir. Onu da qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 29-da İstanbulda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında digər liderlərin Azərbaycan Prezidenti İlham Əliyevin təklifini dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq planlaşdırdıqlarını bildirib.

Bəs İranın regionda artan fəallığının arxasında nə dayanır və bu fəallıq nə vəd edir?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, 44 günlük Vətən müharibəsində İranın tutduğu mövqe bu ölkəni Azərbaycanda gözdən saldı:

“Aydın oldu ki, İran hakimiyyəti təmsil etdiyi siyasi ideoloji xəttə deyil, iranmərkəzli fars düşüncə sisteminə xidmət edir. Bu ideoloji xətt isə hər vəchlə Azərbaycanın zəif düşməsinə çalışır. Odur ki, İran hakimiyyəti buraxdığı səhvləri görərək noyabrın 20-dən sonra bölgədə fəallıq göstərməyə başlayıb”.

Onu da nəzərinizə çatdıraq ki, bəzi KİV-lərdə İkinci Qarabağ savaşında İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Ermənistana silah və hərbi texnikanın daşınması haqqında xəbərlər yayılmışdı. İranın Azərbaycandakı səfirliyi açıqlama yayaraq bu xəbərlərin yalan və əsassız olduğunu bildirmişdi.

Cavad Zərif İranın Naxçıvanla bağlı ümidlərini dilə gətirdi

Politoloqun sözlərinə görə, İran hakimiyyətinin Azərbaycanla münasibətlərin tənzimlənməsində fəallığı daha aşkar görünür: “İran Qarabağ ərazisində quruculuq işlərində, mədəni-tarixi abidələrin bərpa prosesində fəal iştirak etmək istəyir. Hələ ki İranın layihələri ilə bağlı Azərbaycan tərəfindən nəzərəçarpan addımlar atılmayıb, amma gələcəkdə İranın 3+3 formatında iştirakı mümkündür”.

“İran Yaxın Şərqdə olduğu kimi, Cənubi Qafqazda da fəallıq göstərmək istəyir. Bu ölkə müsəlman amilindən istifadə edərək bölgədə nüfuzunu artırmağa çalışır. İran həm də Qərbin regionda aktivliyinin qarşısını almaq üçün fəallaşmaq siyasətini yeridir. Bunun üçün də regionun digər aparıcı ölkələri olan Rusiya və Türkiyə ilə də anlaşmağa çalışır”, - deyə politoloq bildirib.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu isə bildirir ki, İran Qarabağdakı müharibədən sonra bölgədəki mövcud vəziyyəti aydınlaşdırıb, özü üçün sərfəli şərtlərin yaranmasına çalışır:

“Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqları ortaya qoydu. Bu reallıqlar bölgə ölkələri üçün iqtisadi perspektivlər vəd edir. Bu baxımdan İran regionda sürətlə cərəyan edən proseslərdən kənarda qalmaq istəmir və müəyyən qədər öz iştirakına da nail olmağa çalışır.

İran çalışır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən altılı əməkdaşlıq formatı işlək mexanizmə çevrilsin və yeni reallıqlardan dividend əldə etmək mümkün olsun”.