TƏHLİL

İnsanı öldürmək hüququnu robota versək, bəşəriyyətin məhvi qaçılmaz olacaq

Əgər Sovetlər müharibəni ilk 6 ayda uduzmasaydılar, deməli, qalib olacaqdılar. Avantürist ruhlu Adolf Hitler sovetlərin daha çox qorxudan təslim olacağını düşünürdü. Amma silah-sursat baxımından almanların geriliyi hər addımda duyulurdu.
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Hər bir müharibədə yeni silah növlərinin, yeni savaş texnologiyasının sınağı keçirilir. Qalib gəlmək üçün mütləq əvvəlki düşüncə tərzindən imtina edib ortaya nəsə yeni bir ideya qoymalısan. Döyüş zonasında yoxlanılmayan bir çox hərbi silah real savaş şəraitində gözləntiləri doğrultmur, məhz bu səbəbdən hər bir, hətta kiçik müharibə bir növ poliqondur, yeni döyüş taktikası, strategiyası və silah növləri yoxlanılır.

"Katyuşa" reaktiv artilleriya sistemləri alman ordusunu çox qorxudurdu

İkinci Dünya savaşında nasist Almaniyasının Sovet İttifaqına hücum etməsi bir çox tarixçilər üçün müəmmalı bir qərar kimi qalmaqdadır. Almaniya sərhəddə cəmi 3,5 milyon əsgər və zabit toplamışdı. Onlara qarşı 6,5 milyonluq ordu qərarlaşırdı. Həm tankların, həm də təyyarələrin sayına görə Sovet ordusu almanları bir neçə dəfə üstələyirdi. Özü də sovet sənayesi dayanmadan yeni-yeni silah növləri istehsal edirdi. Almanların topları T-34 və ağır KB tanklarını vurmaqda aciz idilər. Sovet ordusu artilleriya tərəfdən də almanları üstələyirdi.

İlk mərhələdə almanlar düşmən tərəfin bütün tank, təyyarə və artilleriyasını darmadağın edə bildilər. Müharibənin elə ilk altı ayında haradasa 3 milyon sovet əsgəri əsir götürüldü. Sovet ordu hissələri isə geri çəkilməklə ölkənin böyük hissəsini düşmənə verdilər. Səbəb Almaniyanın yeni döyüş strategiyasını ortaya qoymasında idi, amma ölkə müharibəni mütləq uduzmalı idi. Rəqibin həm insan qüvvəsi, həm iradəsi, həm yanacağı, həm başqa ehtiyatları, əsas isə silah hazırlamaq üçün imkanları daha çox idi. Sovet sənayesi külli miqdarda silahı hətta müharibədən də öncə istehsal etmişdi, amma bu silahla döyüşə biləcək ordu olmadığından elə ilk altı ayda hamısını itirmişdi.

Almanlar olduqca hazırlıqlı idilər, amma uzunmüddətli müharibə aparmaq üçün silahları yox idi. Hətta müharibənin sonuna kimi hər bir alman hərbçisinin qorxduğu bir silah vardı. "Katyuşa" adlanan reaktiv artilleriya sistemləri alman ordusunu çox qorxudurdu. Buna bənzər heç bir silahı almanlar yarada bilmədilər. Ümumiyyətlə sovet sənayesi hərbi sursat, bomba istehsalında almanları çox geridə qoydu. Tankların və təyyarələrin də hərəkəti üçün kifayət qədər yanacaq vardı. Almanlar isə yanacağı, daha doğrusu sintetik benzini daş kömürdən alırdılar. Bu yolla müharibəni necə udasan?

Əgər Sovetlər müharibəni ilk 6 ayda uduzmasaydılar, deməli, qalib olacaqdılar. Avantürist ruhlu Adolf Hitler sovetlərin daha çox qorxudan təslim olacağını düşünürdü. Amma silah-sursat baxımından almanların geriliyi hər addımda duyulurdu. Məğlubiyyət qaçılmaz idi. Almanlar ha çalışsalar da, texniki geriliyi aradan qaldıra bilmədilər. Sovet insanı hər çətinliyə dözdü, amma silah istehsalı bir gün dayanmadı, proses günü-gündən mükəmməlləşdi.

