CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyalar nə qədər artacaq? - Milli Məclis qərar verdi

"Əmək pensiyalarının orta aylıq məbləğinin 38 manatadək artaraq gələn il ölkə üzrə 340 manata, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı proqnozlaşdırılır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Fondun 2021-ci il üçün gəlir və xərcləri bərabər olmaqla 5 146 030 160,0 manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə nisbətən 361,134 milyon manat və ya 7,55 faiz çoxdur. Fondun gəlirlərinin 68,4 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 31,6 faizi isə dövlət büdcəsindən transfer hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,59 faizi, və yaxud 2 milyard 157 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 1 milyard 345,43 milyon manat təşkil edir. 2021-ci ildə dövlət büdcəsindən transfertin məbləği 1 milyard 631 milyon 530 min manat nəzərdə tutulub.

Yaşayış minimumu artdı, bəs 190 manat?

2021-ci ildə Fondun xərclərinin əsas istiqamətlərini əhaliyə əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətləri üzrə ödənişlər, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, dəfn üçün xərclər, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə ödənişlər, pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərclər, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının, habelə DOST agentliyinin əhaliyə sosial sahədə xidmətinin təşkili üzrə fəaliyyətinin xərcləri təşkil edir.

Fondun növbəti ilə proqnozlaşdırılan ümumi xərclərinin 97,26 faizini əhaliyə ödənişlər təşkil edəcək. Bu məbləğin 4 milyard 880 milyon 40 min manatı əmək pensiyaları, 124,74 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər hesabına təmin ediləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün 338 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Aparılan uğurlu sosial siyasət nəticəsində əmək pensiyalarının orta aylıq məbləği ilbəil artır. 2019-cu ildə bu məbləğ 263,59 manat, 2020-ci ilin birinci yarımilliyində 297,85 manat təşkil edib, 2020-ci ilin sonunda 301,1 manata çatması, 2021-ci ildə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, DSMF-nin büdcəsinin gələn il üçün həm gəlirlərində, həm də xərclərində 7,6 faiz artım olacaq, pensiyaların artım dinamikası davam edəcək, pensiyalar təxminən 9,3 faiz artacaq. Əmək pensiyalarının orta aylıq məbləğinin 38 manatadək artaraq gələn il ölkə üzrə 340 manata, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı proqnozlaşdırılır ki, bu da cənab Prezidentin apardığı məqsədyönlü sosial siyasətin bariz nümunəsidir. Müavinətlərdə də xeyli artımlar proqnozlaşdırılır və bütövlükdə DSMF-nin gələn il üçün büdcəsi aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsində etibarlı təminat yaradacaq.

Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.