MƏDƏNİYYƏT

İlham Namiq Kamal: O vaxt Yeni ildə saatları sayırdılar, indi isə beşqat divar hörürlər

"Səmimi deyim sizə, mənim nə vaxt əməkdar, nə vaxt xalq artisti, nə vaxt "Şöhrət" ordeni ilə təltif olunduğumdan xəbərim olmayıb. Kim deyirsə ki, zəhmətim qiymətləndirilməyib, yalandır"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. İlham Namiq Kamal... Bu ad səslənəndə istər-istəməz insanların üzündə təbəssüm yaranır. Azərbaycan teatr və kino tarixində parlaq imzası olan, sənətkar ömrünün müdriklik çağını yaşayan, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı professor İlham Namiq Kamal oğlu Əhmədovla birlikdə onun həyat yoluna və yaradıcılığına nəzər saldıq.

Sənətkar özü barədə Sputnik Azərbaycan-a danışarkən bildirdi ki, yaşıdı olan həmkarlarından fərqli olaraq, ötən illərin xiffətini çəkmir: "Mən o illərin həsrətini heç vaxt çəkməmişəm. Mənim üçün bu hiss yaddır. Daim irəlini düşünmüşəm. Keçmişi xoş xatirə kimi anmaq olar. Amma keçmişlə yaşamaq insanı yalnız geriyə apara bilər. Hər bir insanın həyatında mərhələlər olur. Yaradıcı insanın həyatının mərhələləri tamaşaçıların gözü önündə olur. Bu mərhələlərdə çətin dövrlər də ola bilər. Amma çətin mərhələni də keçmək lazımdır".

"Qarşıda bizi zəfər dolu illər gözləyir. Müharibədə qazandığımız qələbə bizə yeni-yeni sənət uğurları qazanmağımıza rəvac verəcək. Əlbəttə ki, ötən illərdə unudulmaz sənət əsərləri - filmlər, teatr və televiziya tamaşaları ilə tamaşaçıların önünə gəldik. Amma bu o demək deyil ki, hər şey keçmişdə qaldı. Xeyr. Hələ çox gözəl illər qarşıdadır. Qarabağ müharibəsində uğur qazandıq, bioloji müharibə olan pandemiya müharibəsinə də qalib gələcəyimizə inanıram", - Xalq artisti deyir.

Pedaqoq-professor İlham Namiq Kamal Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktyoru" kafedrasının müdiridir. Sənətkar pandemiya dövründə sözügedən universitetdə tədris olunan aktyor dərslərinin vəziyyəti barədə də danışdı: "Pandemiya bütün sahələr kimi, bizim də sənətimizə təsir etdi. Digər universitetlər onlayn qaydada dərslərini davam edə bilərlər. Amma bizdə bu, çətindir. Burada təkcə aktyor sənəti müəllimi yox, konsertmeyster və musiqi rəhbəri də həmin dərsdə olmalıdır. Dərs üçtərəfli keçirilir. Təbii ki, tələbə ilə olan münasibət də burada əhəmiyyətlidir. Çünki aktyor sənəti canlı sənətdir, aktyorla canlı təmas vacibdir. Kafedramızın müəllimləri çalışırlar ki, bu çətin vəziyyətdən çıxa bilsinlər. Bu, müvəqqəti çətinlikdir".

"Aclıq olsun, kef olsun" - pandemiya ilinin səs-küylü ulduzları

Tamaşaçılara filmlərin kadrarxası məqamları filmdən daha maraqlı gəlir. Elə biz də düz 42 il əvvəl lentə alınan və hələ də tamaşaçıların sevə-sevə baxdığı "Qaynana" filmindən danışdıq: "Hüseyn Seyidzadənin əsərlərindən biridir. 42 il keçməsinə baxmayaraq insanlar hələ də o filmi sevə-sevə izləyirlər. Çünki rejissor Nəsibə xanımın və digər aktyorların sənətini peşəkarlıqla üzə çıxartdı, bu gün də tamaşaçılar ilk günkü sevgi ilə baxırlar. Film çəkilən vaxt mən yeni ağ rəngli "Jiquli" almışdım. Əvvəlcə dedilər, elə mənim öz maşınımı çəkək. Sonra Hüseyn müəllimlə qərara gəldik ki, biz axı rəngli film çəkirik. Ona görə də sarımtıl rəngli "Jiquli" tapdıq. Və çəkilişi də onunla elədik".

