CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis koronavirus vaksinləri ilə bağlı qərar verdi

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur. Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.

Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.