CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibəyə könüllü gedən məktəb direktoru: İstəmirdim bu problem oğlum Mustafaya qalsın

Eldost Azayev: "Müharibədə fikir verdim ki, insani keyfiyyətlər, döyüş yoldaşları ilə düzgün rəftar intellektdən daha vacibdir".
Sputnik

II Yazı

BAKI, 31 yanvar — Sputnik. 44 günlük Vətən Müharibəsi bizə ölkəmizi, insanlarımızı başqa yöndən tanıtdı. Biz mövzu vətən olanda necə birləşməyin, necə bütövləşməyin və "dəmir yumrağa" çevrilməyin bariz nümunəsini göstərdik. Amma içimizdə elə insanlar da var ki, həmişə tərəddüd etmədən kürəyimizi dağ kimi onlara söykəyə bilirik. Bilirik ki, kim də getməsə, məhz bu insanlar sinələrini qabağa verərək gedəcəklər. Mövzu vətən olanda onlar üçün ev də, ailə də, iş yeri də, mal da, pul da arxa plana keçir. Vətən məhz belə oğulların çiyinləri üzərində bərqərardır.

Yazımızın qəhrəmanları Vüsal və Eldost Azayev qardaşları da bu qəbildən olan insanlardır. Vüsal Ukraynadakı sakit iş həyatını atıb vətənə qayıdıb ki, burada işini qursun, vətənə faydası dəysin. Eldost isə Saatlıda kənd məktəbinin direktorudur.

Müharibəyə könüllü gedən məktəb direktoru: İstəmirdim bu problem oğlum Mustafaya qalsın

Hələ Tovuz hadisələri zamanı könüllü orduya yazılıblar. 27 sentyabrda Vətən müharibəsi başlayanda isə rayondakı hərbi komissarlığın qapısını ilk kəsən də bu qardaşlar olub. Çağırış mesajı hər ikisinə eyni gündə gəlib. Vüsal Eldostun getməsini istəməyib. Çünki onun ailəsi, iki övladı və rəhbərlik etdiyi məktəb var idi. Həm də Eldostun əlillik dərəsi var. Amma o israr edir və hər şeyə rəğmən qardaşı ilə birlikdə cəbhəyə yollanır.

Vüsal Baş leytenant olaraq bölük komandirinin müavini, Eldost isə leytenant olaraq taqım komandiri vəzifəsini icra edir. Ağcabədidə bir həftəlik təlimlərdən sonra cəbhəyə yollanırlar. İlk günün axşamı mühasirəyə düşürlər. 48 saatdan artıq çəkən mühasirə kömək gəldikdən sonra yarılır və qardaşlar xilas olurlar. Cəbrayıl və Qubadlının düşmən işğalından azad edilməsində şücaət göstərirlər. Və bu qəhrəmanlıqlarına görə prezident tərəfindən həm Cəbrayılın, həm də Qubadlının işğaldan azad olunmasına görə medalları ilə təltif edilirlər. Eldost da evə baş leytenant rütbəsi ilə dönür.

Könüllü müharibəyə gedən iki qardaşın hekayəsi: Dedilər "başımızdan yaylığı açdınız"

Onlar analarını uşaq yaşlarında itiriblər. Ataları da illər əvvəl həyatdan köçüb. Müharibədən qayıdanda isə valideynlərinin olmadığını hiss etməyiblər. Çünki kənd camaatı elliklə axışaraq qardaşları qarşılamağa gəlib.

"Bir anın içində bütün kənd həyətimizdə idi, iynə atsan, yerə düşməzdi. İnsanlar qardaşların sağ-salamat qayıtmasını bir anını içində toy-bayrama çevirdilər", - deyə Eldostun həyat yoldaşı Aygün xanım bildirir.

Onlar qalib ordunun zabitləri kimi evə qayıtsalar da, gözlərində dərin bir kədər var. İtirdikləri, həyatları yarımçıq qalmış gənc əsgərlərin şəhid olmasına üzülürlər. Bizə isə deyirlər ki, "danışa bilmədiklərimiz danışa bildiklərimizdən qat-qat çoxdur".

Vüsal deyir ki, bəlkə də gələcək nəsillər üçün cəbhədə gördüklərini, bu müharibə barədə düşündüklərini yazıb kitab halına saldı. Deyirlər ki, "müharibə yenə olsa, yenə tərəddüd etmədən gedəcəklər". Çünki vətən, torpaq naminə döyüşməyə, düşmənə qalib gəlməyin verdiyi qürur hissini yaşamağa dəyərdi.

Mülki həyatdan qısa zamanda müharibənin od-alovu içərisinə düşmək və yenidən mülki həyata qayıtmaq. İndi onlar müharibəyə də, mülki həyata da başqa gözlə baxmağa başlayıblar.

