Vətən müharibəmiz başlamadan Qarabağ hamımız üçün əlçatmaz, nolstalgiya hissi yaradan uzaq İtaka adası kimi idi...
Savaş başladı.
Yaşadığımız rahat həyatın, komfortun unutdurmadığı o dağlar, o kəndlər, o buz bulaqlar, o şəhərlər üçün göz qırpmadan silahlanıb yola düşdük.
Bu savaşda nə qədər itkilər versək də, bizi gözləyən yurd yerləri üçün səfərbər olduğumuzu unutmadıq.
Xalq olaraq birləşdik, bütövləşdik və yumruq olmağı bacardıq.а
Bu savaş haqq savaşı, bu xeyirin şərlə savaşı idi və bizi həsrətində olduğumuz, nostalgiya hissi ilə xatırladığımız uzaq İtakamıza – Qarabağımıza aparırdı..
Biz Odissey kimi inadkardıq...
***
Savaş bitdi.
Döyüşdük, qanımızla, canımızla, malımızla bu savaşdan xalq olaraq böyük üstünlüklə, zəfərlə çıxdıq.
Vətəninin gələcəyini düşünən hər kəsin narahat, nigaran olduğu məqamlar var, zamanla bu narahatlıqlar da bitəcək.
Azərbaycanlılar Qarabağa dönəcək.
İllərdir boğazımızda düyümlənən vətən nisgili, yurd-yuva həsrəti sona çatacaq.0+.3
İllərdir baş tutmayan dönüşün kədərini yaşayanlar, yəni nostalgiya yaşayanların arzusu gerçəkləşəcək.
***
Sözlərin gücünə, sözlərin ovsununa inanıram.
Məhz illərdir yaşadığımız bu kədərin ən yaxşı ifadəsini yunanlar yüz illər öncə tapıblar.
Nostalgiya iki mənada (qədim yunanca nostos ¬– vətənə qayıtmaq və "alqos"– ağrı) — vətən və doğma ev üçün kədərlənmək mənasında və "keçmiş üçün kədər" anlamında da işlədilir.
Qarabağa duyduğumuz nostalgiya hər iki mənanını ehtiva edir.
Biz həm vətənimiz, doğma evimiz, həm də keçmişimiz üçün kədərlənirdik. Məğlubiyyətin, şərə qarşı mübarizə itirdiklərimizin acısı canımızdan çıxmırdı.
Qarabağın işğaldan azad edilən ərazilərində çəkilmiş videoları, fotoları görəndə keçirdiyimiz o qəribə hissin məhz nostalgiya olduğunu anladım...
***
Nostalgiya semantik olaraq vətənə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü ifadə edən bir kəlmədir; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısını bir kəliməylə açır.
Nostalgiya sözünün yaranışı Homerin "Odisseya"sı ilə bağlıdır. On il Troya müharibəsində iştirak edən Odissey, döyüşlərdə belə vətənə qayıtmaq arzusundaydı. O Doğulduğu İtaka adasına qayıtmaq həsrəti ilə yaşasa da, Tanrıların intiriqası onu üç il də vətəndən ayırdı. Sonra onu əsir alan və aşiq olan Kalipsonun qadağası onu yeddi il İtakadan uzaq saldı...
Nostalgiyadan əziyyət çəkən ilk əzabkeş Odissey Kalipsonun yanında nə qədər məmnun olsa da deyirdi: "...hər gün etdiyim yeganə dua ora(İtaka) dönmək, günəşin doğuşunu evimdə görməkdir!" (Homer, "Odisseya", Beşinci nəğmə)
***
30 ilə yaxındır bizim hamımızın içində Odissey nisgili vardı.
Homerin qəhrəmanı Odissey öz doğma adasına qayıdanda öncə dağlara boylandı, sonra iyirmi il əvvəlki halında qaldığına əmin olmaq üçün yaşıl zeytun ağacını tumarladı...
Doğulduğu yerlər işğaldan azad olunduqdan sonra, vətəninə, dağılmış, talan olunmuş evinə qayıtmış hərbçilərin sosial şəbəkələrdə yayımlanan videolarını yada salın.
Bizim Odisseylərimiz öz İtakasına – Qarabağına eyni həssaslıqla qayıdırdı...
Bizim həsrətin ömrü, Odisseyin həsrətindən daha uzun olduğu üçün, bəlkə də vüsalımız daha şirin və unudulmaz olacaq.
Odissey öz doğma İtakasına qayıdaraq nostalgiyadan qurtuldu.
Bizim Qarabağa dönüşümüz də, bizim nostalgiyamızın sonudur.
Vətənə qayıdışımız mübarək!