QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin Qarabağ üzrə razılaşma haqda: "Ardıcıl reallaşdırılması əhəmiyyətlidir"

Təmas xətti boyu yerləşdirilən Rusiya sülhməramlıları yeni gərginliyə yol verməmək üçün əllərindən gələn hər şeyi edirlər.
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Dağlıq Qarabağ üzrə razılaşma ümumilikdə ardıcıl olaraq həyata keçirilir, Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirlər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu MDB sammitində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiyanın Qarabağ bölgəsində qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq, sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik səyləri göstərdiyi artıq qeyd olunub. Biz ATƏT-in Minsk qrupu tərəfindən əldə edilmiş başlıca razılaşmalara əməl etməyə çalışırdıq", - deyə Putin qeyd edib.

O, xatırladıb ki, noyabrın 9-u üçtərəfli saziş imzalanıb: "Sənədin ardıcıl şəkildə reallaşdırılması əhəmiyyətlidir. Təmas xətti boyu yerləşdirilən Rusiya sülhməramlıları yeni gərginliyə yol verməmək üçün əllərindən gələn hər şeyi edirlər"

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Putin növbəti dəfə xatırlatdı: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir"

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.