Bir mükəmməl silaha qarşı nəsə əks-silah olmalıdır

ABŞ 1965-ci ildə kiçik Vyetnamda müharibə etmək qərarını verəndə öz gücünə tam əmin idi. Amerikalılar elə aviasiyanın köməyi ilə Vyetnamı darmadağın edəcəklərini də düşünürdülər, amma bu savaşdan məğlub durumda çıxdılar. SSRİ-nin Vyetnama təmənnasız olaraq verdiyi S-75 zenit-raket kompleksləri müharibənin taleyini həll etdi. İlk mərhələdə Şimali Vyetnamın ərazisini mərmilərlə şumlayan ABŞ aviasiyası sonralar çox böyük təhlükə ilə üz-üzə qaldı. Sovet silahı ABŞ təyyarələrin çoxunu uğurla məhv etdi. Minlərlə təyyarəsini itirən amerikalılar ümumilikdə 50 min hərbçinın həyatına son qoyan bu müharibədən məğlub olaraq çıxdılar. Hər bir müasir silah növü qalib olmaq üçün bir imkandır.

Əzmkar ruhlu vyetnamlılar ABŞ aviasiyasından gizlənmək üçün yeraltı şəhərlər yaratdılar, kimyəvi silahın tətbiqi bütün yaşıl əraziləri viranə qoydu, milyonlarla insan qırıldı, amma qalib gəlmək üçün sovet silahı və bu silahla döyüşmək üçün sovet hərbçilərinə ehtiyac vardı. S-75 ZRK sistemləri ölkəni tam dağılmaqdan xilas etdi. Bir mükəmməl silaha qarşı nəsə əks-silah olmalıdır, yoxsa qalib gəlmək olmaz.

Qarabağ savaşında adi bir dron bu zenit-raket kompleksini sıradan çıxara bildi

İkinci  Qarabağ müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi, hərbi texnikanın tam sıradan çıxarılması da Azərbaycan tərəfinin savaşa daha yaxşı hazırlaşması, yeni taktika, strategiya və silah növlərinin tətbiqi ilə bağlıdır. 15-20 il öncə ABŞ aviasiyasını Vyetnamda məhv etmiş S-75 ZRK sistemlərinin müasir modifikasiyası olan S-300 ZRK sistemləri NATO hərbçilərinə bir dəhşətli yuxu kimi görünürdülər. Olduqca möhtəşəm bir silah növüdür, istənilən hava obyektini məhv etməyə qadirdir. Amma Qarabağ savaşında adi bir dron, başqa sözlə desək, pilotsuz uçuş aparatı (PUA) rahatlıqla bu zenit-raket kompleksini sıradan çıxara bildi.

Azərbaycanın müharibədə qələbəsi məhz yeni yanaşma və müasir silahdan istifadənin sintezinə görə mümkün oldu. PUA-lar erməni tərəfi üçün qorxulu bir yuxuya çevrildi. Erməni hərbçiləri bu silahdan xilas olmağın mümkünsüz olduğunu etiraf ediblər. Hərbi dronların obyektləri bu qədər dəqiqliklə məhv etməsi həm də qarşı tərəfdə bir ümidsizlik, ruh düşkünlüyü də yaradıb. İkinci Qarabağ müharibəsində qazanılan qələbə uzunmüddətli prosesin nəticəsidir. Hərbi kadrların dünyanın ən aparıcı təhsil ocaqlarında hazırlanması, hərbi texnika və müasir silahların əldə edilməsi, bu silahla işləmə bacarığının formalaşması xeyli vaxt tələb edib. Ermənistan belə bir ssenariyə hazır olmayıb, müharibəyə elə ənənəvi qaydada hazırlaşıb, istehkam qurub, yeri-yurdu minalayıb, sovetdən qalma hərbi texnika ilə gələcək müharibədə qalib olacağını düşünüb. Nəticədə hərbi texnikası tam darmadağın edilib, canlı qüvvədə xeyli itki verib, nə istehkamın xeyri olub, nə də minaların.

Bu gün qələbə gətirən silah sabah mənasız bir metal yığınına çevrilə bilər

Qələbə nə qədər möhtəşəm olsa da, yastığı başın altına qoymağın vaxtı deyil. Bu gün məğlub olan Ermənistan sabah bu dronlardan müdafiə sistemlərini əldə etmək üçün bütün vasitələrə əl atacaq. Bu gün qələbə gətirən silah sabah mənasız bir metal yığınına çevrilə bilər. Bu səbəbdən Azərbaycan hər ən yeni texnologiyanın hazırlanması və istifadəsinə hazır olmalıdır.