Müharibəyə könüllü gedən məktəb direktoru: İstəmirdim bu problem oğlum Mustafaya qalsın

Qardaşlar Sputnik Azərbaycan-a müsahibə veriblər. Onlarla söhbətin bir hissəsini oxucularla bölüşürük. İlk olaraq suallarımızı qardaşların yaşca böyüyü Vüsal Azayev cavablandırıb. Onunla müsahibəni bu linkdən oxuya bilərsiniz. Bu dəfəki müsahibimiz isə Saatlı rayonu, Əhmədbəyli kənd tam orta məktəbinin direktoru Eldost Azayevdir.

- Məktəb direktoru, əlillik dərəcəsi ola-ola könüllü surətdə müharibəyə getmisiz. Niyə? Deyə bilərsizmi, müharibə bir müəllim kimi sizə nəyi öyrətdi?

- Müharibə insanın bütün keyfiyyətlərini üzə çıxarır. Bütün maskalar cırılır müharibə vaxtı. Müharibədə məlum oldu ki, pul heç nəyi həll eləmir. Pula görə özümüzü oda-közə vururuq, amma müharibədə bunun heç bir əhəmiyyəti qalmır. Beyin tamamilə başqa cür işləyir orada. Hər saniyəsində ölüm var. Müharibədə anlayırsan ki, indiyədək uğrunda çalışdığın maddi şeylər heç nəyə dəyməzmiş. Çünki, həyatını, sağlamlığını itirmiş o əsgərin, zabitin yerində mən də ola bilərdim. Amma o torpaqlara dəyərdi. Ən azından düşünürəm ki, oğlum Mustafa əsgərə gedəndə salamat yerə gedəcək. Heç olmasa, bu problemi ona saxladığım üçün əzab çəkməyəcəyəm.

- Müharibə xalqımızla bağlı düşüncələrinizdə nəsə dəyişiklik edib? Sizcə xalq özünü necə apardı?

- Qısaca belə deyim: Müharibəyə qədər məni ən çox narahat edən cavanların geyim tərzi idi. Fikirləşirdim ki, belə gənc olar? Dar şalvar, dar geyimlər, qəribə saç düzümləri, saqqal və s. Amma müharibədə gördüm ki, o dar şalvar geyinənlər müharibədə bizimlə birlikdə vuruşurlar. Artıq o geyimlər, o saç, saqqal onlar üçün ən axırıncı plana keçib. Onlar vətən uğrunda diri gözlü ölümə gedirlər. Sanki bu müharibədə xalqımızı oyatdı, onu başqa cür davranmağa sövq elədi.

- Müharibəyə gedəndə ən çox hansı cəbhədə vuruşmağı arzulayırdız?

- Biz uşaq olanda, 1983-cü ildə qardaşımla Şuşada, İsa bulağında şəkil çəkdirmişdik. Həmişə arzulayırdıq ki, yenə ora gedək, oranı görək. Çünki uşaq yaddaşımızda çox az şey qalmışdı Şuşadan. Davaya gedəndə də fikrimizdə Şuşanı azad etməyi tutub getmişdik. Sadəcə iş elə gətirdi ki, bizim bölmələr ora getmədi. Amma inşallah, Şuşaya yol açılsın, gedib elə orada eyni cür foto çəkdirərik.

- Belə fikirlər var ki, o müharibə, qırğınlar olmaya da bilərdi, rus sülhməramlıları gəlməməli idi. Necə düşünürsüz, Qarabağ problemini müharibəsiz və rus sülhməramlıları gətirilmədən həll etmək mümkün idimi?

Müharibəyə könüllü gedən məktəb direktoru: İstəmirdim bu problem oğlum Mustafaya qalsın

- Qanla gedən torpaqlar qanla qayıtmalı idi. Deyirlər ki, "niyə ruslar ora gəlir?" Döyüşdə olmayan adam oradakı vəziyyəti bilməz. Bu ərazilərin qaytarılması üçün qurbanlar verilməli idi. Döyüşlə qaytarılan torpaqların hər qarışında ömrünü cavan ikən qurban vermiş qardaşlarımızın qan izləri var. İnsan itkisi çox ağır itkidir. Əgər o itkiləri vermədən digər əraziləri xilas etmək mümkün idisə, ona getmək lazım idi. Bu baxımdan düşünürəm ki, bu barədə ölkə rəhbərliyinin verdiyi qərar düzgün idi.

- Ordudan qayıtmış əsgər və zabitlərin psixoloji durumunu necə qiymətləndirirsiz? Dövlət və cəmiyyət onlarla necə rəftar etməlidir?

