MƏDƏNİYYƏT

Nə görüş var, nə teatr, nə kino - Mağazaya gedəndə dost-tanış adı çəkə bimirik ki...

"Mən bu haqda danışmağa başlasam, ciddiyə almayacaqsınız, çünki hər zaman mənim sözlərim şişirdilərək meydana çıxıb"
Sputnik

Sputnik Azərbaycan-ın qonağı Mehriban Xanlarovadır. O, 1967-ci il avqustun 12-də doğulub. 1998-ci ildən Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası kimi çalışır. Respublikanın Əməkdar artisti, dövlət mükafatçısıdır.

- Mehriban xanım, İncəsənət Universitetində müəlliminiz Məlik Dadaşov olub. Onunla bağlı bir xatirənizi bölüşə bilərsiniz?

- 1986-cı ildə İncəsənət Universitetində oxuyurdum və mənə dedilər ki, müəllimin Məlik Dadaşov olacaq. Ümumiyətlə, o dövrlə indiki tələbəlik illəri tamam başqadır. O, öz sənətinin vurğunu olduğu kimi, bizə də bunu öyrədirdi. Məsələn, onun dərsinə gecikə bilməzdik, bircə mən gecikmişəm bir dəfə. Onda da məni qapı arxasında saxlamışdı, mən də “baş üstə” demişdim. Ondan öyrəndiyimiz çox şeylər var. Görün necə xoşbəxtdir ki, elə səhnədə də dünyasını dəyişdi.

- Siz həm teatr, həm də kino aktrisasısınız. Azərbaycanda teatr və kinonun hansı problemləri var? Nədir Azərbaycan teatr və kinosunun dünya səhnəsinə çıxmamasına səbəb?

- Hər zaman mən deyirəm ki, mənim tək danışmağımla olmur, güc birlikdədir. Mən bu haqda danışmağa başlasam, ciddiyə almayacaqsınız, çünkü hər zaman mənim sözlərim şişirdilərək meydana çıxıb. Bu gün də, başımı da kəssələr, mən sözümü deyəcəyəm. Mən instituta təzə daxil olanda artıq baş rol oynayırdım. Kinostudiyanın o isti yuvası vardı mənim üçün, bu gün o yuvanı hələ də axtarıram. Əvvəllər çox isti münasibət vardı, bu gün isə yoxdur. Baxırıq da seriallara, pul xatirinə çəkilirlər. Səhnədə olarkən təbii olmaq, hiss etmək şərtdir. Mən bu gün çəkilişdə olanda can qoyuram, mən ağlayanda gözümdən gələn yaş içimdən gəlməlidir. Adi bir yıxılma səhnəsində belə o ağrını əgər mən hiss eləsəm, siz də hiss edəcəksiniz. Məsələn, yadınızdadırsa, Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmində - Allah Nuriyyəyə rəhmət eləsin, Kəmaləyə də can sağlığı versin. Demək istəyirəm ki, filmi Riqaya aparıblar, baxıblar orada, soruşublar ki, bunlar, həqiqətən, Azərbaycan aktrisalarıdır? Yəni o qədər bəyənilib. Kaş Şahmar indi sağ olaydı, mənim haqqımda da çoxlu planları var idi. Məni at belində görürdü, bandit görürdü, oğru kimi görürdü... Amma mən demişəm və deyəcəyəm də, mənim bu gün olduğum yerə gəlməyimdə Şahmar çox böyük rol oynayıb.

- Deyirsiniz ki, pulsuzluqdan hamı gəlib kinoya, seriala çəkilmək istəyir. Niyə aktyorun pulu yoxdur? Niyə aktyor kinoya, seriala çəkilib çox ucuz qiymətə əməyini satır? Bu, böyüklərin problemidir?

