İDMAN

Millimizin kapitanına vəzifə verildi

Cəbrayıl Həsənov Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Sputnik Azərbaycan Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.

Qurumun prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətlərini davam etdirəcəklər.

Bu gün N.Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Qeyd edək ki, Cəbrayıl Həsənov Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.