CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Koronavirusa qarşı dərmanların tapılmaması monopolistlərin işinə yarayır

Musa Quliyev: "Mövcud strukturlar müraciət etsə ki, bütün bürokratik əngəllər aradan qaldırılır və bu adda dərmanların ölkəyə gətirilməsini təmin edin, 15 günün içərisində bütün dərman bazarı dolar, qiymətlər də ucuzlaşar".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Koronavirusun müalicəsində istifadə edilən dərman preparatlarının apteklərdə tapılmaması, eləcə də çox baha qiymətə satılması artıq ölkə əhəmiyyətli böyük problemə çevrilib. Məlumatlara görə, bu gün koronavirusun müalicəsində istifadə edilən dərmanların qəhətə çəkilməsinin bir əsas səbəbi tələbatın artmasıdırsa, digər amil bu xəstəliyin müalicəsində istifadə edilən dərmanların qeydiyyatı olmadığından Səhiyyə Nazirliyi tərəfindən idxalına və satışına icazə verilməməsidir.

Məlumat üçün qeyd edək ki, dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin səlahiyyətindədir. Ölkəmizdə dərmanların qeydiyyat proseduru 6 ay sürür. Artıq bəzi ölkələr pandemiya dövründə virusun müalicəsində tələb olunan dərmanları qeydiyyat prosedurundan çıxarıb. Buna missal olaraq, Özbəkistan Səhiyyə Nazirliyini çəkmək olar. Hazırda Özbəkistanda nə test, nə də dərman çatışmazlığı var. Bəs görəsən, Azərbaycanda dərman çatışmazlığına səbəb olan bu amil necə aradan qaldırıla bilər?

Fürsətcil xəstəxanalar, aciz qalan koronavirus xəstələri və malakeş TƏBİB

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, ekstremal şəraitdə defisitin aradan qaldırılması üçün sahibkarlara şərait yaratmaq, onların fəaliyyətini stimullaşdırmaq lazımdır. Deputat deyib ki, COVID-19-un müalicəsi üçün təyin olunan "Arbidol", "Favipiravir", "Ritonavir", "Kleksan", hətta ürək, qan-damar xəstəliklərində təyin edilən "Riboxin" yoxa çıxıb:

"Yoxa çıxan dərman vasitələri isə toplu şəkildə, həm də od qiymətinə "qara bazar"da peyda olub. Qiymətin "od"u isə xəstəni qızdırmanın hərarətindən daha çox yandırır. O dərəcədə ki, pulun yoxdursa, sonuna hazır olmalısan düşüncəsinə qapılırsan. Panika, ümidsizlik isə COVID-19-a yoluxmuş xəstə üçün virusdan daha təhlükəlidir. Defisitin baş verməsi yalnız monopolistlərə lazımdır. Bu, nə vətəndaşın, nə də dövlətin xeyrinədir. Dərman bazarında yaranan qıtlıqla bağlı Azərbaycanda dərman siyasətini idarə edən qurumlar birbaşa bütün dərman şirkətlərinə müraciət etməlidirlər. Hansısa bürokratik əngəllər mövcuddursa, onun aradan qaldırılması üçün şirkətlərə yardımçı olmalıdırlar. İnandırım sizi, mövcud strukturlar belə müraciət etsə ki, bütün bürokratik əngəllər aradan qaldırılır və bu adda dərmanların ölkəyə gətirilməsini təmin edin, 15 günün içərisində bütün dərman bazarı dolar, qiymətlər də ucuzlaşar. Sadəcə bunun üçün dövlət qurumları tərəfindən təşəbbüs göstərilməlidir. Mən onları bu təşəbbüsə çağırıram. İnsanlar çətin vəziyyətdədirlər".

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərmanların ölkəmizə gətirilməsi və qeydiyyatı çox uzun sürən bürokratik əngəllərlə dolu bir prosesdir:

"Çox təəssüf ki, nə Səhiyyə Nazirliyi, nə də ki İqtisadiyyat Nazirliyi dərman idxalı ilə məşğul olan sahibkarlara qanunla bağlı informasiya vermirlər. Dərman preparatlarının ölkəyə ixracı və idxalı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu qanunun 6.5.3 bəndində göstərilir ki, epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda istifadə məqsədilə idxal olunan dərman vasitələrinin hər hansı qeydiyyatı tələb olunmur. Yəni, koronavirus pandemiyası dövründə COVID-19-un müalicəsində istifadə edilən dərmanlar ölkəmizə qeydiyyatsız gətirilə bilər".

