Bir vaxtlar Səbinə Mehdiyeva motosiklet sürən insan görəndə onların buna necə cürət etdiyini anlaya bilmirdi. İnsan özünü bilərəkdən bu cür təhlükəyə niyə atsın axı? Amma bir gün yaxın dostları ilə motosiklet məktəbinə gedən Səbinə ilk dəfə motosikletə əyləşəndən bəri ilk baxışdan sevgiyə inanmağa başlayıb.
“Bayk sürərkən elə bil tam azadlıq və uçuş hissi yaranır. Sən təbiətlə və yolla bütünləşirsən. Bu anda yalnız sən, bayk və qarşındakı yol var. Heç bir fikrin olmur. Deyə bilərəm ki, bayk çox yaxşı antidepressantdır”, - deyə həvəskar bizimlə bölüşüb.
Bəs qadın və baykların üst-üstə düşə bilməyəcəyi haqda stereotiplər? Səbinə onlara inanmır və Bakıda kifayət qədər qadın motosikletçilərin olduğunu deyir. Bu vaxta qədər mənfi reaksiya ilə də qarşılaşmayıb. Əksinə, insanlar işıqforda onu böyük maraqla seyr edirlər.
Amma Səbinə motosiklet üzərinə əyləşmək istəyən hər kəsə ilk öncə məktəbdə onu idarə etməyi öyrənməyi məsləhət görür. Özü isə daha çox səhər sübhdən və ya Bakı kənarında sürməyi tərcih edir.