Gələcək müharibələrin bir problemi elə gün kimi aydın görünür. Hazırda insan itkisini azaltmaq üçün daha çox hərbi robotların istifadəsinə və məsafədən idarə olunan silahlara üstünlük verilir. Elə Rusiya sülhməramlıları da Xankəndi və ətraf rayonlardakı əraziləri minalardan “Uran-6” markalı robotlardan istifadə etməklə təmizləyirlər. Artıq 80 hektar ərazi və 24,8 km uzunluğunda yol minalardan azad edilib.

Əlbəttə ərazini minadan təmizləmək üçün robotdan istifadə çox gözəl bir təşəbbüsdür, amma silah istehsalçıları buna qane olmurlar. Artıq döyüş zonasında hərbi robotların istifadəsinə başlanılıb. Yəni bir ölkənin istehsal etdiyi kiborqlar artıq düşmənin canlı qüvvəsini məhv edəcəklər. Süni intellektlə təchiz edilmiş tanklar hücuma keçəcək, öz-özünü idarə edən, havadakı dronlardan məlumat almaqla atəş açacaq hərbi qurğular uzaq məsafədən atəş açacaqlar.

Robotlara digər insanı öldürmək səlahiyyəti vermək ən böyük axmaqlıqdır

İnsan robota qarşı döyüşə bilərmi? Bir zaman yalnız fantastik filmlərdə gördüyümüz kiborqlar insanı öldürməyə proqramlaşdırılsalar, bəşəriyyətin taleyi necə olacaq?

İnsanın əli ilə yaradılan və süni intellektin köməyi ilə idarə olunacaq robotlara digər insanı öldürmək səlahiyyəti vermək öz-özlüyündə ən böyük axmaqlıqdır. Pilotsuz təyyarə və avtomobil yaratmaq olar, tank və digər texnikanın idarəsini də kompüterə vermək mümkündür, ərazini minadan təmizləmək üçün yenə də robotlardan istifadə edilməsi məqsədəuyğundur. Sadəcə, rəqibi öldürmək, başqa insanlara atəş açmağa qərar vermək səlahiyyəti heç bir zaman süni intellektin əlində olmamalıdır. Səhv qərarı da, doğru qərarı da insan özü verməlidir, heç olmasa sonra kimisə məsuliyyətə cəlb etmək olar, kimsə tarix qarşısında cavab verər. Beləsə, cansız bir maşındır, proqramda nasazlıq oldu, başladı hara gəldi atəş açmağa. Ya da bir gün mərkəzi kompüter insan nəslini məhv etmək qərarına gəldi, bəyəm biz bu kiborqları məhv edə biləcəyikmi?

Böyük əminliklə bu mümkün olmayacaq. Bu halda bəşəriyyətin məhvi də qaçılmaz olacaq. Elə Arnold Şvartseneggerin baş qəhrəmanı olduğu “Terminator” filmində insanların siçan kimi yerin altında gizləndiyini görürük. Üzə çıxa bilməzsən, o dəqiqə robotun hədəfinə tuş gələcəksən. Bu seriyadan artıq neçə film çəkilib. İlk filmdə Arnold gənc bir aktyor idi, o hadisələr bizə bir fantastik durum kimi görünürdü. Bu gün artıq o texnologiyaların bir çoxu reallıqda əksini tapıb. Dünya artıq ümumi bir platformada birləşib, sistemdə kiçik bir qarışıqlıq olsa, nüvə müharibəsi də qaçılmaz olacaq.

Hərbi sahədə əldə olunan üstünlüyü isə qoruyub saxlamaq mütləqdir

Fərqli düşüncəli insanlar yaşam tərzində müxtəlifliyi kənara qoyub bir-birini anlaya biləcəklərmi? Razılıq əldə edib başqasını düşmən kimi qəbul etməkdən əl çəkəcəyikmi? Bu sualların birmənalı cavabı yoxdur. Bəlkə nə vaxtsa bəşəriyyət birgə yaşamın yeni modelini tapa biləcək.

Azərbaycanda daim multikulturalizm ideyaları təbliğ edilir, yəni həm ölkə daxili, həm də xarici siyasətdə hər bir millətə, xalqa qarşı mehriban münasibətlərin formalaşması dövlətin prioritet kimi qəbul etdiyi strategiyadır. Amma texnoloji müstəvidə geriliyə yol vermək olmaz heç bir halda. Hərbi sahədə əldə olunan üstünlüyü isə qoruyub saxlamaq mütləqdir. “Türk bizim əbədi düşmənimizdir” ideyası ilə yaşayan bir qonşunun yaxınlığı türkü silahı əldən verməməyə məcbur edir. Əbədi düşmənçilik ideologiyası bitənə qədər.