İlham Namiq Kamal həmişə ətrafa xoş ovqat bəxş edir, aktyordan bunun sirrini öyrənməyə çalışdıq: "Kimliyindən asılı olmayaraq hər bir insan cəmiyyətdə ailəsindən aldığı tərbiyəni sərgiləyir. O ki qaldı cəmiyyətə xoş əhval-ruhiyyə təqdim eləmək, bu bizim ailəmizdən gəlir. Çünki elə babalarım da, ailəmiz də belə olub. Biz hər zaman çalışmışıq ki, ətrafa xoş təəssürat bağışlayaq. Onsuz da insanların yetərincə problemləri var. Onları bir də öz probleminə şərik etmək lazım deyil. Bəzən səhər-səhər baxırsan, mısmırığı yerlə gedən birisi sənə salam verir. O sənə salam vermir, o sənin enerjini alır. İnsanlar həmişə pozitivliyini qoruyub saxlamağı bacarmalıdırlar. Ətrafa neqativ enerji saçan insanların cəmiyyətdə də hörməti olmur. Axı heç kəs ətrafında neqativ, qaş-qabaqlı insan görmək istəmir".

Xoşbəxt insanın bədən ölçüləri - Xalq artistimiz qeyri-adi ad günü keçirdi>>

Bu gün tamaşaçıların böyük bir qismi ötən illərin Yeni il tamaşaları və bayram proqramları üçün darıxdığını söyləyir. O dönəmlərdə insanlar Yeni ildə "Mavi işıq" proqramına baxmaq üçün saatları sayırdılar. Ailəliklə oturub izləyərdilər. Həmsöhbətimiz bunun səbəbini belə izah etdi: "O illərin Yeni il proqramları ona görə sevilərək izlənilirdi ki, proqramın içində yumor, satira dolu səhnələr yer alırdı. Xarici ölkələrdə də belədir, xüsusi bayram buraxılışı konsertlə kifayətlənmir. Axı tamaşaçı nə qədər mahnıya qulaq asa bilər? Tamaşaçı yorulur. Bu gün təqdim olunan bayram buraxılışlarında nə çatışmır? - Təbii ki, yumor, satira. Son zamanlar yumora, satiraya sanki sədd, hasar çəkilib. Özü də bir daşlı yox, beş daşlı hasar çəkilib. "Gəlin satiraya müraciət etməyək, yumora müraciət etməyək. Kiminsə qəlbinə toxunar. Hansısa vəzifəli adamın xətrinə dəymək olmaz. Çatışmazlıqları demək olmaz" prinsipi ilə yanaşmaq olmaz. Amma mən deyərdim ki, gülə-gülə, satira ilə hər şeyi demək olar və lazımdır. Baxın, özünüz görürsünüz ki, Ali Baş Komandan İlham Əliyev hər çıxışında hər şeyi açıq-aydın danışır. Uğurlarımızla bərabər, çatışmazlıqları da deyir. Bu belə də olmalıdır. Çatışmazlıqları deməsək, heç nə düzəlməz. Gərək çatışmazlıqları deyək ki, daha da inkişaf edə bilək. Televiziyalar bu nüanslara diqqət eləsələr, tamaşaçı da onları sevə-sevə izləyəcək".

İlham Namiq Kamala "teatr, yoxsa kino?" sualını verdik. Sənətkar bu suala elə özünəməxsus şəkildə cavab verdi:

"Teatr gövdəli bir palıd ağacıdır. Onun bir budağı kinodur, bir budağı televiziyadır, bir budağı estradadır. Yəni, əsas teatrdır. Teatr olmasa, bunların heç biri ola bilməzdi. Amma bir danılmaz fakt da var ki, aktyorun tanınmasında kinonun və televiziyanın çox böyük rolu var. Pandemiyanın dalğaları bitəndən sonra teatr, kino, televiziya dalğası gələcək. Pandemiya dalğasını yuyub ağaracaq. Çünki inanıram ki, Azərbaycan teatrı, kinosu inkişaf edəcək. Xalqımız istedadlı xalqdır. Sənətkarına da münasibəti həmişə yüksək səviyyədə olub".

Uzun illərin sənətkarı formada qalmağının sirrini açıqladı: "Mənə elə gəlir ki, təkcə sənət adamı yox, hər kəs özünə qarşı tələbkar olmalıdır. Əndazəni keçməməlidir. Geyimdə də, yeməyində də əndazə olmalıdır. Sizə bir sirr açım. Mən heç vaxt şirin çay içməmişəm. Özüm də bir dəfə həkimə dedim ki, mən qətiyyən şirin istəmirəm. Həkim də zarafatla dedi ki, "İlham müəllim, siz daxilən o qədər şirinsiniz ki, ona görə də bədəninizin şirinə ehtiyacı yoxdur". 6 aydan bir hərdən yadıma düşür, bir şokoladla kifayətlənirəm. Bir də altı aydan sonra yadıma düşər, ya düşməz. Bəlkə də məni gümrah saxlayan budur. O ki qaldı sənət adamlarına, onlar hər zaman görünüşlərinə diqqət etməlidirlər. Səhnəyə motalqarın çıxmaq olmaz. Bu, kişilərə aiddir, təbii ki, qadınlarımız da çəkilərinə, görünüşlərinə fikir verməlidirlər. Əndazədən çıxmaq olmaz. Mənim müəllimlərim Adil İskəndərov, Rza Təhmasib, Tofiq Kazımov həmişə deyərdilər ki, aktyor, sənət adamı nümunə olmalıdır. Nümunə kimi çıxmalıdır".

