BAKI, 6 yanvar — Sputnik. Azərbaycanda tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verən sahibkarlar cəzalandırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycanda tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.
Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.
İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər: 498-15-01; 498-15-04.
Qurum həmçinin qeyd edib ki, Azərbaycanda Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.
Xatırladaq ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) Şuraya müraciətinə baxılaraq Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Tarif Şurasının əsaslandırılmasında bildirilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.