SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Reanimasiyada yatan Paşinyana süni nəfəs verilir" - Vitse-spiker

"Bu nəqliyyat dəhlizinin açılması iki dövlət arasında olan münasibətin hərbi və qarşıdurmadan işçi müstəviyə yönəldilməsi deməkdir"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. "Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat 10 Noyabr razılaşmasının davamıdır. Bu kommunikasiya xətlərinin açılması təkcə iki dövlət arasında deyil, regiondakı qonşu dövlətlərin də iqtisadiyyatına kifayət qədər müsbət təsir göstərəcək".

Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.

Dünən dövlət başçılarının Moskvada keçirilən görüşünü şərh edən Vitse-spiker deyib ki, burada diqqəti çəkən əsas məsələ Azərbaycan prezidentinin Rusiya prezidentinin fikrinə əsasən bir daha dünyaya Dağlıq Qarabağ probleminin olmadığını bəyan etməsi oldu.

"Paşinyanın sonradan küskün və rəzil durumda bu problemin hələ də öz həllini tapmamasını deməsi çox uğursuz göründü. İlham Əliyev bəyan etdi ki, Dağlıq Qarabağ problemi bitib, artıq yoxdur. Bunu özünün düşüncələri, bir ölkə başçısının istəyi, yaxud real fakta söykənən bir düşüncə kimi ortalığa qoymadı. Fikir belə ifadə olundu: "Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik". Yəni bu fikir ciddi fikirdir və axıra qədər bunun üstündə durmaq lazımdır".

F.İbrahimli Prezidentin "Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq" sözlərini yüksək qiymətləndirib.

Moskva görüşü hansı zərurətdən doğub - deputat detalları açıqladı

"Başlanğıc kimi sonluq da uğurla tamamlandı. Bizə də lazım olan elə bu idi. Bu görüşə qədər hər hansı statusun olması və sair səsləndirilən fikirlərə qəti mövqe ilə nöqtə qoyuldu, - deyə Vitse-spiker əlavə edib. 

F. İbrahimli deyir ki, görüşdə İlham Əliyev Ermənistana çox ciddi mesaj verib:

"Ermənistan ərazisindən açılacaq yolla bağlı cənab prezident bu dövlətə bir daha mesaj verdi ki, boğulursuz, məhv olursuz, iqtisadi durumunuz rəzil vəziyyətdədir. Bu mesajla prezidentimiz demək istədi ki, ay Ermənistan sizin ağlınız olsa, bu kommunikasiya xətlərinin açılışı ilə iqtisadi nəfəs ala bilərsiniz. Mehriban qonşuluq münasibətləri yarada bilərsiz. Bu kommunikasiya xətlərinin açılması təkcə iki dövlət arasında deyil, regiondakı qonşu dövlətlərin də iqtisadiyyatına kifayət qədər müsbət təsir göstərə bilər".

Vitse-spikerin fikrincə, baş verənlər həm də Azərbaycanın regionda nəhəng bir qüvvə olduğuna işarədir. Azərbaycan təkcə bir nəqliyyat dəhlizinin açılması ilə öz qonşularını da xöşbəxt edə bilər. İlham Əliyevin Rusiyaya səfəri, ümumi ab-hava, əhval-ruhiyyə, eləcə də keçirilən mətbuat konfransından belə nəticəyə gəlmək olar ki, prezident mövqeyində qətiyyətlidir. Rusiya tərəfinin də heç bir təkidi yoxdur.

"Ola bilər məsələnin görünməyən məxfi tərəfləri var ki, bunların da olması təbiidir. Hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılması, İşçi qrupunun bu ayın sonunadək ilk iclasının keçirilməsi nəzərdə tutulub. İşçi qrupunun yaradılmasının mühüm əhəmiyyəti var. Bu nəqliyyat dəhlizinin açılması iki dövlət arasında olan münasibətin hərbi və qarşıdurmadan işçi müstəviyə yönəldilməsi deməkdir. Ola bilməz ki, bir tərəfdən İşçi qrupu iş görsün, digər tərəfdən münaqişə baş versin. Bu ATƏT-in Minsk qrupu deyil ki, "dovşana qaç, tazıya tut" desin. Bu işçi qrupu üç dövlətin iştirakı ilə fəaliyyət göstərəcək. Əgər Ermənistan tərəfi müharibə istəyirsə, bu prosesin iştirakçısı ola bilməz! Bunu ləğv edərsə, yenidən özünü rəzil duruma sala bilər. Reanimasiyada yatan Paşinyana bir növ süni nəfəs verilir. Onun ömrünün nə qədər olacağı isə növbəti vəziyyətdən asılıdır!", - deyə İbrahimli əlavə edib.