- Ordudan qayıtdığımız çox az bir zamandır. Düşünürəm ki, psixoloji dəstəyə ehtiyacımız var. Amma inanmıram ki, bunun nəticəsi olsun. İnsan müharibədə necədirsə, psixoloji durumu necədirsə, qayıdandan sonra da həmin adamdır. Bunun üçün nəsə maxinasiya etmək, dövlətdən nə isə ummaq, cəmiyyətdən nələrisə istəmək yersizdir. Rəftara gəlincə, deyim ki, əvvəllər hərbçilərə, əsgər və zabitlərə sanki "yoldan keçən biri kimi yanaşırlar" təəssüratı var idi. Amma indi fikirlər dəyişib. Hərbçilərin cəmiyyət qarşısında nüfuzu geri qayıdıb. Məncə hərbçilər də bundan sonra ləyaqətli davranış nümayiş etdirərək xalqın gözündə ən hörmətli peşə sahibləri kimi qalmalıdırlar.

Müharibəyə könüllü gedən məktəb direktoru: İstəmirdim bu problem oğlum Mustafaya qalsın

- Müharibə bölgəsində ən çox diqqətinizi cəlb edən nə oldu?

- İşğal olunmuş ərazilərdə müvəqqəti qərargah kimi istifadə etdiyimiz məktəblərin vəziyyəti. Buradakı modern avadanlıqlar, məktəblilər üçün hər cür şəraitin olması məni çox təəccübləndirdi. Bir də 6-cı sinif şagirdlərinin hərbi hazırlıqla bağlı dərs kitabında artıq erməni uşaqlara minaatanlar barədə dərslərin keçildiyinə fikir verdim. Onda başa düşdüm ki, niyə ermənilər müharibədə minamyotla bu qədər dəqiq atəş açırdılar. Müharibədə ermənilərin ən böyük üstünlüyü də elə minaatanlardan atdıqları atəş idi.

- Müharibədən sonrakı dövrdə bir müəllim olaraq üstünüzə düşən vəzifələr barədə düşünmək imkanınız olub?

- Müəllim olaraq üstümüzə düşən vəzifə şagirdlərimizi daha vətənpərvər böyütməkdir. Vətənpərvərlik mövzusunda kütləvi tədbirlər daha çox olmalıdır. Bizim vəzifəmiz hər şeydən əvvəl vətənimiz üçün keyfiyyətli, səviyyəli insanlar yetişdirmək olmalıdır. Müharibədə fikir verdim ki, insani keyfiyyətlər, döyüş yoldaşları ilə düzgün rəftar intellektdən daha vacibdir. Həm də düşünürəm ki, məktəblərdə hərbi dərslərin sayı artırılmalıdır, keyfiyyəti yüksəldilməlidir. Məktəblərdə silah otaqları olmalıdır. Müasir silahlar olmasa da, bu gün döyüş şəraitində istifadə olunan silahlar barədə uşaqlara geniş biliklər verilməlidir. Biz elə bir xalqla qonşuyuq ki, heç vaxt ona arxalanmaq, etibar etmək olmaz. Biz həmişə onların fitnəsinə hazır vəziyyətdə olmalıyıq. Həm də düşünürəm ki, zamanla Azərbaycan peşəkar ordunun yaradılmasına keçid etməlidir. Ordu hərb peşəsini sevən və ona ömrünü həsr etmək istəyən insanlardan formalaşdırılmalıdır.

Müharibəyə könüllü gedən məktəb direktoru: İstəmirdim bu problem oğlum Mustafaya qalsın

P.s. Qardaşlar bizə evə gətirdikləri "qənimətlər"i də göstərdilər. Bunlar kitablar idi. Qarabağın tarixi abidələrindən, bir də şahmatçılardan bəhs edən, rus dilində yazılmış kitablar. Onlar ümid edirlər ki, bu kitablar bizə Qarabağda izi itirilmiş tarixi abidələrimiz barədə bilgi verəcək.

Eldost bizə göstərdiyi əl boyda kağız parçasını isə müharibəyə getməmişdən bir gün qabaq yazıb: "Haqqınızı halal edin! Şəhid olsam, kəndimizin məktəbinə adımın verilməsini istəyərdim".

Onlar müharibəyə getməmişdən bir gün qabaq həyətin taxta divarlarına vurulmuş kağız nişahgahlar gözə dəyir. Deyirlər ki, qonşudan pnevmatik tüfəngi alaraq məşq ediblər, öz aləmlərində müharibəyə hazırlaşıblar. İndi bu hərəkətləri onlara gülməli, uşaq hərəkəti kimi gəlir...