Koronavirus səhiyyə xərclərimizi artırdı - 42,5 milyon manat ayrılacaq

Ekspertin sözlərinə görə, bu qanunun 9.3. bəndində qeyd edilir ki, epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin idxalına onların istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Bu isə o deməkdir ki, istehsalçı ölkənin qeydiyyat şəhadətnaməsi və sertifikatı dərmanı idxal edən ölkə üçün yetərlidir.

Ekspertin fikrincə, İqtisadiyyat Nazirliyi dərman idxal edən şirkətləri dəvət edərək onlara qanunu izah etməli, bildirməlidir ki, onlar 6 aylıq bürokratik əngəlləri aşaraq koronavirusun müalicəsində istifadə edilən dərmanları ölkəyə dövlət qeydiyyatından keçirmədən gətirə bilərlər:

"Bunun üçün Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi o dərmanların siyahısını hazırlamalıdır. Bu siyahıya koronavirusun istifadəsində istifadə edilən və qandurulducu digər dərmanları da əlavə etməklə həmin dərman preparatlarının ölkəmizə gətirilməsini təmin etmək tapşırılmalıdır. Bu təlimat Gömrük Komitəsində də var. Onlar da bilirlər ki, həmin siyahıya daxil olan dərmanların ölkəmizə idxalı qeydiyyatsız mümkündür. Fikrimcə, o siyahıya antiviral dərmanları da daxil etmək lazımdır. Məsələn, bu gün "Parasetemol" apteklərdə tapılmır. Dediyim yolla ölkədə dərman çatışmazlığı aradan qaldırıla bilər".

Ekspert onu da bildirir ki, TƏBİB-in nəzdindəki modul tipli xəstəxanalarda, yaxud da rayonlarda koronaviruslu xəstələrin müalicəsi üçün ayrılmış xəstəxalarda dərman preparatlarının çatışmazlığı var: "TƏBİB ancaq dövlət xətti ilə gələn dərmanları xəstəxanada müalicə olunan xəstələrə istifadə edir. Amma bu gün evdə TƏBİB və Səhiyyə Nazirliyinin protokolu əsasında müalicə alan xəstələr də var. Həmin xəstələrin dərman təminatı ölkədəki 10 minə yaxın aptek üzərindədir. Onların təminatı isə özəl təchizatçı iki böyük şirkət tərəfindən təmin olunur.

Koronavirus birləşdirir: Ruslarla memorandum imzaladılar

Həmin şirkətlər də dərmanları ölkəmizə dərman idxal edən fiziki və hüquqi şəxslərdən alırlar. Ona görə də, ölkəmizə dərman idxal edən iş adamlarını stimullaşdırmaq lazımdır ki, Azərbaycana COVID-19-un müalicəsində istifadə edilən dərmanları gətirsinlər. Hətta o iş adamlarına maliyyə dəstəyi də göstərmək olar ki, onlar tələbatı ödəyəcək qədər dərman idxal edib bazarı təmin etsinlər. Beləcə öz qazanclarını da götürsünlər, dövlətin pulunu da geri qaytarsınlar. Bu problemi bir müşavirə keçirtməklə yoluna qoymaq mümkündür. Çünki qanunvericilik pandemiya şəraitində bir sıra dərmanların qeydiyyatsız ölkəmizə idxalına imkan verir".

Xatırladaq ki, bu gün apteklərdə koronavirusun müalicəsində istifadə edilən dərmanlar yağlı əppək olub göyə çəkilib. Əl altından satılan antiviral dərmanlar isə maya dəyərindən dəfələrlə bahadır. Hətta ölkəmizdəki apteklərdə adi C vitamininin limitlə satılması halları mövcuddur. COVID-19 xəstəliyinin müalicəsində istifadə edilən dərmanların çatışmazlığı xəstələri ölümlə üz-üzə qoyur. Kimisi dərmanı vaxtında əldə edə bilmədiyindən, kimisi də həmin dərmanları almağa imkanı olmadığından vəfat edir. Evdə dərmanla təmin olunmayacaqlarını yaxşı bilən xəstələr isə xəstəxanalara yerləşmək üçün əsl həyat mübarizəsi aparırlar. Amma onlar üçün son ümid yeri olan xəstəxanalardan da əksər hallarda naümid geri dönürlər. Çünki xəstəxanalarda da yer yoxdur...