YAZARLAR

İlin ilk həftəsi: bir neçə paradoks

Ermənilər bir gedişdən artıq düşünə bilmədiyini Qarabağ müharibəsi də göstərdi, nə diplomatik, nə hərbi taxtada, nə də indi şahmatda bizim qrossmeysterlərlə ayaqlaşa, daha doğrusu, başlaşa bilmədilər.
Sputnik

“7x7” həftənin ən yaddaqalan hadisələrini şərh edir

Ziddiyyətlər

Koronavirusla bağlı 2021-ci il üçün nikbin və bədbin xəbərlər var: Nikbin xəbər vaksinasiyanın başlaması ilə qlobal bəlanın zərərsizləşdiriləcəyinə dairdir. Bədbir xəbər isə onun yeni ştammlarının peyda olması və yayılmasıdır. Məsələn, Britaniya ştammı. Artıq 10-a yaxın ölkədə bu yeni virusa yoluxma halı qeydə alınıb. Pis odur ki, “Britaniya ştammı” 70 faiz daha yoluxucudur.

Çinin Xarici İşlər Naziri Wang Yinin dedikləri isə ciddi şəkildə nəzərdən keçirilməlidir: Nazir deyib ki, COVİD-19 dünyanın fərqli bölgələrində eyni anda ortaya çıxdı. Sadəcə, ictimaiyyətə ilk bildirən biz olduq.

Bu virusun bir mərkəzdən idarə olunması ilə bağlı iddiaların məntiqilini artırır.

"Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin digər ölkələrlə müqayisədə gülməli sayma üsulu sayəsində Çin virusundan ölüm və yoluxma sayı ABŞ-da çox şişirdilib”. Bu fikirləri isə ötən həftə ABŞ Prezidenti Tramp səsləndirib.

Bu arada Meksikada peyvənd olunan həkim koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib. İtaliyada da həkim vaksindən sonra koronavirusa yoluxub. Bu faktlar isə ürəyimizə vaksinasiyanın effektiv olmayacağına dair şübhə toxumu əkir. Ancaq tutarlı əks-arqument də var: dünyanın müxtəlif ölkələrində minlərlə insan peyvənd olunub, indi bir həkimin oxşar ağrılarla xəstəxanaya gətirilməsi o demək deyil ki, peyvənd nəticə verməyəcək. Peyvənddən sonra hətta kimsə ölə də bilər, bunu vaksinin boynuna qoymaq ədalətli və məntiqli görünmür. 

Bu arada Konqolu professor, 1976-cı ildə Ebola virusunu aşkar edən alim Jan-Jak Muembe-Tamfum yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib. Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.
Əslində, hər şeyin onda zayı çıxdı ki, biz təbiətin ibtidai formasını dəyişdirməyə, onun istəklərimizə uyğun, amma kainatın öz mövcudluğunu qoruma prisiplərinə zidd şəkildə istismar etməyə başladıq.

Daha bir neçə paradoks

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook” hesabında yazıb ki, sentyabrdan bu yana Ermənistan tərəfinin müharibə itkiləri 3330 nəfərdir. Əlbəttə, bu, real vəziyyətin təxminən üçdə birinə adekvat rəqəmdir. İtkilərin azaldılması həm də muzdluların hesabına edilir, statistikaya Azərbaycan əsgərinin məhv etdiyi muzdlu döyüşçülər daxil deyil.

Bu arada erməni diversantlar hələ də nəyəsə ümid edir və nəticədə qarşılıqlı olaraq itkilər qeydə alınır. Amma hər halda, əsgərimiz sonda terrorçuların başını əzir. İstənilən halda, sülhməramlılardan bölgədə hər hərəkətinin “yüz ölçüb, bir biçmək” tələb olunacaq, yanlış davranış gərginliyi alovlandıra bilər.

Paşinyan-şou

Paşinyan da yeni ilə öz ampluasında başladı və nəticədə, məsxərə predmetinə çevrildi.  Baş nazir xalqa müraciətində deyib ki, “Türkiyəyə altı ay müddətində ciddi sanksiyalar tətbiq edirik. Bu qərarımızla Türkiyə bazarı sarsılıb. Əgər Azərbaycana dəstək verməyi dayandırsalar, qərarımızı təkrar gözdən keçirərik”.

Vətən xaini elan edilmiş Paşinyanın bu açıqlamasına “bişmiş toyuğun da gülməyi gəlir”. Nəhəng Türkiyə iqtisadiyyatı fındıq boyda Ermənistan bazarına çıxışdan məhrum olmaqla nə itirə bilər ki?! Qonşuları ilə münasibətləri korlayaraq, təcrid olunmuş vəziyyətə düşən Ermənistan nəhayət, başa düşməlidir ki, bu ölkənin nicatı özünü sivil dünyanın qaydalarına uyğun aparmaqdan, qonşularla münasibətləri düzəltməkdən keçir, ikinci erməni dövləti sevdası onlara heç nə qazandırmayacaq.

Birgedişlilik

Bu arada şahmatçımız Teymur Rəcəbov onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində Ermənistan təmsilçisi Levon Aronyana göz verib, işıq verməyib, hər iki oyunda rəqibini amansızcasına məğlub edib.

Ermənilər bir gedişdən artıq düşünə bilmədiyini Qarabağ müharibəsi də göstərdi, nə diplomatik, nə hərbi taxtada, nə də indi şahmatda bizim qrossmeysterlərlə ayaqlaşa, daha doğrusu, başlaşa bilmədilər.

118-ci yanvar

2021-ci ilin ilk həftəsində planetin ən yaşlı insanı da doğum günün qeyd edib. Yaponiyalı qadın Kane Tanaka üçün 118-ci dəfə “Happy birthday” deyiblər.

O, 2018-ci ildən bəri dünyanın ən yaşlı sakini sayılır. Gözlənilir ki, Kane xanım Tokio Oyunlarının Olimpiya məşəli estafetində iştirak edəcək. Əgər o vaxta qədər özünü yaxn qonşularının dünyaya bəxş etdiyi karonadan filandan qoruya bilsə…

Uçuş zolağı

İlin ilk həftəsi uçmaq üçün dizayn edilmiş qurğuların uğursuz uçuşları ilə də yadda qalıb. Kanadanın Alberta əyalətində helikopter qəzaya uğrayıb, fermalardan birinin ərazisinə düşüb, helikopterin göyərtəsində olan 4 nəfər həlak olub.

ABŞ-ın Miçiqan ştatında da təyyarə qəzaya uğrayıb, evin üstünə düşüb. Hadisə nəticəsində təyyarədə olan 3 nəfər ölüb. "Türk Hava Yolları”na məxsus karqo təyyarəsi isə təcili eniş etməli olub. Türk qardaşlarımız is yaxşı qurtarıblar.

Atan rəhmətlik

Gəncədə baş verən oğurluq hadisəsi unikal sayıla bilər: əvvəllər məhkum olunmuş Teymur Həsənov tanışı Anar Əsgərovla birlikdə qardaşına məxsus fərdi yaşayış evinə qanunsuz yolla daxil olaraq oradan ümumi dəyəri 374 manat olan müxtəlif ölçülü dam örtüyü, 80 manat dəyərində pilləkən və 125 manat dəyərində dəmir su çənini oğurlayıblar. Atan rəhmətlik, çox nümunəvi qardaşlıqdır.