Əzmkar rejissor: "Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı"

"Yaradıcı insan körpədir, uşaq kimidir" deyir aktyor: "Adi məsələni deyim sizə, yaşı 60-70-dən yuxarı olan sənətkar səhnədə kağızdan hazırlanmış qızılgülü təbii qızılgül kimi qoxlayırsa, deməli, elə bu, uşaqdır. Körpə uşaq necə gəlinciklə, oyuncaqla oynayır. Onu şəfqət bacısı kimi oxşayır. Onun həqiqi olduğuna inanır. Elə aktyor da belədir. O da uşaq kimi inanır və inandığına görə də inandırmağı bacarır. Tamaşaçını inandıra-inandıra da ovsunlayır. Tamaşaçını öz aləminə aparır".

"Bir nümunə çəkim. 90 yaşında Ağasadıq Gəraybəyli Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasında Əliqulunu oynayırdı. Hərgah ona heç 50 yaş verməzdin səhnədə. Mən Ağasadıq müəllimin otağına gəldim, gül verdim. Dedim, Ağasadıq müəllim, təbrik edirəm, qayıtdı ki, necə oynadım? Dedim, əla, yüksək səviyyədə oynadınız. Baxdım ki, Gəraybəyli ağlayır. Dedim, Ağasadıq müəllim, nə oldu sizə? Dedi: "Çox sağ ol, oğlum, sözlərinə görə təşəkkür edirəm. Amma mən çox təəssüf edirəm ki, mənim bu müvəffəqiyətimi atam görmədi". Təsəvvür edin, 90 yaşlı adam atası haqqında fikirləşir. Atasının bu gün də olmağını arzulayır. Uşaqdır, körpədir, qəlbi təmizdir... bax budur aktyor sənətinin qüdrəti, budur yaradıcı insanın həyatı".

Sənətkar sənət yoldaşları ilə olan maraqlı anlardan da danışdı: "Deməli, bir dəfə Mirvari Novruzova ilə Gəncədə qastroldayıq. Biz rəhmətlik Yaşarla hər yerə birlikdə gedirdik. Yaşarla dükana gedirdik. Dedik, Mirvari xanım, sizə nə alaq? Mirvari xanım dedi ki, balalarım, heç nə lazım deyil, gündə bir butulka Gəncə badamlısı içirəm. Deməli, bunun stoluna hər gün "Badamlı" qoyurlar. Mirvari xanım elə bilib ki, bu, Naxçıvanın yox, elə Gəncənin "Badamlı"sıdır. Görün nə qədər türkəsayaq, nə qədər saf insan olub".

İlqar Muradov: "Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var"

"Bir dəfə də Kürdəmirdə yayın qızmar çağında gedirik tamaşa oynamağa. Orada Mədəniyyət sarayı ilə mehmanxananın arasında sönməz məşəl var. O qədər istidir, dayanmaq mümkün deyil. Qabaqda Mirvari xanım və digər aktrisalar gedirlər, arxalarıyla da mənimlə Yaşar gedirik. Birdən Mirvari xanım əlində yelpiklə məşəlin qarşısında dayanıb, barı bunu söndürün dedi. Yəni, baxın, uşaq olmaq, təmiz olmaq, bax budur sənətin qayəsi. Ona görə onların oynadıqları obrazlar səmimi olub. Çünki özləri inanıblar".

XX əsrin 70-ci illərindən bəri sənətə yorulmadan xidmət edən aktyor "normal sənət adamının qiyməti vaxtında verilir" deyir: "Heç onun xəbəri də olmur. Səmimi deyim sizə, mənim nə vaxt əməkdar, nə vaxt xalq arsiti, nə vaxt "Şöhrət" ordeni ilə təltif olunduğumdan xəbərim olmayıb. Kim deyirsə ki, zəhmətim qiymətləndirilməyib, yalandır. Sadəcə işləmək lazımdır. İnanın ki, xalq bizi bizdən yaxşı tanıyır. Çalışan sənətkarın qiymətini xalq da, dövlət də vaxtında verir".