BAKI, 14 yanvar - Sputnik. Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ABŞ və Fransanın Moskvadakı səfirləri Con Sallivan və Pyer Levini qəbul edib və onları bazar ertəsi Dağlıq Qarabağ üzrə aparılmış danışıqlar barədə məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Səfirlər Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də keçirdikləri üçtərəfli görüş barədə məlumatlandırıldılar. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) gələcək birgə səyləri barədə fikir mübadiləsi də aparılıb", - məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri Kremldə görüşərək Qarabağın sonrakı inkişafına dair birgə bəyannamə imzalayıblar.