- Bəli. Balıq başdan iylənir. Rejissorla oturub danışanda deyir, dost-tanışdır və s. Amma mağazaya gedəndə dost-tanış adı çəkə bimirik ki. Deyirlər ki, xaricdə qonorar belə verilir. Mən özüm xaricdə olanda, aktrisa olduğumu öyrənəndə elə zənn edirlər ki, qazancımız çoxdur. Amma yenə də şükür, mən Prezidentimizdən razıyam. Aylıq qazancımız da artıb, lakin belə baxanda hər hansısa bir gənc aktyorla mənim maaşım eynidir. Olsun, amma mənim fikrimcə, xalq artisti, əməkdar artist və yeni aktyorların qazancları fərqlənməlidir. Sənəti sevmək lazımdır, ona dırnaqarası yanaşmaq lazım deyil. Əgər sənətə bu şəkildə gəlib hansısa istedadlı artistin yerini tutacaqsansa, bu, lazım deyil. Süpürgəçi obrazı, kisəçi obrazları da istisna edilməməlidir, bunları da peşəkarcasına oynamaq lazımdır. Mən o süpürgəçinin çəkdiyi əziyyəti əks elətdirə bilməliyəm.

- Hal-hazırda pandemiya ilə əlaqədar teatrlar fəaliyyətini dayandırıb. Teatr üçün darıxırsınız?

- O gün səngərə getmişdik. İnanın, qayıdanda teatrın qapısını, divarını öpdüm. Mən əvvəllər bütün gün teatrda olurdum, bilmirəm, məlumatlısınız, ya yox, Yeni il şənliklərində, Novruz bayramlarında daim seanslarda oynayırdım. İndi hər gün dua edirəm ki, bu bəlalar tezliklə aradan qalxsın.

- Bu pandemiyanın hər nə qədər mənfi cəhətləri olsa da, müsbət cəhətləri də var. Xüsusilə də sənət adamları üçün. Onlar üçün bu, mövzudur, emosional bazadır. Bu baxımdan pandemiyadan bəhrələnə bildiniz və ya öz-özünüzlə tək qalıb yeni rollar işləyə bildinizmi? Sizin üçün müsbət cəhəti oldumu?

- Pandemiya dövründə Oksana xanımla birgə 24 seriyalıq “Yalan həqiqət” serialına çəkildik. Mən Oksana xanımın qaynanası rolunu oynayıram. Maraqlı mövzudur. Mən həmişə hər şeyi buraxıram tamaşaçının özünə, mən inanıram ki, yaxşı serial olacaq. Pandemiya dövründə o qədər problem yaranırdı ki... Bu dövr mənə elə gəlir ki, soyuqluğa səbəb olur axı.

- Axı sənət adamı üçün soyuqluq da mövzudur.

- Ümumiyətlə, teatr insanları ilə artıq, demək olar, ancaq yas mərasimlərində qarşılaşırıq. Yayda isə belə deyildi, nisbətən ara-sıra görüşüb yığışırdıq. Bu yaxınlarda eşitdim, Ramiz Novruzov, deyəsən, bir az rahatsızlanıb. Rəşid Səməndər intihar edib. Eşitdim, Səfurə İbrahimova huşsuz halda tapılıb. Mən o cür sənətkarın qarşısında baş əyirəm. Mən, əlimdə olsa, indi gedərdim, ziyarət edərdim. Mən elə bir insanam ki, heç kəsə pis gün arzulamıram və həmişə çalışıram ki, dar günlərində adamların yanında olum.

- Pandemiyadan əvvəl repertuarınızda hansı tamaşalar var idi?

- “Manqurt”, “Yaşar”, ”Ah, bu uzun sevda”, “Yeni il şənlikləri” var idi. Lakin ən çox Gürcüstanda qalibiyyət qazanan Nayman ana obrazını sevirəm. Qırğızıstanda 600 nəfərlik zalın dolması, o qalibiyyət hər kəsə nəsib olmur.

- Son zamanlar efirlərdə görünmürsünüz. Buna səbəb nədir?

- Məni bu müharibə başlayandan dəfələrlə çağırıblar efirə, lakin getmirdim. Əsasən şəhidlərə görə getmirdim efirlərə, əlimi atıb bəzənməyə həvəsim də yoxdur. Çoxu reklam xatirinə efirə çıxır. Amma kimin nə etdiyini hamı görür.

- Söhbət üçün təşəkkür edirik, Mehriban xanım.