İradə Cəlilova. Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. Bakı şəhərində atmosfer havasını çirkləndirən əsas mənbələrdən biri nəqliyyatdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, təbii olaraq, nəqliyyat daha sıx olan ərazilərdə atmosfer havası üzərində çirklənmə dərəcəsi digər rayonlarla müqayisədə bir qədər yüksəkdir:
"Bu ərazilər hamımıza bəllidir. ETSN və ümumiyyətlə dövlət tərəfindən bu sahədə müəyyən tədbirlər görülür. Nəqliyyatda istifadə olunan yanacaqların keyfiyyətli olması, köhnə avtomobillərin istifadəsinin məhdudlaşdırılması kimi tədbirlərin görülməsi vəziyyətin yaxşılaşdırılmasına şərait yarada bilər".
Xidmət rəisi həmçinin deyib ki, 5 ilin təhlilinə əsasən, bu il yanvar ayında havanın çirklənməsi ötən dövrlə müqayisədə təxminən 30 faizədək yaxşılaşıb.
Nəqliyyat məsəsləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, bu gün Bakıda və Abşeronda ekoloji vəziyyətin ürəkaçan olmadığı heç kimə gizlin deyil.
"Bakı şəhərində 20 il əvvəl başlayan tikinti bumu bu vəziyyəti bir qədər də gərginləşdirib və bu problemlər bu gün də qalmaqdadır. Bakının mərkəzində çoxmərtəbəli binalar tikilir. Bu tikinti prosesində günün 24 saatı dizel mühərrikli ağırtonnajlı yük avtomobilləri işlədiyi üçün Bakının ekologiyasına böyük zərər vurulub", - deyən mütəxəssis hesab edir ki, Bakı şəhərində son illər xərçəng, vərəm və s. digər xəstəliklərin daha çox müşahidə edilməsinin səbəbi də ekoloji vəziyyətin acınacaqlı vəziyyətdə olmasıdır.
Onun sözlərinə görə, ekoloji tarazlığın pozulmasına təkcə ağırtonnajlı yük avtomobilləri deyil, digər nəqliyyat vasitələri də səbəb olur.
E.Cəfər hesab edir ki, bu baxımdan Azərbaycana ekoloji təmiz avtomobillərin gətirilməsi və istismarı vacibdir.
"Bütün dünyada ekologiyanın qorunması məqsədilə ekoloji təmiz avtomobillərə keçid müşahidə edilir. Hibrid, elektromobil, hidrogenlə çalışan avtomobillərə daha çox üstünlük verilir. Azərbaycanda isə təəsüf ki, ekoloji təmiz avtomobillərə keçid istiqamətində heç bir addım atılmır. Vətəndaşlara həvəsləndirmə məqsədilə heç bir güzəştlər təqdim edilmir. Onların ekoloji təmiz avtomobillər alması stimullaşdırılmır", - deyə o bildirib.
Ekspertin fikrincə, Bakı və Abşeronda ekoloji vəziyyətin normallaşdırılması üçün çoxmərtəbəli yaşayış binalarının tikintisi dayandırılmalıdır.
"Azərbaycanda avtomobil sayı əhali sayına görə çox deyil. Yəni avtomobil sayı əhali sayının 20-30 faizini təşkil edir. Sadəcə əhalinin böyük bir hissəsi Bakı və Abşeronda yaşayıb, işlədiyinə görə, burada avtomobil sayı digər bölgələrlə müqayisədə daha çoxdur və bu da ekoloji vəziyyətə mənfi təsir edir.
Ekoloq Vaqif Əliyevin sözlərinə görə, Bakıda atmosfer havasının çirklənməsinə əsas səbəb çoxmərtəbəli binaların çox olmasıdır: "Yaşıllıqlar qırılır, yerində çox mərtəbəli binalar ucaldılır. Təbii ki, bu da ekologiyaya mənfi təsirlərini göstərir. İstixana effekti yaradır. Təsəvvür edin ki, bu gün yollarda olan avtomobillərin atmosfer havasına atdığı zərərli maddələr çox zaman buxarlanıb yox ola bilmir".
Ekoloqun sözlərinə görə, Bakı boğulur. Bakının atmosfer havasının təmizlənməsi üçün zaman ayrılmalıdır.
"Bəzi ölkələrdə həftədə bir neçə gün avtomobilsiz gün elan edilir. Düzdür, pandemiya dövründə avtomobillərin sayı bir qədər azaldı. Bu da atmosfer havasına təsir etdi. Amma yenə Bakı dolub. Nəfəs ala bilmir. Səhər yuxudan durub dərindən nəfəs almaq istəyirsən, içinə avtomobil qazlarının naxoş qoxusu dolur. Bu da sağlamlığımız üçün zərərlidir", - deyə V.Əliyev bildirib.
Onun sözlərinə görə, Bakıda da həftənin müəyyən günləri avtomobilsiz gün elan edilə bilər. Və yaxud atmosfer havasının təmizlənməsi üçün hibrid və ya elektromobillərin gətirilməsi üçün şərait yaradıla bilər.
V.Əliyev hesab edir ki, əgər vəziyyət bu tempdə davam edərsə, yaxın onillikdə xərçəng və ağciyər xəstəliklərinin artması müşahidə edilə bilər.
Ekoloq Cəmşid Quliyevin sözlərinə görə, bu problem təkcə Bakıda deyil, dünyanın bütün ölkələrində müşahidə edilir.
O qeyd edib ki, böyük şəhərlərdə atmosfer havasına atılan zəhərli qazlar avtomobillərin payına, xüsusilə də dizel mühərrikli avtomobillərin payına düşür.
"Burada avtomobillərin texniki sazlığının xüsusi rolu var. Avtomobilin texniki sazlığı aşağı olduqca atmosferə atılan tullantıların da miqdarı o qədər çox olacaq. Burada avtomobillərin sazlığı məsələsi xüsusi önəm kəsb edir", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu günlərdə dizel yanacağının qiyməti artırıldı və bu addımın atmosfer havasına atılan zəhərli qazların azaldılması məqsədilə edildiyi qeyd edildi.
C.Quliyevin fikrincə, dizelin qiymətinin artırılması atmosfer havasına atılan zəhərli qazların miqdarını azaltmayacaq.
"Birincisi dizelin qiyməti ilə benzin qiyməti arasında fərq 20 qəpikdir. Bu günə qədər dizel mühərrikli avtomobillər bu gün də həmin avtomobillərdən istifadə etməyə davam edəcək. Gələcəkdə avtomobil almaq istəyən şəxslər də atmosfer havasına verəcəkləri zərəri deyil, sosial prizmadan yanaşaraq, gücü çatdığı avtomobili alacaqlar", - deyə ekoloq əlavə edib.
Onun sözlərinə görə, avtomobillərin atmosfer havasına atdığı zərərli qazların səviyyəsini azaltmaq üçün ekoloji təmiz avtomobillərin istifadə edilməsinə stimul yaradılmalıdır: "Avtomobillərin qiymət məsələsi həll edilməlidir. Avtomobillərin qiymətini əlçatan etmək lazımdır. Əks halda, maşınların ətraf mühiti çirkləndirməsi davam edəcək".