BAKI, 18 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, "Moderna" şirkətinin koronavirus əleyhinə peyvəndinin istifadəsinə icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.
""Moderna"nın vaksini böyük əksəriyyət tərəfindən təsdiqlənib. Onun çatdırılmasına dərhal başlanılacaq", - deyə Tramp "Twitter"də yazıb.
Bu arada ABŞ-ın "Moderna" şirkəti təxminən 400 min doza koronavirus əleyhinə peyvəndi məhv edib. "Moderna"nın istehsalın son mərhələsində süzülmə problemləri səbəbindən peyvəndin bu partiyasını ləğv etmək məcburiyyətində qaldığı bildirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 74,9 milyonu keçib, 1,66 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.