MƏDƏNİYYƏT

Özbəkistanda Azərbaycana görə mükafatlar paylandı

Azərbaycanın tarixi, haqq işinin təbliği, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluq əlaqələrini fəal təbliğ edən Özbəkistan xəbər agentlikləri, saytları da xüsusi mükafata layiq görülüblər
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2020-ci il üzrə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə "İlin qalibləri" müsabiqəsinə yekun vurulub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin qalibləri xüsusi təşkilat komitəsi tərəfindən müəyyən ediliblər.

İlin "Ən yaxşı televiziya verilişi" nominasiyası üzrə mükafata Özbəkistanın Dövlət Televiziyasının "Özbəkistan tarixi" telekanalının "Manbalar sozlaganda" adlı verilişinin aparıcısı Dildora Həsənova layiq görülüb.

Azərbaycanın tarixi, haqq işinin təbliği, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluq əlaqələrini fəal təbliğ edən Özbəkistan xəbər agentlikləri, saytları da xüsusi mükafata layiq görülüblər. Onların arasında Özbəkistanın "human.uz", "qalampir.uz", "interfax.uz", "fikr.uz", "islamonline.uz", "interpress.uz", "tnews.uz" və "ishonch.uz" saytları var.

İlin "Ən yaxşı tərcümə əsəri" nominasiyası üzrə Şəhla Qasımovanın tərcüməsində tanınmış Azərbaycan şairi Məhsəti Gəncəvinin özbək dilinə tərcümə etdiyi "Rübailər" kitabı seçilib.

"Nar bayramı" ispan qəzetində mövzu oldu

"Ən fəal ictimaiyyət nümayəndəsi" nominasiyası üzrə şairə və tərcüməçi Dilbar Xaydarova mükafata layiq görülüb. Azərbaycanlı fəal, Gənclər təşkilatının sədri Əli Sarızadə də xüsusi mükafatla təltif edilib.

"İlin tanınmış ədəbiyyatşünasları, elm xadimləri" mükafatı üzrə Özbəkistanın "Turon" Akademiyasının prezidenti, akademik Haydarbek Bababekov, Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Behriyev və ekspert Şokir Dolimov qalib elan olunublar.

Müsabiqədə Azərbaycanın yaxın dostu, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında çoxsaylı xidmətləri olan özbək alim, jurnalist Şuxrat Salamov da mükafata layiq görülüb.

Azərbaycan publisisti, tarixçi alim Teymur Atayevin "Əmir Teymur fenomeni" kitabı "İlin ən yaxşı əsəri" seçilib.

Bundan başqa, Özbəkistanda İlin ən yaxşı mədəniyyət layihələri də müəyyənləşdirilib.

Özbəkistan Dövlət Film Fondunun dəstəyi və "First Art Media" şirkətinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş "Oltin ko'prik: Qızıl körpü" sənədli filmi müsabiqənin qalibi elan olunub.

İlin ən yaxşı musiqi layihəsi mükafatına "Do'stlik madhi" klipi layiq görülüb. Qeyd edək ki, musiqinin sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın Xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.

AMM-nin direktoru Samir Abbasov pandemiya ilə əlaqədar builki müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin keçirilmədiyini söyləyib, mükafatların fərdi olaraq təqdim ediləcəyini bildirib.